
Sizə kimdən deyim, kimdən danışım Bakının meri Hacıbala Abutalıbovdan. O Abutalıbov ki, 2015-ci ildə Bakının Binəqədi və Xətai rayonları ərazisində yerləşən çoxmərtəbəli binalarda baş vermiş yanğından sonra gün ərzində neçə dəfə müraciət etməyimizdən asılı olmayaraq, hər zəngin ilk çağırısına “buyurun, eşidirəm sizi” deyə cavab verirdi. Bu günlərdə mövzu ilə bağlı cənab merə yazdığım çoxsaylı mesajlar, ard-arda etdiyim zənglərin isə heç bir səmərəsi olmadı... Əvəzində telefonu açan xanım “mətbuat xidmətinə müraciət edin” deyərək, telefonu qapatdı.
O mətbuat xidmətinə ki, telefona cavab verməyəndə Abutalıbova yazdığım mesajdan sonra geri zəng edib “məndən merə niyə şikayət etmisiz” deyə isyan edirdi. Amma nədənsə bu dəfə “səndən sənə şikayətim var” misalı ilə merin özünə yazdığım şikayət mesajına baxan olmadı...
Belə qənaətə gəldim ki, xoşrəftarlı, başbilən merimiz yalnız biz ona lazım olanda telefonu açır və alicənablıqla, səbirlə suallarımızı cavablandırır.
Demək istədiyim odur ki, hörmətli cənab Abutalıbov biz də insanıq, bizim də insanlara ehtiyacımız olur, həm də səlahiyyət sahibi insanlara... Hətta səlahiyyəti boyunu aşan insanlara, eynən sizin kimi...
Gördüyünüz səmərəsiz fəaliyyətin nəticəsini ictimailəşdirmək üçün müraciət etdiyiniz və heç vaxt bəyənmədiyiniz, görəndə ağız büzüb, üz çevirib getdiyiniz jurnalistlərə sizin də işiniz düşəcək. Bu gün cavabsız qalan suallarımız, sizin vermək istədiyiniz açıqlamaların məqamını gözləyəcək. Necə deyərlər arşın nə qədər uzun olsa da, gəlib doğanaqdan keçəcək...
Gülşən RAUFQIZI