Modern.az

Qəzetlərin 2011-ci illə bağlı hansı planları var?

Qəzetlərin 2011-ci illə bağlı hansı planları var?

Media

6 Yanvar 2011, 12:25

Adətən təzə planların həyata keçirilməsinə təzə il başlayanda start verirlər. Missiyası maarifləndirmək və məlumatlandırmaq olan mətbuat orqanları 2011-ci ildə tərtibat və məzmun baxımından hansı yeniliklər etməyi düşünürlər? Modern.az saytının əməkdaşı bu sualla baş redaktorlara müraciət edib.

“Hesab edirəm ki, yazılarmızı daha da zənginləşdirməliyik”

“İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 2011-ci ildə görmək istədikləri işlərdən danışaraq bildirib ki,  qəzetin dizaynında və formatında mühüm dəyişikliklər edilib və bundan sonrakı mərhələlərdə də onun rəhbərlik etdiyi mətbu orqanın xarici görünüşündə müsbət istiqamətdə yeniliklər olacaq.

“ Mən hesab edirəm ki, yazılarımızda da bəzi çevik dəyişikliklər etməliyik. Cari 2011-ci ildə qəzetdə gedən yazıların zənginliyini artırmaq, ictimai maraq doğuran yazılara daha çox yer vermək üçün müəyyən işlər görməyi planlaşdırmışıq”.

V.Rəhimzadə onu da qeyd edib ki, “İki sahil” qəzeti bundan sonra da əvvəlki buraxılışlardan fərqli və daha mükəmməl şəkildə oxuculara təqdim olunacaq. Qəzetdə gedən materiallar daha da zənginləşdiriləcək.

“Düşünürəm ki, ötən il olduğu kimi, bu ilki yeniliklər də qəzetimiz üçün uğurlu olacaq. Bu il qəzetimizin “İki sahil” adı ilə çıxmasının 20 illiyi tamam olacaq. Bununla bağlı müəyyən tədbirlər planlarımız var”.

“Yaxın günlərdə “Mərkəz” İnformasiya Agentliyi fəaliyyətə başlayacaq”

“Mərkəz” qəzetinin baş redaktoru Nigar Almanqızı sualımıza cavabında bildirib ki, ilk növbədə qəzetdə dərc olunan materialların keyfiyyətində və rubrikalarda dəyişiklik etməyi planlaşdırıblar.

“Yaxın günlərdə “Mərkəz” İnformasiya Agentliyi fəaliyyətə başlayacaq. Biz 2011-ci ildə də hazırki komandamızla çalışacağıq və əlavə müxbir heyəti də işə cəlb etməyi düşünürük”.

 “Mərkəz” qəzetinə yeni gəldiyini söyləyən N.Almanqızı gələcək iş planlarını kollektivlə müzakirə etdiyini bildirib:
“Hələlik yeni ilin ilk iş günlərinə başlamışıq. Yəqin ki, biz bu ilki planlarımızla bağlı yaxın günlərdə toplantı keçirəcəyik. Burada yeni olduğum üçün komanda ilə bağlı müəyyən məsələlər var ki, kiminləsə məsləhətləşmək məcburiyyətində qalıram. Yəqin ki, redaktorlarımızın və kollevtivimizin maraqlı təklifləri olacaq və biz də imkanlarımız daxilində bu təklifləri dəyərləndirəcəyik”. 

“KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə yeni layihəmiz olacaq”

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli  bildirib ki, 2010-cu ildə “KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən həyata keçirilən layihə bu il də davam etdiriləcək.

“Bu çox ciddi layihədir və hardasa yarım il davam edəcək. Bununla bağlı biz bu gün tədbir keçirdik və planlaşıdırmışıq ki, layihəni uğurla davam etdirək”

N.Məmmədli bundan başqa qəzetin ədəbiyyat səhifəsinin dizaynının tam dəyişəcəyini söyləyib. Layihənin formatına uyğun olaraq qəzetdə bəzi əlavə və dəyişikliklər ediləcək.

“Biz qüvvəmizi sərf edəcəyik ki, layihə uğurla həyata keçsin. Hələlik 2011- ci illə bağlı planlarımız bundan ibarətdir. Başqa elə bir planımız yoxdur”.

“Bizim əsas yeniliyimiz kimlərisə təkrarlamamağımızdır”

“Üç nöqtə” qəzetinin baş redaktorunun müavini Şahin Əliyev bildirib ki, “Üç nöqtə” digərlərindən hər zaman fərqli olub. Onun sözlərinə görə, əsas yenilik bundan ibarətdir ki, indiyə kimi, kanallarda və saytlarda verilən informasiyalar bu qəetin səhifələrinzdə təkrarlanmayıb və bundan sonra da beləcə işləri davam etdirəcəklər:
”Bundan sonra da bütün sahələrlə bağlı maraqlı yazılar verəcəyik. Çalışacağıq yazılayımız rəngarəng olsun”.

“Bir sıra maraqlı rubrikalar açacağıq”

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov isə 2011-ci ildə qəzetin  dizaynda dəyişiklik etmək fikrində olduğunu bildirib. O, qeyd edib ki, qəzetdə keyfiyyət baxımından dəyişiklik etmək onların başlıca planlarına daxildir:

“Daha sonra mövzuları ayrı-ayrı səhifələr üzrə yenidən qruplaşdırmağı planlaşdırmışıq və bir sıra maraqlı rubrikalar açmağı düşünürük”.

“Yeni layihələrimiz mütləq olacaq”

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli ötən ildə olduğu kimi, 2011-ci ildə də qəzetdə yeniliklərin olacağını bildirib. O, qeyd edib ki, bunlar yenilik xatirinə yenilik etmək üçün deyil, oxucuların maraqları naminə həyata keçiriləcək.

E.Mirzəbəyli deyib: “Biz gələcəkdə planlaşdırdığımız işlərlə bağlı daim kollevtivlə ümumi müzakirələr aparırıq. Hamı öz təkliflərini, ideyalarını bildirir. Yaxın günlərdə təklifləri ümumiləşdirib bir neçə istiqamətdə layihələrə başlayacağıq. Hələlik bu haqda mən açıqlama vermək istəmirəm. Hesab edirəm ki, məsələ konkret ortaya çıxanda daha düzgün olardı”.

“Dəhşətli bir yenilik olmayacaq”

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid isə qeyd edib ki, hansısa bir yenilik olmayacaq. “Elə həmişəki kimi qəzetimizi çıxardacağıq. 2011-ci ildə dəhşətli bir yenilik planlaşdırmırıq. Adi qaydada qəzetin çapı davam edəcək”

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir