Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası mart və ya aprel ayında Bakıda keçiriləcək. Bunu “Zaman” qəzetində dərc edilən müsahibəsində Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov bildirib. Onun sözlərinə görə, iclasda iştirak etmək üçün Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türk nazirlərdən ibarət nümayəndə heyəti Azərbaycanın paytaxtına gələcək. F.Bağırov bildirib ki, Şuranın mütəxəssislərinin ilk iclası yanvar ayında Ankarada keçiriləcək. İclasda iki ölkə arasında imzalanacaq sənədlər nəzərdən keçiriləcək. Səfir onu da qeyd edib ki, iki ölkə arasında vizasız rejim barədə saziş artıq bu il imzalana bilər. Onun sözlərinə görə, bu məsələdə Azərbaycan tərəfi daxili hüquqi prosedurların yerinə yetirilməsi üzrə çalışır. “Ankaranın Ermənistanla əlaqələri normallaşdırmaq üçün protokol imzaladığı dövrdə keçici çətinliklər yaşayan Türkiyə ilə Azərbaycan, o müddəti geridə buraxdı. Artıq iki tərəf də əməkdaşlığı genişləndirməkdə maraqlıdır”. İki ölkə arasındakı əməkdaşlığın inkişaf edəcəyini vurğulayan səfir xüsusilə iqtisadiyyat, enerji sahələrində ortaq proyektlərin sayının artacağını vurğulayıb. F.Bağırovun sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolunun 2012-ci ildə açılacağını gözləyir: “Bu Azərbaycanı Avropaya, Türkiyəni də Orta Asiyaya bağlayacaq çox böyük bir proyektdir”. Xatırladaq ki, 2010-cu ilin sentyabr ayında türkdilli ölkələrin dövlət başçılarının İstanbul Zirvə toplantısında Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında ortaq sənəd imzalanıb. Modern.az