Modern.az

Avtomobili olan xanım jurnalistlər: “Qadınlar maşını kişilərdən daha səliqəli sürürlər”

Avtomobili olan xanım jurnalistlər: “Qadınlar maşını kişilərdən daha səliqəli sürürlər”

Media

28 Dekabr 2010, 13:55

Modern.az saytı şəxsi avtomobili olan kişi jurnalistlərin iştirakı ilə bir neçə dəfə müxtəlif mövzularda sorğular keçirib və bu istiqamətdə hazırladığımız yazılar KİV nümayəndələri tərəfindən maraqla qarşılanıb. Qərara aldıq ki, bu dəfə xanım jurnalist sürücülərlə də söhbətləşək.
Əməkdaşımız avtomobili olan bir neçə xanım jurnalistlə əlaqə saxlayaraq onların sürücülük vərdişləri, yol polisləri ilə olan münasibətləri ilə maraqlanıb.

“Yol polisləri uzun müddətdir ki, məni saxlamırlar…”

İlk müsahibimiz “Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Baxşəliyeva bildirib ki, 1998-ci ildən şəxsi maşını var.
“Amma mənim sürücüm var, özüm isə çox az hallarda maşın sürürəm. Avtomobili idarə etmək əlbəttə çətindir. O qədər gənc sürücülər var ki, yolda qayda-qanunlara riayət etmir. Bəzən tıxacda gərgin vəziyyətdə saatlarla qalmaq məcburiyyətində olursan. Cavan sürücülər isə həmin tıxac olan yerə gələndə vəziyyəti dərk eləmir, yerli-yersiz siqnal verirlər. Belə halda isə maşın sürmək doğurdan da çətindir. Buna görə bir tərəfdən sevinirəm ki, çox zaman özüm maşın idarə etmirəm. Maşını yalnız özüm sürsəydim yəqin ki, dəli olardım”.
Xoşqədəm xanım bildirib ki, əvvələr qadınların maşın sürməsi kişilərdə təəccüb yaratsa da, indi bu hiss edilmir.
”Sürücü kişilər qadın sürücü gördükdə özlərini göstərmək üçünmü, ya da hansısa halda önə çıxmaq üçün görürdün avtomobili sürətlə sürür və xanım sürücülərə bu yolla sataşmaq meyyləri olsa da indi bunu etmirlər. İndiki zamanda hətta kəndlərdə də maşın sürən xanımlara rast gəlirsən. Bu gün artıq yollarda kişi sürücülərin qadın sürücülərə maneçiliyi ilə bağlı problemlərlə rastlaşmırıq. Sadəcə, gənc sürücülər maneçilik törədir. Mən belələrindən bir az qorxuram, görürəm ki, sürücülüyü yeni-yeni yolda öyrənirlər. Yoxsa xanım sürücülərə başqa mane olanlarla rastlaşmamışam”.
Xoşqədəm Baxşəliyeva maşın sürərkən yol hərəkəti qaydalarına düzgün riayət etməyə çalışdığını vurğulayıb. “Yol polisi də uzun müddətdir məni saxlamır. Yəqin qayda-qanunlara ciddi riayət etdiyim üçün saxlamırlar”.

“Yol polisləri hər zaman xanım sürücülərə kömək etməyə çalışırlar…”

“Səs” İnformasiya Agentliyinin əməkdaşı Vüsalə Rafiqqızı bildirib ki, iki ildir şəxsi avtomobildən istifadə edir.
“Adətən deyirlər ki, qadınlar kişilərə nisbətən maşın sürməyi daha çətin götürürlər. Məndə də əvvəl elə problem oldu. Bir az çətin uyğunlaşdım. Amma idarəetməni biləndə maşınla dostlaşırsan və yolda heç bir problem olmur. Bəzən bizim “mədəni centlmenlərimiz” olur ki, yol verməmələri bəs deyilmiş kimi, bilərəkdən ya siqnal verirlər, ya da sıxlıq olan yerdə müəyyən problemlər yaradırlar. Kişi sürücülər arasında mədəni davrananlar, yol verənlər, belə deyək doğurdan da centlemenlik edənlər də var”.
Vüsalə xanım hərdən pozuntulara yol versə də yol hərəkəti qaydalarına düzgün riayət etməyə çalışdığını deyir: “Bir-iki dəfə bilməyərək qayda pozuntusuna yol vermişəm. Amma çalışıram ki, hər zaman qaydalara riayət edim, çünki paytaxtda maşın həddindən  artıq çoxdur. Hansısa qaydanı pozmaq təkcə o insanın özü və ya maşını üçün problem deyil, səndən başqa da yolda maşın sürən insanlar var, onlara da xətər dəyər. Ona görə çalışıram ki, maksimum dərəcədə qaydalara riayət edim”.
Vüsalə Rafiqqızı yol polislərinin fəaliyyətindən razı qaldığını da vurğulayıb.
“Yol polislərinə təşəkkür edirəm. Çünki onların fəaliyyəti olmasaydı, nəqliyyat iflic vəziyyətində olardı. Bizdə, xüsusilə paytaxtda avtomobillərin sayı çoxdur. Ümumiyyətlə, müəyyən, hətta xırda problemlər yarananda, hansısa yolda sıxlıq olanda, keçmək mümkün olmayanda yol polisləri çalışırlar ki, orda xanım sürücülərə daha rahat şəkildə kömək eləsinlər”.
Sonda həmkarımız heç vaxt yol polisləri tərəfindən saxlanılmadığını deyib.

“Yol polisi məni saxlamaq istəyib, amma qadın olduğumu bilib saxlamayıb…”

İctimai Televiziyanın əməkdaşı Esmira Namiqqızı  2001-ci ildən maşını olduğunu və onu idarə etməyin elə də çətin olmadığını bildirib.
“İlk vaxtlar maşın sürəndə hamı diqqətlə baxırdı. Amma indi qadın sürücülərin sayı çoxaldığı üçün belə əhəmiyyət verən yoxdur”.
Onun sözlərinə görə, əvvəllər kişi sürücülər hərəkətə mane olurdu, amma indi bu müşayiət olunmur.
“Maraqlı bir cəhət var ki, indi mən də  qabaqda gedən maşının düzgün sürülmədiyini görəndə, naşılığı bilinəndə dərhal fikirləşirəm ki, bu xanımdır, ona görə maşını belə pis sürür. Yaxınlaşıb görürəm ki, doğurdan da xanımdır”.
Esmira xanım deyir ki, yalnız sürət həddini aşdığı zaman yol hərəkəti qaydalarını pozub. “Mütləq yol hərəkəti qaydalarına riayət edirəm. Pozuntu halları isə yalnız sürət həddini aşmaq olur”.
E.Namiqqızı deyir ki, yol polisləri qadın sürücülərə çox hörmət edirlər. “Nöqsanım olanda yol polisi məni də saxlayır, amma bu çox az hallarda olur. Axırıncı dəfə isə yol polisi iki ay əvvəl məni əlindəki işarə çubuğunu qaldıraraq saxlamaq istəyirdi, amma  gördü ki, maşını sürən xanımdı, əlini tez aşağa saldı. Hətta yol polisinin rəhbərliyində məndən soruşublar ki, sizə ptrotokol yazılıbmı? Deyirəm yox heç həyatımda olmayıb”.

“Yol polisləri xanımlara qarşı daha tolerant yanaşırlar…”

