Modern.az

“Dünyada Kəlbəcəri əvəz edəcək ikinci yer yoxdur” - MÜSAHİBƏ

“Dünyada Kəlbəcəri əvəz edəcək ikinci yer yoxdur” - MÜSAHİBƏ

27 Aprel 2016, 09:04


Modern.az saytı 30 ilə yaxındır ki, İsveçdə yaşayan və bu ölkənin Malmö çəhərində uzun zaman memar işləmiş həmyerlimiz Gülnarə Xankişiyeva ilə olan müsahibəni təqdim edir. 

- Gülnarə xanım, necə oldu ki, ucqar Kəlbəcərdən İsveçə getdiniz?

- Mən Kəlbəcərdə doğulub böyümüşəm. 1 saylı Kəlbəcər  orta məktəbini bitirmişəm, 1990-cı ildə isə İnşaat mühəndisləri institutunun memarlıq fakültəsinin məzunu olmuşam. İstəyim rayonumuzda memar olaraq çalışmaq idi. Təəssüflər olsun ki, o vaxtlar ermənilərin bizə qarşı aqressiyaları artmışdı,  rayon demək olar mühasirə vəziyyətində idi.  Bakıda iş axtarmaq məcburiyyətində qaldım və 3 ilə yaxın Azərbaycan Dövlət Sənaye Layihə institutunda işlədim.  1993 ildən İsveçdə yaşayıram. 

 - Və dünyaca məhşur Malmö şəhərini seçdiniz?

 - İsveç vətəndaşı ilə ailə həyatı qurduğum üçün buraya köçmüşəm. Yoldaşım əslən Güney Azərbaycandandır, Danimarkada təhsil alıb, hüquqşünaslıq fakültəsinin məzunudur. Şərait yaranarsa məmnuniyyətlə Azərbaycanda yaşayıb fəaliyyətinə davam etmək istəyir. İsveçə gəldikdən sonra Lund şəhərində memarlıq fakültəsində ixtisasım üzrə təkmilləşmə yönlü bir neçə kurslara getmək məcburiyyətində qaldım, o cümlədən komputerlə dizayn proqramlarını öyrəndim, daha sonralar bərpa və yenidənqurma, insan və ətraf mühit, inkişaf etməkdə olan ölkələrdə mənzil ehtiyacının həlli kimi bir sıra kurslara qatıldım. Bunlardan başqa tikinti idarəetmə və ya inşaat aparıcısı işləmək üçün təhsil aldım,  bir neçə ildən sonra isə azad iş qurmaq məqsədi ilə tam başqa bir sahədə, Malmö stomatologiya institutunda diş tekniki ixtisasına yiyələndim. 2011-ci ildən  bu sahədə çalışıram.

Yeri gəlmişkən deyim ki, İsveçdə təhsil almaq üçün gözəl şərait var. Həsəd aparılacaq bir sistemdir. Belə bir imkanı Azərbaycan üçün çox arzu edirəm.


- İşinizlə bağlı hansı nailiyyətlərə imza atmısınız?

 - Əldə etdiyim nailiyyətlərdən soruşursunuz. Deməliyəm ki, çox zaman  qarşımda olan imkanları lazımınca dəyərləndirməmişəm, şan-şöhrətdən uzaq, daha çox əmniyyətli həyata önəm  verən bir insanam. Zəhmətdən çəkinmirəm, başladığım işi keyfiyyətlə bitirməyə çalışıram. Karyeramda böyük nailiyyətlərim olduğunu düşünmürəm. Haradasa 7 il memar olaraq çalışmışam. Malmö şəhərində Vesterhamnda nəzərdə tutulan müasir qəsəbənin şəhərsalma layihəsini hazırlayan memar qrupunda fəaliyyətim olub. 3 il davam edən bu işdən gözəl təcrübələrim var. Qəsəbənin açılışı 2001-ci ildə oldu. Bundan bir müddət sonra NCC layihə tikinti şirkətində çalışdım. Orada da şəhərsalma üzrə çalışmışam.

 - İsveçdə olduğunuz müddətdə hansısa problemlə qarşılaşmısınız ?

 - Təbii ki, İsveçə köçməyimlə həyatımda bir çox şərtlər dəyişilib. Nəzərə alsaq ki, insan hər gün yeni bir şey öyrənir, gəlişir, bizim üçün bu gəlişmə ilk illərdə çox intensiv xarakter daşıyır, yeni dil, yeni mühit, yeni mədəniyyət. Əlbəttə dünyagörüşünün artması üçün səyahət etmənin əhəmiyyəti danılmazdır . Başqa ölkələrlə müqayisədə İsveç qanun ölkəsidir. İnsan haqlarına yüksək dəyər verən bu ölkədə də haqqsızlıqlar ilə üzləşirik. İnsanlara  fərdi yanaşma tərzləri var, qanun qadağan etsə də irqi, eləcə də dini etiqadlara görə ayrıseçkiliyin qarşısını ala bilmirlər, bunu əsasən karyera arxasınca gedərkən hiss edirsən.

 

- İsveçdə Azərbaycana və azərbaycanlılara münasibət necədir?

- Azərbaycana  münasibəti burada ən çox mediadan hiss etmək mümkündür. Təəssüflə demək istərdim ki, ürək açan deyil. Korrupsiya və insan haqlarına hörmət edilmədiyini əsas tutaraq Azərbaycan haqqında əks təbliğat maşınını işə salıb Azərbaycanın imicinə zərbə vurmaq istəyən qüvvələr var və onların təsir imkanları İsveç mediasında genişdir. Buradakı Azərbaycan diasporası bəzi hallarda etiraz edir. Ən azından Qarabağ ətrafında cərəyan edən hadisələrlə bağlı Azərbaycanın haqlı mövqeyini ortaya qoymaq üçün çalışırıq, nə qədər uğur qazandığımızı demək çətindir, amma həm dərnəklər, həm də fərdi olaraq fəaliyyətlərimiz var.

- Xaricdə Təhsil alan və işləyən gənclərə tövsiyyəniz nədir?

- Xarici ölkələrdə çalışan  və təhsil alan gənclərimizə öncə bol şans arzulayıram! Qayda-qanuna riaəyt etmək çox önəmlidir. Zəhmətdən qorxmasanız  və inadla istəyinizin arxasınca gedərsənizsə uğur sizinlədir. Buralarda hansı sahədə fəaliyyətinizdən asılı olmayaraq işinizdə ciddiyyətinizə və məsuliyyətlə yanaşmanıza şəkk etsələr iş yerinizi həmən itirə bilərsiniz. Yaxşı bir işə sahib olmaq üçün mühacir olaraq digərlərindən dəfələrlə üstün keyfiyyətlərə malik olmalısınız. Məsləhət görərdim gənc yaşlarınızdan siyasi partiyalarda fəaliyyət göstərəsiniz, sizə həm karyera qurmanızda  həm də diaspora fəaliyyətinizdə çox köməyi olacaq. 


- Yeri gəlmişkən, əslən Kəlbəcər rayonundansınız. Yaşadığınız ölkənin təbiəti doğulduğunuz yerlərə oxşayırmı? Yəni Kəlbəcər üçün heç darıxdığınız zamanlar olurmu?

- Bilrisiniz, Vətənə bağlılıq bizim qanımızdadır. Ancaq onu deyə bilərəm ki, dünyada mənim üçün Kəlbəcəri əvəz edəcək ikinci yer yoxdur. Səmimiyyətimə inanın, gerçəkdən Kəlbəcər nəinki Azərbaycanın, dünyanın ən cənnət, bənzərsiz, öz təbiəti, adamlarıyla əvəzi olmayan bir məkandır. Onun qədrini həsrətində olduqda daha yaxşı bilirsən. 

 

Qafar AĞAYEV

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?