Modern.az

“Bizim komitənin üzvləri turizm peşəkarı deyillər”

“Bizim komitənin üzvləri turizm peşəkarı deyillər”

Təhsil

20 Aprel 2016, 16:00

“Mən komitədə müzakirə olunan “Turizm haqqında” qanun layihəsi barədə həmkarlarımın söylədiyi fikirlərə aydınlıq gətirdim. Bizim komitəmizin üzvləri turizm sahəsində peşəkar deyillər, biz turizm mütəxəssisi deyilik”.

Bu barədə Modern.az saytına açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Deputat komitənin son iclasında deputat həmkarlarının “Turizm haqqında” qanun layihəsini sərt tənqid etməsinə münasibət bildirib.

Hadı Rəcəbli deyib ki, əsl turizm mütəxəssisləri nazirliyin rəsmiləridirlər:

“Əsl turizm mütəxəssisi Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləridir. Onları da komitə iclasına göndərmişdilər. Nazirlik bizə çox dolğun və təkmil qanun layihəsi hazırlamaqda kömək edib”.

Komitə sədri qanun layihəsinin həcminin böyük olmasını belə əsaslandırıb:

“Qanun layihəsinin həcmi böyükdür. Bu da günün tələbidir. Çünki cənab prezident bu gün turizm sənayesinin olmadığından şikayət edir. Deməli, biz də günün tələbi olaraq turizm sənayesinin əsas ana bazası olan qanunu ortaya qoymalıyıq. Biz də ölkə prezidentinin tapşırığına uyğun olaraq işimizi qururuq”.

Hadı Rəcəbli komitənin son iclasında deputat həmkarlarının “nazirlik ordan-burdan necə gəldi qanun yığıb göndərib”  fikirlərinə belə münasibət bildirib:

“Biz parlamentin  komitəsi olaraq nazirliklə əməkdaşlıq edirik. Nazirliyin bizə qanun göndərmək ixtiyarı yoxdur. Bizə nazirlikdən qanun göndərməyiblər. Biz nazirliklə işçi qrup səviyyəsində qanun layihəsinin hazırlanmasında əməkdaşlıq edirik. Əlbəttə, onların da təklifləri nəzərə alınmaqla bu gün “Turizm haqqında” qanun layihəsi üzərində ciddi iş gedir”.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin son iclasında deputat Rauf Əliyev “Turizm haqqında” qanun layihəsini sərt tənqid edərək “ ötən iclasda bizimlə müzakirələrə qatılan nazir müavininin deyəsən heç turizm sahəsindən xəbəri yoxdur”-deyə bildirmişdi.

Komitənin digər üzvü deputat Araz Əlizadə də həmkarı Rauf Əliyevin fikirlərini dəstəkləyərək “bu, dərslik deyil, nazirlikdə bu qanunu ordan-burdan yığıblar, sonra göndəriblər ki, Milli Məclisin hüquq şöbəsi işləsin. Qanun praktiki rol oynamalıdır, bu isə tam nəzəridir”-deyə qanun layihəsini və Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətini sərt tənqid etmişdi.

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı