Dekabrın 29-da “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdimat mərasimi keçirilib.
Mükafat Prezident İlham Əliyevə təqdim edildikdən sonra ölkə başçısı nitq söyləyib. İlham Əliyev bu mükafatın təqdimatını həyatının ən əlamətdar günlərindən biri kimi səciyyələndirib və onu bu mükafata layiq görənlərə təşəkkürünü bildirdi: “Bundan sonra da çalışacağam ki, Azərbaycanda azad, müstəqil mətbuatın inkişafı üçün fəaliyyətimi davam etdirəm və demokratik islahatların aparılmasında hər zaman fəal olam”.
Prezident qeyd edib ki, Azərbaycanda hazırda hüquqi dövlət quruculuğunda xüsusi rola malik olan mətbuat və söz azadlığının bərqərar olması üçün ölkədə kompleks tədbirlər davam etdirilir. “Azərbaycanda azad mətbuatsız hüquqi dövləti təsəvvür etmək mümkün deyildir”, - deyən dövlət başçısı mətbuatın inkişafı prosesinin ölkədə uğurla davam etdiyini bildirib.
Ölkədə demokratiyanın inkişafı istiqamətində mətbuat azadlığının böyük rol oynadığını deyən Prezident İlham Əliyev müstəqilliyimizin 20 ili ərzində Azərbaycanda güclü, müstəqil mətbuatın formalaşdığını da diqqətə çatdırıb. Bu məsələdə jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirən dövlət başçısı ölkədə gedən inkişaf proseslərindən də danışıb, Azərbaycanın uğurlu tərəqqisinin artıq reallıq olduğunu deyibi. Hazırda ölkəmizin informasiya müharibəsi şəraitində yaşadığını, dünyadakı erməni lobbisinin Azərbayacana qarşı informasiya müharibəsi apardığını vurğulayıb. "Biz internet, qloballaşma dövrdə yaşayırıq və bütün müasir imkanlardan maksimum dərəcədə istifadə etməliyik. Onu da qeyd etməliyəm ki, Azərbaycanla bağlı olan bəzi informasiyalar, biz onu yaxşı bilirik, həqiqətə uyğun deyil. Azərbaycana qarşı böhtan, iftira kampaniyası aparılır. Bunun da səbəbi var və burda əlbəttə ki, təkcə erməni lobbisindən söhbət getmir. Bu kampaniyanın arxasında onların qulaqları görünür. Biz bilirik ki, kim nə üçün, nəyi, hansı məqsədlə və nə vaxt yazır. Əgər ölkəmizin həyatında və ətrafda gedən proseslərə nəzər salsaq, görərik ki, artıq Azərbaycanla bağlı olan mənfi məlumat bölgədə gedən müəyyən vacib hadisələrlə uzlaşır. Bunu biz bilirik və buna qarşı mübarizə aparmalıyıq. Qeyd etməliyəm ki, Azərbaycana qarşı böhtan kampaniyasının aparılmasının da əsas səbəbi ondan ibarətdir ki, bizim ölkəmiz müstəqil siyasət aparır, heç kimin qarşısında baş əymir, heç kimin sözü ilə oturub-durmur, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutur. Əlbəttə ki, elə dairələr var ki, bizim belə açıq hərəkətlərimiz onların xoşuna gəlmir, ölkə daxilində əllərində rıçaqların olmaması onları bu çirkin yola getməyə sövq edir. Ancaq buna gərək soyuqqanlı yanaşaq. Bu, müasir, siyasi mübarizənin üsuludur. Emosiyaya qapılmamalıyıq, ancaq öz yolumuzdan da dönməyəcəyik və bütün bu böhtançı qüvvələrə ən yaxşı cavabımız öz strateji xəttimizə sədaqətimzidir. Azərbaycan bu yoldan dönməyəcək, Azərbaycana təzyiq etmək mümkün deyil, bütün təzyiq cəhdləri uğursuzluqla nəticələndi. Nə qədər təzyiq cəhdləri göstərilirsə, o qədər də biz mətin oluruq, dönməz, əyilməz və inadkar oluruq. Azərbaycanın gələcəyi onun xalqının əlindədir. Azərbaycan xalqının iradəsi hər şeydən üstündür və biz hamımız çalışmalıyıq ki, ölkəmizi qoruyaq".. Prezident qeyd edib ki, Azərbaycan artıq informasiya müahribəsində irəlidədir. Dövlət başçısı deyib ki, bunu ermənilərin son vaxtlar isterik hərəkətləri də sübut edir. “Biz hücum diplomatiyası aparırıq”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, vaxt keçdikcə bu sahədə uğurlar daha çox olacaq. Dövlət başçısı jurnalist peşəsinin çətin və məsuliyyətli olduğunu deyərək gələcəkdə də media işçilərinin sosial problemlərinin həlli istiqamətində mühüm addımların atılacağını diqqətə çatdırıb. Bildirib ki, 2010-cu ildə bu sahədə həyata keçirilən tədbirlər növbəti illərdə də davam etdiriləcək. Bu işdən məqsəd jurnalistlərin sosial problemlərinin həllinə yardımçı olmaqdır. Ölkə başçısı
Azərbaycan dövlətinin bundan sonra da mediaya öz dəstəyini davam etdirəcəyini deyib. Jurnalistlərin fəaliyyətindən danışarkən İlham Əliyev ədalətli tənqidin tərəfdarı olduğunu da bildirib: "Ədalətli tənqid hər bir hökumət, iqtidar üçün çox vacibdir. Biz əlbəttə ki, vəziyyətə nəzarət edirik və bilirik ki, ölkədə nələr baş verir. Amma elə sahələr var ki, onlar diqqətdən yayınır və burada mətbuatın rolu həlledici olmalıdır və mən bu rolu qiymətləndirirəm. Ədalətli, lazımlı tənqidə dözümlüyəm. Böhtan, iftira, təhqirlər, bunlar yolverilməzdir. Qeyd etməliyəm ki, son illərdə Azərbaycan cəmiyyətində və mətbuatda bu cəhdlər azalır. Əminəm ki, getdikcə bu, özünü daha da qabarıq şəkildə göstərəcək və Azərbaycanda bütün mübarizə qaydaları mədəni, sivil əsaslar üzərində qurulacaq. Bu gün mən qeyd etməliyəm ki, jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir. Mən sözün düzü bu mükafatı gözləmirdim və sadəcə olaraq çalışırdım ki, öz fəaliyyətimlə ölkəmizin inkişafı üçün bu vacib sahədə öz dəstəyimi verim. Mən bilirəm ki, jurnalistlərin məişət, mənzil problemləri var, jurnalistlər biznesmen deyillər ki, özləri üçün bu şəraiti yarada bilsinlər. Jurnalistlər üçün evlərin tikintisi təşəbbüsünü irəli sürəndə, bunu təmənnasız edirdim. Çünki bilirdim ki, bu, lazımdır. Mən jurnalistlərin işini yüksək qiymətləndirirəm, bu, çox çətin işdir, bu işlərdə bəzən jurnalistlər haqsızlıqlarla, təzyiqlərlə üzləşirlər. Ona görə də jurnalistlərin sosial, məişət problemləri öz həllini tapmalıdır və bu il imzaladığım sərəncam və Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait sadəcə olaraq birinci addımdır. Bununla biz öz işimizi bitmiş hesab etmirik. Gələcəkdə buna bənzər tamamilə təmənnasız addımlar atılacaq. Mən o vaxt da jurnalistlər ictimaiyyətinə müraciət etdim və öz fikrimi söylədim ki, bu mənzillər bölünəndə medianın bütün istiqamətləri, düşərgələri bəhrələnə bilsinlər. Burada ayrıseçkilik olmamalıdır və ədalət prinsipi əsas olmalıdır. Bir daha demək istəyirəm ki, aldığım mükafatdan asılı olmayaraq, bundan sonra da çalışacağam ki, Azərbaycanda bu sahədə daha da böyük addımlar atılsın. Azərbaycan dövləti öz dəstəyini göstərsin. Azərbaycanda müasir jurnalsitikanın formalaşması işində Azərbaycan dövləti və mən prezident kimi öz səylərimi əsirgəməyəcəm. Sizi əmin etmək istəyirəm ki, gələcəkdə öz fəaliyyətimlə bundan sonra da Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət edəcəm".
Modern.az