APA-nın baş direktoru Vüsalə Mahirqızının 2001-ci ildən avtomobili var, amma onu özü idarə etmir.
“Həmişə sürücüm olub. Maşının necə idarə olunduğu barədə məlumatım var, hətta idarə etməyi də bilirəm. Sadəcə, bir dəfə sürərkən ciddi qəza törətmişəm, ondan sonra başa düşmüşəm ki, bu iş bir az mənlik deyil. Qəzada maşını divara vurmuşdum, ona görə daha maşın sürmürəm.
Arada bir həvəslənirəm ki, yenidən maşın sürüm. İnsan sərbəst hərəkət etmək, xüsusən bazar günləri alış-verişə, salonlara və s. yerə sərbəst getmək istəyir. O vaxt həvəslənirəm ki, özüm sərbəst maşın sürməyi öyrənim. Amma hələki belə bir şey etməmişəm, müstəqil maşın sürüb harasa getməmişəm. Hər zaman sürücü ilə oluram”.
Vüsalə xanım maşın sürmədiyinə görə və ya ümumiyyətlə, indiyə qədər heç vaxt xanım sürücünün yanında oturub yol getmədiyinə görə yol polisinin xanım sürücülərə münasibəti barədə xəbərsiz olduğunu qeyd edib.
“Kənar müşahidələrlə deyə bilərəm ki, yol polisləri xanımlara qarşı daha tolerant yanaşırlar və çalışırlar ki, onların günahlarından daha tez keçsinlər. Mən hesab edirəm ki, sürücülük nəticədə çox ciddi bir işdir, burda söhbət həm özünün, həm də başqalarının həyatının təhlükəsizliyindən gedir . Bunu düşünüb maşına oturan adam başa düşməlidir ki, o qanun qarşısında cavab verir. Bizdə qanun kişilərə və ya qadınlara görə yazılmayıb, ona görə qanun nə tələb edirsə, məncə o ölçü də götürülməlidir. Hansısa qadın və ya kişi inciməməlidir”.

“Yol polisləri saxlayanda, çalışmışam jurnalist adından istifadə etməyim…”

2008- ci ildən şəxsi avtomobili olan ANS televiziyasının əməkdaşı Afət Telmanqızı onu idarə etməyin elə də çətin olmadığını bildirib.
“Əvvəllər sürərkən  bir az həyacanlanırdım, amma bu sonra keçib getdi. Yol hərəkəti qaydalarına riayət etməyə çalışıram, amma nadir hallarda bilmədən pozuntulara yol verirəm. Bu da harasa tələsdiyim zaman baş verir. Amma özüm istəyirəm ki, hər kəs bu qaydalara riayət etsin, çünki özüm yol hərəkəti qaydalarına riayət etməyəni görəndə, qəfildən qaydanı pozub mənim üstümə gələn maşın olanda çox əsəbləşirəm. Ona görə də istəmirəm ki, qaydaları pozaraq başqalarını əsəbləşdirim”.
Afət xanım yollarda kişi sürücülərin ona mane olmadığını qeyd edib.
“Maşın sürərkən çalışıram ki, ancaq düz qabağa-yola baxım,  kiməsə maneçilik törətməyim və ya qəza şəraiti yaratmayım. Sükan arxasına əyləşərkən özümdən asılı olmadan ətraf aləmdən tamam təcrid oluram. Maşında oturan adam əgər mənlə danışmasa, onu belə unuduram. Həmişə təcrid olunmuş vəziyyətdə olduğumdan ətrafımı görmürəm və  maşını rahat idarə edirəm”.
Artıq iki ildən çoxdur ki, maşın sürdüyünü bildirən həmkarımız yol hərəkəti qaydalarını nadir hallarda pozduğunu deyib:
“Qaydaları pozduğum zamanlarda yol polisləri sürücülük vəsiqəmi alıb, cərimələyiblər, mən də  onu ödəmişəm. Ümumiyyətlə, yol polisləri tərəfindən saxlınldığım və ya cəzlandırıldığım zaman çalışmışam ki, heç vaxt jurnalist adından istifadə etməyim. Qaydanı pozmuşamsa, hökmən cəriməsini ödəyirəm. İki illlik sürücüıük müddətində iki-üç dəfə saxlanılmışam. Yol polisləri məni heç vaxt nahaq yerə saxlamayıblar.
Axırıncı dəfə yol polisi məni 2010-cu il iyul ayının 29-da saxlayıb. “Azneft” meydanından Əhmədliyə gedən istiqamətdə qarşıdan gələn maşına yol verməyib, sürətlə keçərkən yol polisi məni saxlayıb cərimələdi. Mən də avqust ayında gedib cəriməmi ödədim, vəsiqəmi götürdüm”.
A.Telmanqızı bildirib ki, maşını aldığı ilk gündən qəzaya düşüb.
“Hadisə belə olub: özüm bilmədən maşını geriyə verəndə arxasını divara vurdum. İlk qəzamı özüm öz maşınımda törətmişəm. Nəticədə maşının arxa tərəfi əzildi və arxa işıq şüşələri sındı. Həmin an çox pis olmuşdum, indiyə kimi yadımdadır ki, qəzanı evimizin qabağında törətmişdim, dayanıb hönkür-hönkür ağlayırdım”.
Afət Telmanqızınının sözlərinə görə, yol polisinin onu saxladığı və tanıdığı zamanlar bir-iki dəfə olub.
“Saxlayiblar, soruşublar ki, niyə qaydanı pozursuz? Belə hal əsasən sürət həddinid aşanda baş verib. Saxlayıb, deyiblər ki, qadınsan, öz təhlükəszlin üçün çalış sürətli sürmə. Onda mən də nə cərimə olunmuşam, nə də sürücülük vəsiqəmi alıblar”.

“Qadınların kişilərdən bahalı maşın sürməsi onları qıcıqlandırmaya bilməz…”

ANS televiziyasının əməkdaşı Sevinc Osmanqızı sürücülük vəsiqəsini aldığı ilk gündən - 2000-ci ildən maşın sürməyə başladığını bildirib.
“Maşını idarə etmək çətin olsaydı, yəqin indiyədək onu sürməzdim. Hər halda beyin cərrahlarının sayı daha azdır. Əlbəttə, bu da bir bacarıqdır. Oxumağı, yazmağı, kompüterdə işləməyi, əcnəbi dildə danışmağı və digər onlarla yeni təcrübəni necə öyrəniriksə, bu da elədir. Sadəcə, qarşısına məqsəd qoyur və öyrənirsən. Heç bir çətinliyi yoxdur. Qadının maşını sürməyi bacarması, məncə, xüsusilə vacibdir. Bu, gündəlik tələbat məsələsidir. Həm də yaşa dolduqca, bu tələbat daha da artır. Odur ki, hesab edirəm ki, hər bir qadın maşın sürməyi heç olmazsa bacarmalıdır”.
S.Osmanqızının fikrincə, kişi sürücülər üçün sükan arxasında qadın görmək qeyri-adidir.
“Axı, sürücülük ənənəvi olaraq, onların “sahəsi” hesab olunub. Qadınların bu sahəyə də müdaxilə etməsi, onlar kimi və onlardan çox vaxt daha bahalı maşın sürmələri kişiləri qıcıqlandırmaya bilməz. Bu, təbiidir və qadınlar buna normal yanaşmalıdırlar. Ona görə kişilər qadınların maşın sürə bilməmələri, çox pis sürücü olmaları barədə olmazın təmsillər uydururlar. Buna gülməmək olmur. Əslində isə statistika bunun əksini göstərir. Yol qəzaları törədənlər kişilərdir. Özü də araşdırmalar göstərir ki, ən çox da 70-90 min km-i haqlamış “təcrübəli” kişi sürücülər. Ola bilsin bu, onların gecə-gündüz yollarda keçirdikləri tıxaclardan sonra yaranan özünəarxayınlıq hissindəndir. Qadın sürücülər səliqəli və deməli, təhlükəsiz sürürlər. Bəli, bəzən bu,  kişi sürücülərimizi hövsələdən çıxaracaq qədər asta ola bilir, amma bu, onların öz işidir. Xoşbəxt adamlar saatı izləmirlər”.
Sevinc xanım 10 illik srürücülük təcrübəsi müddətində hələ maşınının qəzaya düşmədiyini bildirib.
“Bir neçə ay bundan əvvəl mağazadan çıxanda gördüm ki, maşınımı aparıblar. Çox ədəb-ərkanla, problemsiz məsələ həll olundu. Dediyim kimi, qadınlar səliqəli sürürlər. Dürüst olana isə problem yaratmaq da çətindir”.

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi