Modern.az

Deputat Nizami Cəfərovun oğlu: «Allah məni atamın adından istifadə etməkdən qorusun»

Deputat Nizami Cəfərovun oğlu: «Allah məni atamın adından istifadə etməkdən qorusun»

26 Oktyabr 2009, 13:20

st1:*{behavior:url(#ieooui) }

Millət vəkili Nizami Cəfərovun oğlu Altay Cəfərovla yaxından tanış olaq. Müşahidəmə görə, səmimi olsa da, bəzi məsələlərlə bağlı suallarımı suyu üfürə-üfürə içdiyi kimi cavablandırdı. Bu keyfiyyəti onu dilçi alim övladı olmasından çox, siyasətçi ailəsinin nümayəndəsi kimi tanıtdı. Hətta gələcək planları barədə, beynəlxalq münasibətlər ixtisasına yiyələndiyi halda, niyə başqa sahədə çalışmasına aydınlıq gətirərkən də sualarımızı siyasətçilər kimi ayrı səmtlərə yönəltməyə çalışdı.

“İxtisasım işimlə uyğun gəlmir”

 

- 1986-cı ildə Qazax rayonunda anadan olmuşam. Dörd ildən sonra Bakıya köçmüşük və 1992-ci ildə orta məktəbə burada getmişəm. 2004-cü ildə Xarici Dillər Universitetinin roman-german fakültəsinə daxil oldum. Bir il orada oxuduqdan sonra fərq imtahanlarını verərək Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinə qəbul olundum. Üç il də burada oxudum. 2009-cu ilin may ayından Milli Məclisin İşlər idarəsinin tikinti-təmir sektorunda məsləhətçi vəzifəsində çalışıram.

- Maraqlıdır, bitirdiyiniz ixtisasla çalışdığınız iş arasında heç bir əlaqə yoxdur…

- Düzdür, ixtisasım işimlə uyğun gəlmir. Amma beynəlxalq münasibətlər elə bir ixtisasdır ki, istənilən yerdə sənə köməklik edir. Mənim də burada işə başlamağım Milli Məclisin yeni korpusunun tikintisinə təsadüf etdi və özümü sözün yaxşı mənasında göstərə bildim. Elə olurdu 3-4 gün evə getmirdim, burada işə nəzarət edirdim. Şükürlər olsun ki, işimi bəyəndilər, andiçməm oldu. Andiçmədən sonra kiçik dövlət müşaviri oldum. - 14 yaşından deputat övladısız. Deputat övladı olmaq sizə nə verib?

- Atamın sayəsində millət vəkilləri, dövlət məmurları ilə ünsiyyət qurmuşam. Bunlar da inkişafıma böyük təsir göstərib. 

«Atamdan çəkinirəm» 

- Bilirik ki, həmişə atanızın işləri çox olub. Millət vəkili olmasından əlavə, həm dilçi alim, həm Atatürk Mərkəzinin rəhbəridir. Onun övladlarının tərbiyəsilə məşğul olmağa vaxtı çatıb?

- Bacımla mənim təlim-tərbiyəmizlə anam məşğul olub. Dərslərimizə hazırlaşmaqda anam bizə köməklik göstərib. Atamın da bircə kəlməsi, bircə baxışı kifayət edib. Atam axşam evə gəlib bircə kəlmə deyir və onunla da hər şey bəlli olur.

- Atanızla dostsunuz, yoxsa…?

- Yox, tez-tez ünsiyyətdə olmuram deyə, ondan çəkinirəm.

- Tələbələrir Nizami müəllim Bakı Dövlət Universitetində dekan olduğu vaxtlarda hədsiz dərəcədə demokrat imiş. Ancaq belə başa düşdüm ki, o, evdə demokrat yox, mühafizəkardır…

- Yox, elə deməzdim. Atam həmişə bizə azadlıq, seçim imkanı verib, amma həm də güclü nəzarət edib.

 

«Çörək növbəsinə həmişə məni göndərirdilər»

 

- Atanızın köməyi olmadan həyatda ayaq üstə durmağı bacarardınızmı?

- Əlbəttə. Sizə bir misal çəkim. 4-5 yaşım olardı. O vaxt müstəqilliyimizi yenicə bərpa etdiyimiz dövrlər idi. Çörək almaq üçün növbə olur, növbələrdə qırğın gedirdi. Həmin dövrdə növbəyə durmağa məni göndərirdilər. Yəni valideynlərim «uşaqdır» deyib heç vaxt məni əzizləməyiblər, «ora olmaz, bura olmaz» deməyiblər, sərbəstlik veriblər. Onlar «həmişə biz yanında olmayacağıq» deyərək mənim sərbəst böyüməmə çalışıblar.

- Heç Nizami Cəfərovun adından istifadə etmisiz? - Orta məktəbdə yaxşı oxumuşam, ali məktəbə də öz biliyimlə daxil olmuşam. Bakı Dövlət Universitetində də məni kiməsə tapşırmağa ehtiyac yox idi. Özüm oxuyurdum.

- Hər halda müəllimləriniz kim olduğunuzu bilirdilər…

- Təbii, bilənlər var idi. Amma mən atamın adından istifadə etməmişəm. Allah məni ondan qorusun ki, işim üçün atamın adından istifadə edim.

«Öz işimə görə atamdan xahiş etməmişəm» 

- Bilirik ki, deputatların, yüksək vəzifəli dövlət məmurlarının əksəriyyətinin övladları xaricdə təhsil alır. Sizin vaxtilə belə bir fikriniz olmayıb ki? 

- Atam mənə deyirdi ki, istəsən xaricdə oxuya bilərsən. Mən də oturub fikirləşdim və götür-qoy etdim. Xarici ölkədə bir neçə il qalıb təhsil alan tələbələr oranın psixologiyasını qəbul edir. Xariclə Azərbaycanın iş sistemi fərqlidir. Düşündüm ki, xaricdə oxusam, qayıdıb buranın mühitinə uyğunlaşa, burada işləyə bilməyəcəm.

- Dostlarınız çoxdur?

- Çoxdur. Dostlarımın əksəriyyəti sinif və tələbə yoldaşlarımdır.

- Hansısa işləri aşırmaq üçün atanıza ağız açmağınızı xahiş edən dostlarınız olurmu?

- Xahiş edənlər çox olur, ancaq mənim atama deməyə üzüm gəlmir. Şəxsən özüm öz işimə görə atamdan nəsə xahiş etməyə çəkinirəm. Bilirəm ki, belə işlərlə arası yoxdur.

 

«Ən çox Röyanı dinləyirəm» 

- İxtisasınız üzrə işləməsəniz də, hər halda beynəlxalq münasibətləri bitirmisiniz. Üstəlik, atanız Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Türkiyə-Azərbaycan arasında son vaxtlar baş verən olaylar barədə nə deyə bilərsiniz?

- Ermənilər Qarabağı qaytarmamış Türkiyə xalqı heç vaxt sərhədlərin açılmasına razı olmaz. Sərhədləri açan iqtidarı da devirər.

- Azərbaycan şou-biznesi barədə nə fikirdəsiniz?

- Məncə, hər şey öz yoluyla gedir. Bu sahə bizdə yeni yarandığından təbii ki, problemlər var. Bəzən görürsən ki, hansısa müğənninin toya 8 min manata getməsinə narazılıq edirlər. Amma düşünmürlər ki, bu pulu alan öz millətimizin övladıdır, canını qoyub oxuyur, pulunu alır. Deməli, həmin müğənniyə tələbat var ki, o qiymətə toya gedir. Aldığı puldan da vergi ödəyir, pulunu Azərbaycanda xərcləyir. Bunun nəyi pisdir ki?

- Azərbaycan müğənnilərindən kimləri dinləyirsiz?

- Ən çox Röyanı dinləyirəm. Ondan sonra Tünzalə Ağayevanın, klassiklərimizdən Zeynəb Xanlarovanın, İlhamə Quliyevanın adını çəkə bilərəm. 

«Qalstuk nəyi dəyişir ki?»

- Atanız heç vaxt qalstuk taxmır. Niyə qalstuk taxmaması ilə bağlı ona sual vermisizmi?

- Hə, balaca vaxtı bir neçə dəfə belə sual vermişəm. Deyib ki, gənc yaşlarından qalstukla arası olmayıb, indi də taxanda özünü narahat hiss edir. Həm də ki, qalstuk nəyi dəyişir ki? Qalstukun insanın düşüncəsinə, inkişafına nə xeyri var ki?

- Deyəsən, siz də atanızın yolunu davam etdirirsiz?

- Hə, mən də qalstuk taxmağı xoşlamıram. Amma qalstuk taxmamaq kimi problemim yoxdur. Yəni nə vaxtsa taxa da bilərəm.

«Deputat olmaq tale, qismət məsələsidir» 

- 15 ildən sonra Altay özünü hansı postda təsəvvür edir?

- Hansı postda olacağımı deyə bilmərəm, amma onu bilirəm ki, dövlətin mənafeyi üçün işlər görəcəm. Yuxarı, yaxud aşağı postda olmağımın mənim üçün fərqi yoxdur.

- Belə başa düşdüm ki, atanız kimi deputat olmaq istəmirsiz…

- Yox, niyə ki?... Əgər etimad göstərsələr, atamın yolunu davam etdirmək istərdim. Bir şey deyim. Xalq, millət üçün çalışmağı özüm müəyyən edə bilərəm, amma düşünürəm ki, deputat, nazir olmaq tale, qismət məsələsidir.

- Yəqin indiki işinizdən gələcək karyeranız üçün tramplin kimi istifadə etmək fikrindəsiz…

- Milli Məclis balaca yer deyil, burada çalışmaq mənim üçün böyük bir işdir. 40-50 yaşımda belə, bu vəzifə mənim üçün böyükdür. Hələ gəncəm, işləyəcəm, vəzifəmin öhdəsindən layiqincə gələcəyim təqdirdə, məsləhət bilsələr, başqa vəzifəyə təyin edəcəklər. 

«Biznesimi kredit götürüb qurmuşam» 

- Milli Məclisdəki işinizdən əlavə nə iləsə məşğulsuz?

- Bəli. Üç ildir bizneslə məşğulam. Çoxları biznesə dırnaqarası baxır. Amma dövlətə vergi ödləyirəmsə, yanımda 5-10 nəfər çalışırsa, bunun nəyi pisdir ki?

- İndi bizneslə məşğul olmaq o qədər də asan deyil. Gərək əlində mayan olsun. Yəqin atanızın köməyindən istifadə etmisiz...

- Qətiyyən. Həm kredit götürmüşəm, həm də pulu olan dost-tanışımı bu işə cəlb etmişəm. Xırda işdən başlamışam və yavaş-yavaş biznesimi genişləndirməyə çalışıram.

- 20 yaşından biznesə qatılmağınıza atanız narazılıq etmədi ki?

- Etdi,  hətta «başını belə işlərlə qatma, oxu. Oxuduqca irəli gedəcəksən» dedi. Amma mən düşünürəm ki, oxumaqla yanaşı, nəsə iş də görməliyəm.

- Maraqlıdır, biznesin hansı növü ilə məşğulsuz?

- Bu, iqtisadi sirdir.

- Bəzi deputatlar nəinki özlərinə, hətta övladlarına da cangüdən tuturlar. Buna münasibətiniz necədir? - Şükür Allaha ki, əlimiz-qolumuz var. Özüm kiməsə cangüdənlik edərəm. Amma uşaqlarına cangüdən tutan millət vəkillərini də qınamıram. Ola bilsin böyük biznesləri var, başqaları da onlara hədə-qorxu gəlirlər. Buna görə də övladlarının təhlükəsizliyini qorumaq üçün cangüdən tutmaq məcburiyyətindədilər. Amma mənim atam alim adamdır, kiminləsə alış-verişi yoxdur. Buna görə də heç vaxt kimdənsə çəkinməyimizə ehtiyac olmayıb.

- Atanızı bir neçə sözlə necə xarakterizə edərdiniz?

- Mülayim, mərd adamdır. Heç zaman dostlarını yarı yolda qoymaz. 

 

Lalə MUSAQIZI        

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi