Bu gün Qarabağ müharibəsi zamanı şəhid olmuş Milli Qəhrəman, yəhudi əsilli Albert Aqarunoviç Aqarunovun doğum günüdür. A.Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Çox erkən yaşlarından musiqilə maraqlanırdı Musiqi məktəbində nəfəs aləti truba sinfini bitirib.
Albertlə eyni vaxtda döyüşmüş keçmiş tabor komandiri Hacı Əzimov Modern.az-a Milli Qəhrəmanla bağlı xatirələrini bölüşüb. O bildirib ki, Albert Aqarunov orduya gələn zaman 21-22 yaşı var idi.
“Sovet vaxtı Gürcüstanın Axalkalaki tank diviziyasında qulluq etmişdi. Milli Ordu yaranada tankçı dəstələr formalaşdırılarkən gəlmişdi. Onunla birlikdə məktəbdə oxuyan Ağababa adlı dostu da gəlmişdi. 1991-ci ilin dekabrı idi. 1992-ci ilin aprelində biz onları Azərbaycanın 1-ci tankı ilə Şuşa şəhərinə göndərdik. Ermənilər onun başına külli miqdarda pul qoymuşdular. Taktiki döyüşləri var idi, düşmənin bir texnikasını da boş buraxmırdı. Gülərüzlü, səmimi insan idi”.
H.Əzimov qeyd edib ki, yəhudi əsilli olmasına baxmayaraq, Albert doğulub-böyüdüyü torpağı çox sevirdi.
“Ailəsinin və onun İsrailə qayıtmaq üçn vizaları var idi. Amma deyirdi ki, müharibə bitəndən sonra gedəcək. Dotlarını, yaxınlarını döyüş meydanında tək qoya bilməz. Amma qardaşıgil sonra İsrailə köçüb getdilər. Bütün kollektiv onu çox istəyirdi. Deyirdi ki, yəhudi olmağıma baxmayaraq, bu torpaqda doğulub, bura onun vətənidir”.
H.Əzimovun sözlərinə görə, Albert Şuşa şəhərinə çıxanda hamı sanki tamaşa seyr edirmiş kimi onu izləyirdi.
“Albertin döyüş əməliyyatlarını hər kəs izləyirdi. Onun çox arzusu var idi, deyirdi ki, bu müharibə qurtarandan sonra zabit olacaq.
Ailəsi ilə əlaqədəyik. Hər il mayın 8-də qardaşı Rantik Aqarunov Bakıya gəlir, Albertin qəbrini ziyarət edir. Bu gün onun adını daşıyan Surxanı rayon 154 nömrəli məktəbdə tədbir keçirildi. Eyni zamanda veteranlar da vaxt etdikcə, onun qəbrini ziyarət edirlər”, deyə H.Əzimov əlavə edib.
Albert Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Komandir Hacı Əzimovun sözlərinə görə, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxıb. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra şəhidlərə tərəf qaçır və meyitləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.
Albert Aqarunov Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Aytən ZƏHRA