
Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun telejurnalist Qulu Məhərrəmliyə qarşı mülki qaydada dəymiş ziyanın ödənilməsi barədə verdiyi şikayət üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bu haqda Modern.az saytına Qulu Məhərrəmlinin nümayəndəsi Nicat Gözəlov məlumat verib.O, Yasamal Rayon Məhkəməsində A.Alışanovun Q.Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında iddia qaldırdığını və hazırda bu işdə linqivistik ekspertizanın təyin olduğunu deyib.
O, Yasamal Rayon Məhkəməsində baxılan işlə bağlı qərar verilənə qədər Nəsimi Rayon Məhkəməsində keçirilən iş üzrə icraatın dayandırılmasını istəyib. Məhkəmə Q.Məhərrəmlinin vəsatətini təmin edib.
Qulu Məhərrəmli bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalarda AzTv-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib.
Bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib. Xatırladaq ki, Arif Alışanov Qulu Məhərrəmliyə cinayət işi açılması ilə kifayətlənməyib. O, Qulu Məhərrəmlidən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib.
Bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edən A. Alışanov məlum müsahibədə şərəf və ləyaqətinin təhqir olunduğunu bildirib və Mülki Məcəllənin 23-cü maddəsinə uyğun olaraq Q. Məhərrəmlinin cərimə olunmasını istəyib. Jurnalistdən 100 min manat tələb edən AzTV sədri ərizəsində bu pulu Körpələr Evinə verəcəyini göstərib.
Gülşən RAUFQIZI