Modern.az

“Onlar elə bilirdi ki, Azərbaycan əsgəri torpaqlarını azad etmək gücündə deyil” – MÜSAHİBƏ

“Onlar elə bilirdi ki, Azərbaycan əsgəri torpaqlarını azad etmək gücündə deyil” – MÜSAHİBƏ

15 Aprel 2016, 08:15

Müsahibimiz Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədovdur

 

 

- Əli müəllim, aprelin ilk günlərində Azərbaycan Ordusu erməni təxribatlarının qarşısını layiqincə alaraq güclü hərbi əməliyyatlar apardı. Azərbaycan Prezidentinin ABŞ-a uğurlu səfəri fonunda ermənilərin bu təxribatını məqsədyönlü və düşünülmüş hesab etmək olarmı? 

- Azərbaycan xalqı artıq 28 ildir ki Ermənistanın işğalçı siyasəti ilə üz-üzədir. 1988-ci ildən erməni separatizminin baş qaldırması ilə əsası qoyulan bu siyasət SSRİ-nin dağılması ilə yeni fazaya qədəm qoydu və erməni hərbi birləşmələri xarici ölkələrdən aldıqları hərbi və siyasi dəstəklə torpaqlarımızın bir hissəsini işğal etdilər. Bütün dünyanın gözü qarşısında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı cəmiyyətimizin ovqatına istər-istəməz təsir edir. Digər tərəfdən, 1994-cü ildə atəşkəs razılaşmasından sonra respublikamız ədaləti bərpa etmək, torpaqlarını işğaldan azad etmək üçün çox ciddi addımlar atıb. Münaqişənin dinc yolla həll edilməsi üçün diplomatik səylərin davam etdirilməsi ilə yanaşı ordu quruculuğunun daim diqqət mərkəzində saxlanılması, bu istiqamətdə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi Dağlıq Qarabağ probleminin Azərbaycanın pozulmuş hüquqlarının bərpa olunması şərtləri daxilində aradan qaldırılması üçün ümidverici fon yaradır.

Bütün bunlar dəfələrlə müşahidə etdiyimiz kimi, Ermənistanın qıcıqlarına səbəb olur. İstər danışıqlar prosesində Azərbaycanın milli maraqlarına uyğun gələn irəliləyişlərin müşahidə edilməsi zamanı, istərsə də Azərbaycanın bu və digər sferalarda, beynəlxalq sahədə, regional siyasətdə uğurlar qazanması dövrlərində ermənilər tərəfindən cəbhədə müəyyən təxribatlar törədilib. Dəfələrlə belə halların şahidi olmuşuq. Lakin məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, ermənilər tərəfindən törədilən belə təxribatların qarşısı hər dəfə qətiyyətlə alınıb və düşmənə layiqli cavab verilib. 
Azərbaycanın beynəlxalq münasibətlər sahəsində uğurları, sizin də qeyd etdiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri, çox faydalı görüşlər keçirməsi, respublikamızın dünya siyasətindəki rolunun ABŞ-ın siyasi rəhbərliyi və siyasətçiləri tərəfindən birmənalı şəkildə etiraf edilməsi və qiymətləndirilməsi, Amerika-Azərbaycan münasibətlərində irəliləyişlərin aydın şəkildə özünü göstərməsi və s. məcmu halda ölkəmizin həyata keçirdiyi xarici siyasətin uğurlarını ifadə edir. Sirr deyil ki, bu səfər Ermənistan tərəfində müəyyən qıcıqların yaranmasına təkan verib. Ona görə istisna deyil ki, erməni hərbi birləşmələri, ilk növbədə Ermənistanın siyasi rəhbərliyi ənənəsinə sadiq qalaraq cəbhə bölgəsində təxribatlar törətməklə Azərbaycan Prezidentinin və bütövlükdə diplomatiyamızın uğurlarının üzərinə kölgə salmağa cəhd göstəriblər. Bu mənada, hər şeydən əvvəl, cəbhə bölgəsində Prezident İlham Əliyevin ABŞ-a səfəri dövrünə təsadüf edən təxribatların səbəbləri içərisində belə bir amilin olduğunu qeyd etməyi zəruri sayıram. Bunu istisna etmək mümkün deyil. Qeyd etdiyim kimi, bu, dəfələrlə müşahidə olunan, artıq bir növ adətə çevrilən bir haldır və erməni tərəfi növbəti dəfə də bu adətinə “xilaf çıxmadı”.  Aydındır ki, cəbhə bölgəsində, qoşunların təmas xəttində belə gərginliklərin, toqquşmaların baş verməsinin başlıca səbəbləri Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, uğurlarımızdan qıcıqlanaraq təxribatlar törətməsi və danışıqlar prosesində destruktivlik nümayiş etdirməsidir. 

Bunun qarşısının alınması üçün əsas şərt isə Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunmasıdır. Dünya birliyinin, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün müəyyən səylər ortaya qoymalarına baxmayaraq indiyədək bunlar müsbət nəticəsini verməyib. Çünki Ermənistan beynəlxalq təşkilatların - BMT-nin, Avropa Şurasının Azərbaycan torpaqlarının işğaldan azad olunması tələbinə məhəl qoymur. Təəssüf ki, beynəlxalq ictimaiyyət, dünya siyasətində çəkisi olan dövlətlər, təşkilatlar buna laqeyd münasibət göstərir, ən yaxşı halda ikili standartlardan çıxış edirlər.

Eyni sözləri ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə də bağlı demək olar. Mən bununla əlaqədar Azərbaycan cəmiyyətində mövcud olan yanaşmalara toxunmaq istəyirəm. Bunlardan biri ondan ibarətdir ki, həqiqətən Minsk qrupu münaqişənin nizama salınması üçün səylər göstərir. Bunu etiraf etmək lazımdır. Eyni zamanda biz Azərbaycan cəmiyyətinin Minsk qrupunun fəaliyyətinə kifayət qədər tənqidi münasibətini də nəzərə alırıq. Minsk qrupu problemin həllinə çalışır, amma 20 ildən artıqdır fəaliyyət göstərən bu format müsbət nəticəyə gətirib çıxarmayıb. Bu da təbii ki, ölkəmizdə istər-istəməz Minsk qrupunun fəaliyyəti ilə əlaqədar narazılığın meydana gəlməsinə səbəb olub. 
Hesab edirəm ki, cəbhə bölgəsində bu və digər səbəblərlə əlaqədar olaraq Ermənistan tərəfindən törədilən təxribatlar, gərginliyin baş qaldırması, genişmiqyaslı müharibə təhlükəsinin aydın şəkildə özünü göstərməsi yəqin ki, Minsk qrupunun fəaliyyətinin daha da canlanmasına, münaqişənin ədalətli şəkildə aradan qaldırılması üçün səylərini artırmasına təkan verəcək. Ən azından Azərbaycan tərəfi bunu arzulayır. 

Nə qədər ki münaqişə həll olunmayıb, Azərbaycanın istər hərbi cəhətdən, istər siyasi cəhətdən, istərsə də diplomatik cəhətdən mövqelərinin möhkəmləndiyini gördükcə, bu və digər sahələrdə uğurlarına şahid olduqca Ermənistan tərəfində təxribatlar törətmək niyyətləri baş qaldıracaq. Təxribatların olması isə cəbhə bölgəsində sabitliyin pozulması, genişmiqyaslı müharibənin yaranması təhlükəsini yaradır. Ona görə dünya birliyi nəhayət ki, Dağlıq Qarabağ probleminin ədalətli şəkildə həlli üçün ciddi şəkildə düşünməlidir. Əgər indiyədək olduğu kimi, bundan sonra da biganəlik müşahidə olunacaqsa və ikili standartlar davam edəcəksə Azərbaycanın uğurları qarşısında ermənilər növbəti təxribatlara əl atacaqlar. Bütün bunlar isə nəticə etibarilə münaqişə zonasında daha ciddi hadisələrin baş verməsinə gətirib çıxaracaq.

- Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək işğal altında olan bir sıra ərazilərimizi azad etdi. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti, hərbçilərimizin rəşadəti sizdə hansı təəssüratlar yaratdı?

- Hər şeydən əvvəl onu qeyd etmək istəyirəm ki, Azərbaycan xalqının işğal altında olan torpaqlarını azad etmək hüququ var. Bu hüquqdan xalqımız və dövlətimiz lazım gələndə istifadə edəcək. O ki qaldı aprelin əvvəllərində baş verən döyüşlərdə Azərbaycan Ordusunun qazandığı qələbəyə və bunun bizə məlum olan nəticələrinə, əlbəttə ki, bu uğurlar bizi sevindirir. Çünki gələcəkdə münaqişənin nizama salınması üçün bütün vasitələr və imkanlar tükənsə və Azərbaycan öz torpaqlarını azad etmək üçün təbii hüququndan istifadə edib güc vasitəsinə əl atmaq məcburiyyətində qalsa, bir neçə gün əvvəl azad edilən strateji mövqelər və yüksəkliklər ordumuza əlavə üstünlüklər verəcək. Bu mənada Azərbaycan Ordusu növbəti uğurlarını qazanması üçün çox mühüm imkanlar əldə edib. 

Ötən illərdə Azərbaycan iqtisadi və sosial sferada və digər sahələrdə olduğu kimi, ordu sahəsində də çox ciddi uğurlar əldə edib. Azərbaycan Ordusu ən müasir döyüş texnikaları və silah-sursatlarla təchiz edilib. Bu illərdə döyüş qabiliyyətinin artırılması üçün bütün qoşun növlərinin iştirakı ilə çoxsaylı hərbi təlimlər keçirilib. Beləliklə də haqlı olaraq Azərbaycanın sözün həqiqi mənasında çox güclü orduya malik olması haqda müxtəlif səviyyələrdə fikirlər səsləndirilir. Bu, bizim subyektiv fikirlərimiz deyil, bütövlükdə beynəlxalq hərbi ekspertlərin gəldiyi rəylərdən ibarət olan qənaətdir. Azərbaycan Ordusu, sözün əsl mənasında güclü və yüksək döyüş qabiliyyətinə malik hərbi gücə çevrilib. Bu ordu torpaqlarımızı işğaldan azad etmək, ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli və məsuliyyətli vəzifəni yerinə yetirmək üçün bütün imkanlara malikdir. 
Biz ötən 22 ildə problemin sülh yolu ilə, dinc vasitələrlə, diplomatik yollarla həll edilməsinə üstünlük vermişik. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca istiqaməti Dağlıq Qarabağ münaqişəsinin qan tökülmədən, dinc vasitələrlə həll edilməsinə nail olmaqdır.

Təbii ki, bu xətti yeridərkən ölkəmizin rəhbərliyinin və Azərbaycan cəmiyyətinin prinsipial mövqeyi bundan ibarətdir ki, ərazilərimizin işğal altında saxlanılması və yaxud torpaqlarımızın hansısa bir hissəsinin Azərbaycandan ayrılması aparılan danışıqların predmeti ola bilməz və gələcəkdə də olmayacaq. Demək, Azərbaycanın münaqişənin nəticələrinin dinc vasitələrlə aradan qaldırılmasından ibarət seçdiyi xəttin əsas qayəsi və əsas hədəfi işğal altında olan torpaqlarımızın qeyd-şərtsiz azad edilməsidir. Ölkəmiz bu xətti ona görə həyata keçirir ki, qan tökülməsin, insanlarımız həlak olmasın, dağıntılara yol verilməsin. İstənilən müharibə, - istər genişmiqyaslı olsun, istər lokal, - insan tələfatı olmadan, dağıntılarsız ötüşə bilməz. İtkilərsiz müharibə olmur. Bu mənada Azərbaycanın həyata keçirdiyi siyasət münaqişənin əgər mümkün olarsa, dinc yollarla həllinə nail olmaqdan ibarətdir. 

Lakin Ermənistan rəhbərliyi münaqişənin dinc yollarla həll olunması istiqamətində ölkəmizin səylərinə adekvat cavab vermir. Nəinki Azərbaycanın səylərinə, əvvəl qeyd etdiyim kimi, beynəlxalq təşkilatların da bu istiqamətdəki çağırışlarını qulaqardına vurur. Beləliklə, reallıq ondan ibarətdir ki, Azərbaycanın torpaqlarının işğalı davam edir. Təbii ki, belə olan halda ölkəmiz hansısa bir zamanda seçim qarşısında qalmalı olacaq. Azərbaycan dəfələrlə bəyan edib ki, sülh danışıqlarının ölkəmiz üçün müsbət başa çatmayacağı təqdirdə hərbi vasitələrdən istifadə edəcəkdir. Bir neçə gün əvvəl erməni hərbi birləşmələrinin təxribatının qarşısının alınması istiqamətində Azərbaycan hərbçilərinin göstərdiyi şücaət, qəhrəmanlıq, sözün həqiqi mənasında, bir dastana çevrilmiş bu hadisə ordumuzun torpaqlarımızı azad etməyə qadir olduğunu əyani nümayiş etdirdi. Bir yandan Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətini nümayiş etdirə bildi, digər yandan zabit və əsgərlərimiz özlərinin yüksək döyüş ruhunu və vətənpərvərlik mövqelərini, qələbə əzmində olduqlarını ortaya qoymuş oldular. 
Qeyd etdiyim kimi, bu döyüşlərin nəticəsində ordumuz strateji mövqeləri ələ keçirdi və bu, gələcəkdə torpaqlarımızın azad edilməsi üçün atılması zəruri olan addımlar zamanı bizim üçün əlavə imkanları təmin edir. Azərbaycan Ordusu, sözün həqiqi mənasında, artıq elə bir səviyyəyə gəlib çatıb ki, münaqişənin nəticələrinin aradan qaldırılması və ədalətin bərpa edilməsi üçün tam hazırdır. Bu, bir yandan ordumuzun texniki təchizatı ilə əlaqədardır. Digər yandan orduda xidmət göstərən hərbçilərimizin yüksək döyüş bacarıqlarını və hər an hünər göstərməyə hazır olduqlarını xüsusi qeyd etmək istəyirəm. Heç bir ordu əsgərin şücaəti, qəhrəmanlığı olmadan qarşısında duran vəzifələri həyata keçirə bilməz. Azərbaycan əsgəri sözün həqiqi mənasında döyüş meydanında sözünü dedi, qalib oldu!

1994-cü ildə atəşkəs rejimi tətbiq olunandan bəri ermənilər tərəfindən müxtəlif təxribatlar zamanı atışmalar olsa da, daha böyük hərbi əməliyyatlar olmadığından Azərbaycan əsgəri öz bacarığını göstərmək imkanına malik olmamışdı. Düzdür, 2014-cü ilin avqustunda və daha sonra noyabr ayında ordumuz düşmənə layiqli cavab vermişdi. Amma daha geniş coğrafiyada döyüşlər olmadığından ola bilsin, düşmən tərəfdə belə bir təəssürat formalaşmışdı ki, Azərbaycan əsgəri öz torpaqlarını azad etmək şücaətinə malik deyil, ya da ki bu istək yoxdur. Amma aprel ayının əvvəllərində baş verənlər, düşmənə layiqli cavab verilməsi, əsgərlərimizin igidliyi, torpaqlarımızı azad etmək uğrunda şəhid olmaqdan çəkinməmələri ordumuzun tamam başqa mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirdi. Bütün dünya bir daha əmin oldu ki, Azərbaycan əsgəri və bütövlükdə cəmiyyətimiz işğal altında olan torpaqlarımızı geri qaytarmaqdan ötrü hər şeyə hazırdır. Eyni zamanda, bütün dünya gördü ki, Azərbaycan torpağını işğaldan azad etmək iqtidarında olan və qəlbi Azərbaycan torpaqlarını işğaldan azad etmək istəyi ilə döyünən əsgərlərə malik orduya sahibdir. Bu çox ciddi bir amildir və hesab edirəm ki, dördgünlük müharibənin ən mühüm nəticələrindən biri də bu reallığın, gerçəkliyin ortaya qoyulmasından ibarət oldu. Azərbaycan əsgərinin döyüş əzmi, torpağını azad etməkdən ötrü ölümə getməyə hazır olması, eyni zamanda düşmənin başını əzmək qüdrətinə malik olması faktı ortaya qoyuldu. Hesab edirəm ki, həm danışıqlar prosesində, həm də münaqişənin taleyinin bundan sonrakı həlli üçün planlar ortaya atılan zaman bu gerçəkliklər və reallıqlar nəzərə alınacaq. Bundan sonrakı danışıqlar prosesi, Dağlıq Qarabağ probleminin gələcək həlli məsələsi bu vaxta qədər olduğundan tamam fərqli olacaq. Danışıqlar yeni fazaya qədəm qoyacaq. Bu faza erməni təxribatına Azərbaycan Ordusunun layiqli cavabı ilə artıq başlayıb.

 

 

 

- Sizcə, bu proseslər Prezident İlham Əliyevin ölkədə və beynəlxalq miqyasda reytinqinə necə təsir göstərdi?

- Bu sual mənim bir sıra fikirlərimi səsləndirmək üçün imkan yaradır. Azərbaycan Ordusunun uğuru, əvvəldə qeyd etdiyim kimi, çox reallığı ortaya qoydu. Bunların içərisində xüsusi qeyd etmək istədiyim bir reallıq var. Bu da ondan ibarətdir ki, dördgünlük müharibə zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev böyük qətiyyət, hərbçilərimiz qəhrəmanlıq, xalqımız isə mübarizlik, dəyanət və milli birliyini ortaya qoydu. Bu üç faktor, hesab edirəm ki, bir neçə gün davam edən gərginliyin ortaya qoyduğu vacib gerçəklikdir. 
Hər bir ordunun uğurunun kökündə dayanan bir çox səbəblər var. Bunların içərisində Ali Baş Komandanın qətiyyəti, cəsarəti mühüm əhəmiyyət kəsb edir. Bu qarşıdurma nəticəsində İlham Əliyevin Ali Baş Komandan kimi yüksək keyfiyyətləri aydın şəkildə özünü göstərdi. Bu, sadəcə olaraq onun özünə xas olan şəxsi və mənəvi keyfiyyət deyil. Bu, eyni zamanda Azərbaycan əsgərinə, onun komandanlıq etdiyi ordunun bütün şəxsi heyətinə sirayət edən mənəvi keyfiyyətdir. Bu, onları daha da ruhlandırır, əzmkar edir, inamlı olmalarına və nəticə etibarilə qəhrəmanlıq nümunələri göstərmələrinə səbəb olur. Bu mənada İlham Əliyevin yüksək mənəvi keyfiyyətləri ordumuzun çox qısa bir zamanda göstərdiyi şücaətin çox vacib şərtlərindən biri kimi qeyd olunmalıdır. 

Bu, eyni zamanda, Azərbaycan cəmiyyətinin həmrəyliyinin güclənməsinə, iqtidar-xalq birliyinin daha da möhkəmlənməsinə, ictimaiyyətin bütün təbəqələrinin, hər bir üzvünün ölkənin rəhbəri və Ali Baş Komandan ətrafında sıx birləşməsinə ciddi təkan verir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, bu hadisələr prosesində Azərbaycanda milli birlik təntənəsi aydın şəkildə özünü göstərdi. Təbii, cəmiyyətimizdə dəfələrlə qeyd etdiyimiz kimi, iqtidarla xalq arasında çox möhkəm birlik mövcuddur. Amma bu hadisələr dönəmində bu birlik daha qabarıq şəkildə, daha əzəmətlə özünü ifadə etmiş oldu. Hesab edirəm ki, bunun da çox vacib səbəblərindən biri Ali Baş Komandan kimi İlham Əliyevin xarizması, eyni zamanda Azərbaycan əsgərinin qəhrəmanlığıdır. 

Azərbaycan Ordusunun qələbəsi Silahlı Qüvvələrimizin, həm əsgərimizin, həm də xalqımızın hörmətini dünyada əhəmiyyətli dərəcədə yüksəldib. Ola bilər, müəyyən çevrələrdə, xarici dairələrdə belə düşüncələr formalaşsın ki, əgər 25 il ərzində Azərbaycan öz torpaqlarını geriyə qaytarmayıbsa, artıq onun məsələdə istəyi də azalıb. Amma hadisələr göstərdi ki, Azərbaycan cəmiyyəti çox qətiyyətlə həmin torpaqları geri qaytarmaq əzmindədir və bu yolda nə qədər şəhid lazım olsa belə, verə bilər. Ona görə son hadisələr Azərbaycanın həm başını uca etdi, həm də cəmiyyətimizin nüfuzunu yüksəltdi. Eyni zamanda, bu, cənab İlham Əliyevin Ali Baş Komandan və ölkənin rəhbəri kimi nüfuzunu və reytinqini əhəmiyyətli dərəcədə artırdı. Bu zaman mən iki məqamı ayrıca qeyd etmək istəyirəm. Bunun biri Prezident İlham Əliyevin Ali Baş Komandan kimi müdrikliyidir. Bu, ilk növbədə qeyd edilməli cəhətdir. Dünya birliyi bunun şahidi oldu. İkincisi isə Prezident İlham Əliyevin münaqişənin dinc yollarla, qan tökülmədən aradan qaldırmaq istəyinin kritik anlarda belə aydın şəkildə özünü göstərməsindən ibarət olan reallıqdır. Yəni, İlham Əliyev yenə də qan tökülməməsi, özünün ifadə etdiyi kimi, anaların göz yaşının axmaması naminə münaqişənin dinc yollarla aradan qaldırılmasının tərəfdarı olduğunu göstərdi. Bu iki keyfiyyət - bir yandan sərkərdə və Ali Baş Komandan kimi müdrikliyi və qətiyyəti, ikinci bir tərəfdən uzaqgörən dövlət rəhbəri kimi vətəndaşlarının təhlükəsizliyinin qayğısına qalması və bu mənada dinc yollarla münaqişənin həllinə üstünlük verməsi Prezident İlham Əliyevin nüfuzunu və hörmətini əhəmiyyətli dərəcədə yüksəltmiş oldu. Hesab edirəm ki, bu, Prezident İlham Əliyevin danışıqlar prosesində mövqeyinin bundan sonra da daha qətiyyətli və möhkəm olacağına dəlalət edir.

- Şəhid hərbçilərimizi ən yüksək ehtiramla, izdihamla torpağa tapşırdıq. Həmin anlar bir daha xalqımızın mübarizliyini, döyüş əzmini göstərdi. Sosial şəbəkələrdə, mətbuatda hər kəs ordumuzun uğuruna sevindi, itirdiklərimizə üzüldü. Bu mənada cəmiyyətimizdə özünü göstərən yüksək vətənpərvərlik ovqatı ilə bağlı nə deyə bilərsiz?

- Təbii ki, hər birimiz bu cəmiyyətin bütün təbəqələrindəki hiss və duyğulara bələd olan insanlar kimi azərbaycanlıların çox dərin vətənpərvərlik hisslərinə malik olduğunu bilirik. Amma açıq etiraf etmək lazımdır ki, bu vətənpərvərliyin nə qədər qabarıq şəkildə ifadə oluna biləcəyini son hadisələr daha aydın şəkildə göstərdi. Məlum oldu ki, xalqımız kiçik təmsilçilərindən tutmuş ahıl yaşlı insanlaradək öz torpaqlarını azad etməkdən ötrü ölümə belə getməyə hazırdır. Hər kəs bu günlərdə döyüşmək, orduya kömək, torpaqlarımızı azad etmək üçün səfərbər olduğunu bəyan etdi. Odur ki vətənpərvərliyin bu dərəcədə Azərbaycan vətəndaşlarının qəlbində kök saldığına əmin olmaq üçün bu hadisələr mühüm əhəmiyyət kəsb etdi. Biz insanlarımızın nə qədər yüksək keyfiyyətlərə malik olduqlarını bu hadisələrdən sonra bir daha gördük. 
Təbii ki, vətənpərvərlik bir yandan ordumuzun mənəvi gücünü artırır. Çünki ordu arxada bütün millətin onun qələbəsi üçün sipər olduğunu görür və bundan ruhlanır. Digər tərəfdən, əgər lazım gələrsə, hər bir mülki şəxs silaha sarılıb torpaqlarımızı azad etmək üçün cəbhəyə yollanmağa hazır olduqlarını göstərdilər. Hesab edirəm ki, bu, istər düşmənlərimizə mesaj vermək, istər ordumuzun gücünün və mənəvi-psixoloji durumunun möhkəmləndirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Bu günlərdə sosial şəbəkələrdə vətənpərvərlik ifadəsi baxımından fəallıq xüsusilə qeyd olunmalıdır. Azərbaycan bayrağına olan məhəbbət ayrıca qeyd edilməlidir. Küçələrlə gedərkən evlərdən dalğalanan bayraqlarımızı gördükcə insan qürur hissi keçirir. Bütün bunların hamısı Azərbaycan cəmiyyətinin öz torpağını işğaldan azad etməyə tam hazır olduğunu ifadə edir və vətənpərvərliyin təntənəsi kimi qeyd oluna bilər. Bu, eyni zamanda belə bir fikri daha qətiyyətlə səsləndirmək üçün çox ciddi əsaslar verir ki, zamanından asılı olmayaraq işğal olunmuş torpaqlarımız mütləq şəkildə azad ediləcək. Çünki bu qədər vətənpərvər olan insan, bu qədər bayraq sevgisinə malik vətəndaş heç vaxt razı olmaz ki, torpaqları düşmən tapdağı altında qalsın. Zaman faktorunu nəzərə almaqla qeyd etməliyik ki, mütləq şəkildə torpaqlar geri qaytarılacaq. Bu insanlar həmin torpaqları geri qaytaracaq! Əgər danışıqlar, diplomatik səylər, beynəlxalq təşkilatların vasitəçilik xidmətləri hər hansı bir nəticəyə gətirib çıxarmasa, mütləq şəkildə insanlar bu problemi özləri həll edəcəklər! 
Azərbaycan Prezidentinə də güc verən xalqımıza, insanlarımıza xas olan bu mənəvi qətiyyət, dəyanət və birlik keyfiyyətləridir. Cənab İlham Əliyev Prezident olaraq məhz bundan güc alır. Bu mənada cəmiyyətdəki ab-hava, yüksək ovqat, vətənpərvərlik duyğularının bu qədər həm dərin kök salması, həm də bu qədər çılğınlıqla özünü büruzə verməsi xalqımıza xas olan keyfiyyət kimi mənəvi qələbəmizdir. Bütün dünya bunu gördü. Bütün dünya bunun əsasında özü üçün nəticə çıxardı ki, bu xalqın torpağını əlindən almaq mümkün deyil! Gec-tez bu torpağı dinc yolla onun sahibinə qaytarmalısan. Yox, əgər qaytarmasan, bu xalq özünün rəva bildiyi formada ərazi bütövlüyünü bərpa edəcək! Bu vətənpərvərliyin qarşısında heç bir işğalçı duruş gətirə bilməz! 

Şəhidlərimizin böyük sevgi və məhəbbətlə dəfn olunması məsələsinə gəldikdə, bunun özü də vətənpərvərliyin bariz təcəssümüdür. Hər bir insan şəhidlərin əziz xatirəsini yad edir. Çünki bu şəhidlər hər birimizin əzizi, doğmasıdır. Bu torpaq uğrunda həlak olanların hər biri bizim övladlarımız, qardaşlarımızdır. Əlbəttə, biz bu itkilərə heyfslənirik. Amma şəhidin atası başını dik tutursa, əyilmirsə, bu, o deməkdir ki, bu millətin qarşısında durmaq mümkün deyil! Vətəni qorumaq üçün şəhid vermək lazımdırsa, millət bunu bacarmalıdır. Xalqımız bu bacarığa malik olduğunu bu günlərdə bütün dünyaya göstərdi.


 

- Hərbi əməliyyatlar zamanı YAP üzvlərinin, xüsusən də gənclərin fəallığı, Ali Baş Komandanın sadiq əsgərləri kimi əmrinə hazır olmaları ictimaiyyətdə böyük razılıqla qarşılandı. YAP üzvlərinin yüksək vətənpərvərlik və mübarizlik ruhu nədən qaynaqlanır?

- Yeni Azərbaycan Partiyasının sıralarında birləşən insanların yüksək vətənpərvərlik duyğularına malik olduqlarını qeyd etsəm, yəqin ki, subyektivliyə yol vermərəm. Bu, təsadüfi deyil və gəlişi xoş olan sözlər kimi qeyd etmək istəmirəm. Yeni Azərbaycan Partiyasının mayasında, yaranmasının kökündə vətənpərvərlik hissləri dayanıb. YAP o zaman yarandı ki, Azərbaycanın başının üzərini, sözün əsl mənasında, qara buludlar almışdı, ölkəmizin taleyi aydın görsənmirdi. Belə bir zamanda ulu öndər Heydər Əliyevin ətrafında birləşərək YAP-ın yaranmasında iştirak edən hər bir insan təbii ki, ilk növbədə Azərbaycanın gələcəyini, təhlükələrin sovuşmasını düşünürdü. Vətən sevgisi və duyğusu olmayan insanlar əlbəttə ki, həmin təlatümlü günlərdə bu addımı atmağa cəsarət etməzdilər. Demək, onların bu addımı atmasına səbəb olan başlıca amil möhkəm və dərin vətənpərvərlik hisslərinə malik olmalarıdır. YAP üzvləri həmişə bu duyğulara sahib olublar və indi də bu hisslərlə yaşayır, fəaliyyət göstərirlər.  YAP sadəcə bir siyasi təşkilat deyil, həm də böyük ictimai hərəkatdır. Burada birləşən insanların sayı 650 min nəfərdən çoxdur. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, nə qədər genişlənməsinə, sıralarının böyüməsinə baxmayaraq, YAP-da birləşən insanların hər birinin qəlbində vətənpərvərlik hissləri dərin kök salıb. Bu deyilənlər bu günlərdə özünü bir daha təsdiq etdi. Hadisələrin ilk günlərində YAP üzvləri, xüsusilə gənclər özlərinin yüksək vətənpərvərlik arzularını ifadə etdilər, bəyanat verdilər. Gənclərimiz ordu ilə, əsgərlərlə bir olduqlarını bildirdilər, lazım gələrsə, Ali Baş Komandanın əmri ilə əllərinə silah götürməyə hazır olduqlarını bəyan etdilər. Bu, sadəcə olaraq zamanın tələbinə uyğun səsləndirilən fikirlər deyil. Bu, hər bir gəncin qəlbindən gələn səmimi hisslər idi ki, onların həmin günlərdəki davranışının əsasını təşkil etdi.  YAP üçün mühüm amallar təbii ki, Azərbaycanla və onun taleyi ilə bağlıdır. Bu mənada Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi gənclərimizin vətənpərvərlik duyğularının kökündə dayanan vacib şərtlərdən biridir. Bu amal yolunda YAP-ın hər bir üzvü fədakarlıq göstərməyə hazırdır. Ali Baş Komandanın hər bir çağırışına və tapşırığına əməl etməyə müntəzirdir. Bu hadisələr bunu bir daha təsdiq etdi. İstər sosial şəbəkələrdə, istər əsgərlərimizin şücaətinin təbliğ olunmasında, istər şəhid olmuş əsgərlərimizin anılmasında, onların dəfnində YAP üzvlərinin yaxından iştirak etməsini xüsusi qürur və iftixar hissi ilə qeyd etmək istəyirəm. Bu, YAP üzvləri tərəfindən vətənpərvərlik duyğularının bariz şəkildə ifadə edilməsinin nümunələri idi.
YAP üzvləri bununla kifayətlənmədilər. Eyni zamanda, bir nümunə göstərdilər ki, bizi birləşdirən ən mühüm amil Vətəndir, torpaq sevgisidir! Bu sevgi əsasında yaranan birlik möhkəm təməl kimi daimidir. Hesab edirəm ki, YAP üzvləri bu mənada bir nümunə kimi özlərini göstərə bildilər. Prezident İlham Əliyevin rəhbərlik etdiyi əzəmətli bir partiyanın üzvlüyünə layiq olduqlarını bir daha sübut etmiş oldular. İstərdim oxucular bu sözlərimdə subyektivliyin olmadığını qəbul etsinlər. Çünki bu mənim həqiqətən real olan bir mənzərəni təsvir etmək istəyimdir. YAP üzvləri, sıralarımızda birləşən gənclər həqiqi mənada əsl vətənpərvər, vətənini, torpağını, millətini, dövlətini, Prezidentini sevən vətəndaşlardır.

- Lakin dağıdıcı müxalifət partiyalarında və onlara bağlı olan mətbuatda insanlarda çaşqınlıq yaratmaq, ruhdan salmaq cəhdləri hiss olundu... 

- Bu qədər vətənpərvərlik coşqusunun fonunda təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, müxalifət düşərgəsinin bəzi qanadlarında tamamilə başqa meyillərin özünü göstərməsi bizi məyus edir. Bu, elə bir məsələdir ki, burada müxalifət-iqtidar anlayışı gərək arxa plana keçirilsin. Ancaq görünür ki, müxalifətin bəzi dairələri üçün özlərinin dar siyasi maraqları hər şeydən üstündür, o cümlədən də milli maraqlardan, vətən uğrunda mübarizənin taleyindən və s. müqəddəs amallardan. Mən bunları təəssüf hissi ilə qeyd etmək istəyirəm. 

Yeri gəlmişkən onu da vurğulamaq istəyirəm ki, bu hadisələr zamanı müşahidə etdiyimiz vacib məqamlardan biri də ondan ibarət oldu ki, müxalifətin böyük bir hissəsi milli birlik nümayiş etdirə bildi. Bu hadisələrdə xalqımızla bir yerdə olduğunu göstərdi. Şəhidlərimizin adının və xatirəsinin əziz tutulması və digər məsələlərlə əlaqədar onların müəyyən hissəsinin mövqeyi bizi qane edir. Amma görünür ki, müxalifətin içərisində fərqli düşünən və fərqli meyarlarla fəaliyyət göstərənlər var. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, fəaliyyəti boyu hər şeyi inkar edən, ağa qara deməyi vərdiş etmiş müxalifətçilər Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün savaş getdiyi bir zamanda öz ambisiyalarından əl çəkə bilmədilər. Görünür, onlar üçün həyati prinsip “Azərbaycan üçün nə qədər pis olarsa, müxalifət üçün o qədər yaxşıdır” tezisindən ibarətdir. Bu illər ərzində müxtəlif məqamlarda həmin tezisin onlar tərəfindən rəhbər tutulduğunun şahidi olmuşuq. Açıq demək lazımdır ki, belə bir həssas anlarda həmin tezisin müxalifətin hər hansı qanadı tərəfindən rəhbər tutulacağına inanmağım gəlmirdi. Amma gedişat göstərdi ki, vətənin taleyi ilə əlaqədar proseslərin baş verdiyi zamanda müxalifətin bir qismi bu tezisdən bəhrələnir. Onların Azərbaycan Ordusunun döyüş qabiliyyətinin üzərinə kölgə salan fikirlər səsləndirməsi, sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edərək və yaxud əllərində olan digər informasiya vasitələrindən istifadə edərək qələbələrimizin üzərinə kölgə salmağa çalışmaları təəssüf doğuran haldır. Şəhidlərin ruhu qarşısında utanmadan alver etmək niyyətinə düşdülər, buna başqa don geyindirməyə çalışdılar. Beləliklə də Azərbaycan cəmiyyətinin qələbə ruhunun sındırılmasına yönəldilmiş fəaliyyətlə məşğul oldular.

Mən bunu xəyanətdən başqa cür adlandıra bilmirəm! Dünyanın hər bir yerində belə həssas məqamlarda bütün xalqın birləşməsi, siyasi ambisiyaların kənara qoyulması dövlətin qarşısında duran vəzifələrin həll edilməsi üçün ən vacib şərtlərdəndir. Torpaqların azad edilməsi üçün döyüşlərin getdiyi bir zamanda antimilli mövqe ortaya qoymaq düşmənin dəyirmanına su tökməkdən başqa bir şey deyil! Xalqın maraqlarına qarşı çıxaraq belə addımların atılması ondan xəbər verir ki, Azərbaycan müxalifətinin içərisində ölkəmizin maraqlarına uyğun olmayan fəaliyyət həyata keçirənlər var. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti buna özünün düzgün və adekvat münasibətini bildirməlidir. Ölkəmizin maraqlarının əksinə olan, əleyhinə gedən, nəticə etibarilə düşmənlərimizin mənafeyinə xidmət edən siyasi təşkilatların fəaliyyət göstərməsinə imkan vermək olmaz! Bu hadisələr də göstərdi ki, onların məqsədi Azərbaycanın milli maraqlarına zərbə vurmaqdır. Ola bilsin ki, bu gün onlar hər hansı ciddi zərbəni vura bilmirlər. Amma əllərinə fürsət düşsə, bundan istifadə etməkdən yan keçməzlər. Ona görə də bu, bizim üçün, o cümlədən YAP üçün bir dərs olmalıdır. 
Bir neçə gün əvvəl vətənpərvər gənclər Əli Kərimlinin evinin qarşısında onun xəyanətə bərabər olan hərəkətlərinə etiraz əlaməti olaraq piketlər keçiriblər. Mən bunu təsadüfi saymıram. Gənclərimizin ordumuzun əldə etdiyi nailiyyətlərə sevindiyi bir halda Azərbaycan Ordusunun döyüş qabiliyyətinin üzərinə kölgə salmaq cəhdləri, əlbəttə ki, onların qəzəbinə tuş gəlməli idi. Heç bir gənc bununla razılaşa bilməzdi və etiraz etmələri tamamilə təbiidir. Amma görünür biz daha ciddi şəkildə düşünməliyik ki, Azərbaycanda ölkəmizin maraqlarından fərqli maraqlara xidmət edən siyasi təşkilatların fəaliyyət göstərməsi üçün imkanlar mövcud olmasın. 

YAP həmişə demokratik dəyərlərə malik olması ilə seçilib. Bu gün də bizim üçün demokratik dəyərlər ən başlıca fəaliyyət normasıdır. Amma demokratiya və milli maraqlara zidd mövqe tutmaq bir-birindən fərqli anlayışlardır. Azərbaycanın milli maraqlarının əksinə gedənlər ölkəmizdə siyasi təşkilat və partiya kimi fəaliyyət göstərə bilməzlər! Hesab edirəm ki, biz bundan müvafiq nəticələr çıxarmalıyıq.

 

Müsahibəni apardı: Rəşad CƏFƏRLİ,
“Azərbaycan”
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər