Daşkəsən sakinləri yeni ilin ilk gününü qarla qarşılayıblar. Modern.az saytı xəbər verir ki, dünən axşam saatlarından başlayan qar artıq rayonu ağ örpəyə bürüyüb. Hazırda qalın qalınlığı 5 sm-dən artıqdır. Qar avtomobillərin hərəkətində ciddi problemlər yaradıb. Xüsusən sabah saatlarında Gəncə-Daşkəsən-Xoşbulaq əsas avtomibil yolu buz bağlayıb.
“Səhər saatlarında avtomobillə hərəkət etmək mümkün olmadı”- deyə rayon sakini Anar Əliyev bildirib.
Rayon mərkəzi ilə müqayisədə Yuxarı Daşkəsən, Xoşbulaq və digər ucqar kəndlərə daha çox qar yağıb. Həmin kəndlərdə qarın qalınlığı 20 sm-ə yaxındır. İcra Hakimiyyətindən isə vəziyyətin nəzarət altında olduğu bildirilib. İcra Aparatının rəsmisi Nüsrət Verdiyevin Modern.az saytına verdiyi məlumata görə, qarın təmizlənməsi üçün 100-ə yaxın işçi qüvvəsi və 10-dan artıq texnika cəlb olunub. Son məlumata əsasən isə rayonda qar yağışı şiddətlənib. Əsas avtomobil yolu buz bağlayıb.
Modern.az