Modern.az

Özəlləşdirmə çeklərinin vaxtı başa çatdı

Özəlləşdirmə çeklərinin vaxtı başa çatdı

Təhsil

2 Yanvar 2011, 13:08

Modern.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikasında özəlləşdirmə paylarının (çeklər) istifadə müddəti başa çatıb. Çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanmışdı və bu iki mərhələdə həyata keçirilmişdi. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Qanunvericiliyə uyğun olaraq 1997-ci il yanvar ayının 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib.

Qanunvericilik əsasında dövlət özəlləşdirmə çeklərindən ixtisaslaşdırılmış çek hərraclarında, investisiya müsabiqələrində, özəlləşdirilən müəssisələrin əmək kollektivi üzvləri arasında keçirilən güzəştli satışda istifadəsi müəyyənləşdirilmişdi.

Ümumilikdə özəlləşdirmə prosesi çərçivəsində 25,5 milyona yaxın dövlət özəlləşdirmə çeki silinib ki, bu da dövriyyəyə buraxılmış ümumi çeklərin təxminən 80%-ni  təşkil edir.

Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadılıb. Belə ki, Prezidentin müvafiq fərmanları ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılmışdı. 23 dekabr 2009-cu il tarixində imzalal fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti uzadılıb. Qeyd edilən fərmana əsasən dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, Azərbaycanda özəlləşdirmə çeklərinin istifadə müddətinin başa çatmasından sonrakı dövr üçün yeni özəlləşdirmə mexanizmləri müəyyənləşdirilib. “Prezidentin “Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 22 iyun 2010-cu il tarixli Fərmanına əsasən yaradılan yeni mexanizmlər özəlləşdirmə paylarının (çeklərin) müddəti başa çatandan sonra əhalinin özəlləşdirmədə iştirakını təmin edəcək.

Bu dəyişikliklər həm səhmdar cəmiyyətlərinin səhmlərinin güzəştli satışı, pul və ixtisaslaşdırılmış çek hərracları, həm də kiçik müəssisələrin özəlləşdirilməsi prosesini əhatə edir”-deyə Komitədən bildirilib.   Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bir neçə gün öncə mətbauata açıqlamasında bildirmişdi ki, Azərbaycan Milli Depozit Mərkəzində saxlanılan dövlət özəlləşdirmə paylarının sayı əhəmiyyətli dərəcədə azalıb. Orada hazırda təxminən 600 minədək özəlləşdirmə payı saxlanılır.

Modern.az

 

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə