Moskvadakı Azərbaycan İcması Evində “Söz buketi, nəqmə çələngi ” başlığı altında Ümumrusiya Azərbaycanlıları Konqresinin dəstəyi ilə ədəbi-bədii gecə keçirilib. Ümumrusiya Azərbaycanları konqresindən verilən məlumata görə tədbirdə Moskvada yaşayıb-yaradan şairlər, ziyalılar, cəmiyyət rəhbərləri, rus - azərbaycan ədəbi ictimaiyyətinin bir sıra tanınmış simaları, diaspora nümayəndələri iştirak ediblər. Modern.az saytı xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinin katibi, Ümumrusiya Azərbaycanlıları Konqresinin müşaviri Nəsib Nəbioğlu qonaqları salamladıqdan sonra Azərbaycan poeziyasından, Azərbaycanın milli söz sərvətindən, xalğımızın misilsiz söz sənətindən, Azərbaycan poeziyasının özünəməxsusluğundan söz açıb.
Nəsib Nəbioğlu vurğulayıb ki, - Dünya yaranandan bəri insanlığın həmişə yaxşı sözə, bədii sənətə, şeirə ehtiyacı olub. Əsl azərbaycan şairləri əsrlərdən bəri bədii sözə, poeziyaya məsuliyyətlə yanaşıb, şairlərimiz üzərlərinə düşən missiyanı həmişə layəqətlə yerinə yetiriblər. Azərbaycan poeziyası bütün dövrlərdə insanlarımızın maariflənməsinə, mədəniyyətimizin inkişafına, milli mənəvi dəyərlərimizin qorunub saxlanmasına xidmət edib. Əbəs yerə xalğımıza şair xalq deməyiblər.
ÜAK- nin əməkdaşı, tarix elmləri doktoru, Beynəlxalq yazıçılar və publisistlər assosiyasının üzvü Əşrəf Hüseynli çıxışında qeyd etdi ki, sənət adamlarının, xüsusilə şairlərin, ədiblərin bir araya toplanması, ədəbi məclislər təşkil etməsi bu günümüz üçün cox vacib məsələlərdən biridir. Görüb-götürmək, bir-birindən öyrənmək, fikir birliyinə nail olmaq baxımından bu məclislərin çox böyük əhəmiyyəti var. Ədəbi məclisə o adamlar maraq göstərir ki, onların dünyagörüşü, yaradıcılıq istiqaməti, bədii zövqü bir-birinə yaxın olur.
Tədbirdə Moskvada yaçayan şairlər - Sultan Mərzili, Əliş Əvəz,Yavər Həsən, Mirabbas Ağdabanlı, Səidə Rəhimli, Yaşar Süleymanlı müxtəlif mövzularda, ən başlıcası isə vətənpərvərlik mövzusunda öz yazdıqları şeirləri səsləndirdilər.
Rus şairi, tərcüməçi Sergey Karatov müasir azərbaycan poeziyasından etdiyi tərcümələrdən nümunələr oxuyub. Tədbirdə tanınmış diplomat Ramiz Abutalıbov, tarixçi Eldar Abbasov, tanınmış hüquqşünas Alışan Zakirov, AYB üzvü Rafiq Qafarov, tanınmış rəssam Qüdrət Qurbanov, tanınmış ziyalı Əli Rzayev, “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov tədbirdə iştirak etməklə yanaşı, Moskva şəhərində olan poetik mühit haqqında öz fikirlərini bildiriblər.
Qeyd edək ki, layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin beynəlxalq ədəbi mühitdə, əsasən Moskvada tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılmasını nəzərdə tutur. Azərbaycan mədəniyyətinin və Azərbaycan poeziyasının təbliği, həm klassik, həm də müasir ədəbiyyatımızın Moskvada tanıdılması, yeni istedadlı yazarların aşkar olunması baxımından əhəmiyyətli olan bir layihədir. Bu istiqaməttdə aparılan işlər gələcəkdə daha da yüksək səviyyədə gündəmə gətiriləcəkdir. Tədbirin sonunda iştirakçılar tərəfindən ürək ağrısı ilə qarşılanan mərhum xalq artisti Mikayıl Mirzənin ifasında mərhum şair Miryusif Mirnəsiroğlunun “ Vətən Balladasi” və “İTTİHAM poeması” adlı videoçarx nümayiş etdirilib.


Modern.az