Modern.az

Vahid Əhmədov: “Neqativ halları görməzliyə vurmaq dövlətə düşmənçilik siyasətidir...”

Vahid Əhmədov: “Neqativ halları görməzliyə vurmaq dövlətə düşmənçilik siyasətidir...”

Müsahibə

7 Yanvar 2011, 11:02

1990-cı illər deyil ki, ancaq müharibə deyəsən...

Deputatların səlahiyyətləri çox azdır...



Modern.az
saytı bu gündən etibarən “Deputat tribunası” layıhəsinə start verir. İlk müsahibimiz Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovdur.

- Vahid müəllim, bugünkü Milli Məclisinin deputatının nüfuzunu necə qiymətləndirirsiz?

- Milli Məclisin deputatının nüfuzu əsasən onun regiondakı mövqeyi, Milli Məclisdə gördüyü işlərlə əlaqəlidir. Milli Məclisin deputatı seçicilərlə sıx əlaqədə olarsa, onların qaldırdığı  məsələləri həll edirsə, o, bu imkana qadirdirsə, hökumət və onun rəhbərliyi ilə görüşlər keçirə bilirsə, müəyyən məsələləri həll edə bilirsə həmin deputatın nüfuzu təbii ki, yüksək olacaq. Amma ümumi götürəndə mən belə hesab edirəm ki, Milli Məclisdə deputatların Konstitusiya çərçivəsində səlahiyyətləri çox azdır. Bu səlahiyyətlər imkan vermir ki, Milli Məclisin deputatı bəzi məsələləri həll etsin, müəyyən məsələlərə müdaxilə eləsin. Biz Milli Məclisə gələn qanun layihələrində hər hansı dəyişiklik etmək istəyiriksə, bunu nazirlik və hökumətlə mütləq razılaşdırmalıyıq. Gördüyünüz kimi, hazırda çox çətin bir prosedur var. Mən bir millət vəkili kimi, bölgələrdə daim oluram, tez-tez qəbullar keçirirəm, insanlarla görüşürəm. Deyə bilərəm ki, şikayətlər olduqca çoxdur. Müəyyən məsələləri həll etməyə çalışıram. Mən keçən seçkidə də bir çox məsələləri həll etmişəm. Ümumi götürəndə əlbəttə şikayətlərin sayı azalıb. İstər sosial məsələlərlə bağlı olsun, istərsə də məhkəmə məsələləri ilə bağlı osun, müəyyən problemlər var.

Hər halda Azərbaycanda millət vəkilinin nüfuzunun çox yüksək olduğunu düşünürəm. Mən 1990-95-ci illərdə Milli Məclisin İqtisadi-siyasət komitəsinin sədri olmuşam. O zaman Milli Məclisin deputatının nüfuzu çox yüksək idi. Onda biz komissiyaya hər hansı hökumət üzvünü dəvət edəndə onlar çox narahat olurdular, onlarla bəzi məsələləri müzakirə edirdik və hətta tənqidi fikirlərimizi geniş şəkildə şərh edirdik. Ümumiyyətlə, Milli Məclis siyasi arenadır. Orda siyasətin bütün sahələrindən, iqtisadiyyatın bütün sahələrindən, həyatın bütün sahələrindən danışmaq imkanı var. Mən həmişə çalışıram ki, Milli Məclisdə həqiqəti danışım. Milli Məclisdə insanların xeyrinə olan məsələləri həll etməyə çalışıram.

- Necə hesab edirsiniz, deputat sözü cəmiyyətdə, hökumət nümayəndələri arasında keçərlidirmi?

- Bilirsiniz, bu, deputatın özündən aslıdır. Onun cəmiyyətdə tutduğu mövqedən, gördüyü işlərdən aslıdır. Misal üçün, olmayıb ki, hər hansı bir nazirlə görüşmək istəyəm və bu, alınmyıb. İstənilən hökumət üzvü ilə, istənilən icra başçısı ilə mən görüşmüşəm, müəyyən məsələləri qaldırıb həllinə nail olmuşam. Bu yaxınlarda mən “Azadlıq” radiosuna müsahibə verirdim və orda seçicilərdən biri bildirdi ki, deputatların bu gün elə bir səlahiyyəti yoxdur. Millət vəkilləri ancaq səs verməklə məşğul olurlar, qanunlara dəyişiklik etəmək imkanları da yoxdur. Mən bununla müəyyən qədər razılaşıram və müəyyən hissəsi ilə razılaşmıram. Çünki Milli Məclisdə biz çox ciddi məsələləri müzakirə edirik, öz fikirlərimizi deyirik və çalışırıq fikirlərimiz qəbul olunsun.

- Dediyinizdən belə çıxır ki, deputatların səlahiyyətlərinin az olması onların nüfuz məsələsində müəyyən rol oynayır...

- Bəli, 1995-ci ildə Konstiusiya qəbul olunanda bu səlahiyyətlər bir qədər azaldı. Yəni Milli Məclis əvvəllər Azərbaycan hökumətinin istənilən üzvünü çağırıb hesabat istəmək iqtidarına malik idi. Bundan başqa, bəzi mühüm məsələlər həyata keçirilirdi. 1995-ci ildə Konstitusiya qəbul olundu və bundan sonra faktiki olaraq Azərbaycan Prezident Respublikası oldu. Bununla da Milli Məclis deputatı müəyyən qədər öz səlahiyyətlərini itirdi.

- Bu o demək deyil ki, millət vəkilləri seçiciləri ilə bağlı bir çox məsələləri həll etməkdə çətinlik çəkirlər?

- Bilirsiniz, Milli Məclisin deputatı millət tərəfindən seçilir və buna görə də, Milli Məslisin deputatının statusu bir qədər yüksək olmalıdır. Yəni deputatın səlahiyyətləri bir qədər geniş olmalıdır. Onun müəyyən problemləri həll etmək üçün  imkanları da geniş olmalıdır. İstənilən nazirlə, istənilən hökumət üzvü ilə görüşmək imkanına malik olmalıdır. Bundan başqa, millət vəkili istənilən qanunlara dəyişiklik etmək iqtidarında olmalıdır. Bu Milli Məclisin deputatının səlahiyyətləri çərçivəsində olmalıdır. Çox təəssüf ki, bu baxımdan bizdə problemlər var. Bizdə bəzi millət vəkilləri var ki, onlar heç hökumətin üzvləri ilə də görüşə bilmirlər. Cəmiyyətdə tanınmırlar, bilinmirlər və s.

- Bir millət vəkili olaraq bu gün cəmiyyətimizin ən ağrılı problemləri deyəndə nələri önə çəkərdiniz?

- Bir neçə problem var. Ən böyük problemimiz Qarabağ məsələsidir. Qorxuram ki, belə getsə, bu problem arxivə göndəriləcək. Çünki torpaqların azad olunması uğrunda biz nə qədər danışsaq da, real nəticə yoxdur. 1993-cü ildə mən baş nazirin birinci müavini işləyirdim, o vaxtı rəhmətlik Əbülfəz Elçibəy prezident idi. Elçibəy, mən və Tofiq Qasımov ATƏT-lə əməkdaşlığa imza atdıq. Çox arxayın idik ki, ATƏT öz vəzifəsini yerinə yetirəcək və Dağlıq Qarabağ problemini həll edəcək. Təsəvvür edin ki, görün, neçə il keçib bunu üstündən, amma problem həll edilməyib. Düzdür, mən çox razıyam ki, dövlət başçısı Azərbaycanın hərbi potensialının gücləndirilməsi istiqamətində çox böyük işlər görüb və hazırda da proses davam edir. Mən bunları alqışlayıram. Azərbaycan gec-tez öz torpaqılarını azad edəcək. Ancaq tarix göstərir ki, belə torpaqlar heç vaxt sülh yolu ilə qaytarılmır. Belə olan təqdirdə mütləq müharibə variantına əl atılmalıdır. İndi bu, gələn il olacaq, o biri il olacaq, onu deyə bilmərəm.
İkinci ən ciddi məsələ Azərbaycanın daxilində müəyyən qədər korrupsiyanın olmasıdır. Düzdür, deyə bilmərik ki, dünyanın heç bir yerində korrupsiya yoxdur. Amma korrupsiyanın, rüşvətin dərəcəsi Azərbaycanda mən deyərdim ki, yüksəkdir. Müəyyən komissiyalar yaradılıb, dövlət səviyyəsində müəyyən işlər aparılıb, amma Azərbaycan neft ölkəsidir. Azərbaycana küllü miqdarda vəsait daxil olur. İri layihələr həyata keçirilir. Bu layihələrin baş tumasında külli miqdarda vəsait sərf edilir. Bu vəsaitlərə nəzarət mexanizmi hələ ki yoxdur. Biz bir neçə dəfə Milli Məclisdə “Maliyyə nizamnaməsi haqqında” qanun lahiyəsinə baxmışıq. Elə layihələr var ki, ümumi dəyəri 500, 600  milyon, 1 milyard manata yaxın olur. Bu layihələrə hansısa bir orqanın, təşkilatın nəzarət etməsi qeyri-mümkündür. İctimai nəzarət güclü olmalıdır və bununla bağlı qanuna ehtiyac var. Mən Milli Məclisdə məsələ qaldırdım ki, Azərbaycanda olan iri layihələrə nəzarət gücləndirilsin. Çünki bu layihələrin icrasında korrupsiya və rüşvətxorluğa yol verilir. Bu, Azərbaycanda çox ciddi bir problemdir.  Normal vətəndaş cəmiyyəti qurmaq üçün Azərbaycanda korrupsiya və rüşvətin qarşısı mütləq alınmalıdır. Yəni bu baxımdan cənab Prezident tərəfindən böyük işlər görülür.  Ramiz Mehdiyev tərəfindən bu kimi məsələlərin həlli istiqamətində ciddi fəallıq göstərir. Amma yenə deyirəm ki,  Azərbaycana küllü miqdarda vəsait daxil olduğu üçün maliyyə nəzarəti gücləndirilməlidir.

- 2011-ci ilə qədəm qoymuşuq. Millət vəkili olaraq Azərbaycan insanına sözünüz nədən ibarətdir?

- 1991-ci ildə biz müstəqilliyimizi elan etmişik. O müstəqilliyə səs verənlərdən biri mənəm olmuşam. 19 ildir Azərbaycan müstəqil dövlət kimi fəaliyyət göstərir. Bu illər ərzində çox dəyişikliklər olub. Azərbaycan faktiki olaraq, 2003-cü ildən bəri müəyyən qədər stabillik yaşayır. Artıq neft müqavilələrindən gələn vəsait Azərbaycana daxil olur və iri layihələr həyata keçirilir. Bir çox problemlər Azərbaycan dövləti, hökuməti tərəfindən həll olunur. Amma əhalini narahat edən məsələlər də həddindən artıq çoxdur. Məsələn, kənd təsərrüfatının inkişafı məni qane eləmir. Nəzərə alsaq ki, işlək əhalinin 40 %-i kənd təsərrüfatı ilə məşğul olur, buna görə çox ciddi işlər görülməlidir. Böyük yatırımlar qoymalıyıq bu sahənin inkişaf etdirmək üçün. Özümüzü ərzaqla təmin etməliyik. İnsanların müəyyən hissəsi kasıbdır, əziyyət çəkirlər. Pensiyalar aşağıdır, ünvanlı sosial yardım aşağıdır. Heç olmasa yaşayış minimumu hardasa 140-150 manat olmalıdır ki, insanların dolanaşıq səviyyəsi nisbətən yaxşı olsun.

Mən deyərdim ki, biz müstəqil dövlət kimi tanınmışıq, yeni inkişaf mərhələsinə qədəm qoymuşuq. Qarabağ problemi həll olunmayana qədər bizim çox ciddi problemlərimiz qalacaq. Bu problemləri həll eləməliyik, onda Azərbaycan vətəndaşına mənim əsas tövsiyyəm ondan ibarət olar ki, dözmək lazımdır və iradəli olmaq lazımdır. Yəni cəmiyyətdə sözünü deməyi bacarmaq lazımdır. Harada neqativ hal varsa, bunu açıqlamağı bacarmaq lazımdır.
Azərbaycan dövlətinin başçısına kömək  etmək lazımdır ki, ölkəmizdə normal vətəndaş cəmiyyəti formalaşsın. Bu proses hələ başa çatmayıb. Mən faktiki olaraq bütün xarici dövlətlərdə  rəsmi səfərlərdə olmuşam, bir çox insanlarla danışmışam. Ümumiyyətlə, mən insanlarla sıx əlaqədə olan şəxsəm, indi də bögələrdə olan zaman adamlarla ünsiyyətdə oluram, onlarla söhbətlər edirəm. Bu baxımdan Azərbaycanda vətəndaş cəmiyyəti hələ formalaşmayıb. Ancaq bir çox problemlər həll olunur. Məsələn, son vaxtlar mətbuatla bağlı bəzi məsələlər dövlət tərəfindən həll edilməkdədir. Xüsusən də jurnalistlərə ev verilməsi məsələsi, Qeyri-Hökumət Təşkilatlarına dəstəyin formalaşması və s. məsələlər... Bunlar normal cəmiyyət yaratmaq üçün aparılan işlərdir. Buna vaxt  lazımdır və mənə elə gəlir ki, müəyyən müddətdən sonra Azərbaycanda vətəndaş cəmiyyəti yaranacaq. Həmçinin cəmiyyət özü aktiv olmalıdır. Cəmiyyət nöqsanlara göz yummamalıdır. Hər şeyi açıq deməlidir.

- Cəmiyyətdə neqativ halları aradan qaldırmaq üçün nə etmək lazımdır?

- Birincisi, aktiv olmaq lazımdır. Neqativ halları görəndə susmaq olmaz. Elə jurnalistlərin özü belə neqativ halları görəndə çox vaxt susurlar. Kimdənsə çəkinirlər və s. Biz cəmiyyəti, respublikanı daha güclü görmək istəyiriksə onu daxildən möhkəmləndirməliyik.
Mən bir neçə dəfə dedim və indi də deyrəm, çox vaxt müxalifətə düşmən kimi baxırıq. Bu, düzgün deyil. Onlar da bu cəmiyyətin bir üzvüdür. Nə olsun ki, onun fikri fərqlidir. Müxalif fikirlər söyləyə bilərlər. Onlar da azərbaycanlıdırlar. Biz elə etməliyik ki, cəmiyyətdə normal iş getsin. Sovet dövründə biz hamımız istəyirdik ki, hər kəs bərabər yaşasın, heç bir problem olmasın. O zaman uşaqlar instituta daxil olanda onları işlə təmin edirdilər. İndi isə bütün bunların hamısını özün etməlisən. İndi bizdə varlı və kasıb təbəqələr bir-birlərindən çox fərqlənirlər. Kasıb təbəqə çox aşağı səviyyədədir. Bu da cəmiyyətin normallaşmasına çox böyük maneədir. Azərbaycana küllü miqdarda vəsait daxil olur, Dövlət Neft Fondu yaradılıb ki, bu vəsait orada yığılır və gələcək nəsillər üçün saxlanılır. Bu, müsbət haldır. Mən alqışlayıram ki, bu vəsaitin çox hissəsi infrastruktur layihələrə sərf olunur. Yəni yol, işıq, qaz, su problemləri və digər məsələlərdir, bunlar tədricən həll edilməkdədir. İnsanların şəraitinin yaxşılaşdırılması üçün müəyyən işlər görülür. Yeni ildə 3 gün Qubada oldum. Orada artıq belə problemlərə rast gəlmədim. Amma 5-10 il bundan öncə bu istiqamətdə çox ciddi problemlər var idi. Odur ki, vətəndaş cəmiyyətinin normal qurulması üçün biz rastlaşdığımız neqativ halların üstündən ötüb keçməməliyik, həqiqəti deməyi bacarmalıyıq. Jurnalislər də sözün düzünü deməyi bacarmalıdır. Neqativ halları görməzliyə vurmaq dövlətə düşmənçilik siyasətidir. Biz Azərbaycanı güclü görmək istəyiriksə, Qarabağı azad etmək istəyiriksə, cəmiyyət bir olmalıdır. Hamı bir nöqtəyə vurmalıdır. Müxtəlif fikirlər ola bilər, amma strateji məsələlərdə cəmiyyət bir olmalıdır. Bəzən bir çoxları narazılıq edirlər ki, Azərbaycanın dövlət başçısı hərbiyə daha çox vəsait ayırır. Əslində, hərb dövlətin dayağıdır. Dövlət başçısı tamamıilə düzgün addım atır. Hərbi güc dövlətin müstəqilliyinin, əbədiliyinin qarantıdır. Məncə, normal vətəndaş cəmiyyəti olarsa o, dövlətin heç bir problemi olmaz. Azərbaycanın müstəqiliyini istəməyən dövlətlər çoxdur. Biz bunu bilirik. Azərbaycanın qaz ehtiyatı bu dəqiqə trilyonlarla ölçülür. Amerikanın da, Avropanın da  Azərbaycan qazına böyük ehtiyacı var. Həmçinin Azərbaycanın çox böyük neft  ehtiyatı var. İldə hardasa 50 milyon ton neft çıxarılır. Bütün bunları anlamaq lazımdır ki, Azərbaycana kənardan müdaxilələr çox olduqca daxildən birləşmək lazımdır, bir olmaq lazımdır.

- Siz müxalifət məsələsinə toxundunuz. Sizcə, bu ilki parlament seçkiləri Azərbaycan müxalifətini dəfn eləmədi ki?

- Burda dəfn etməkdən söhbət getmir. Mən özüm də müxalifəti bəzi məsələlərdə tənqid edirəm. Müxalifət özü də müəyyən addımlar atmalıdır. İlham Əliyev Azərbaycan dövlətinin başçısıdır, Prezidentidir. İlham Əliyev Prezident seçiləndə onlar başladılar ki, biz onu tanımırıq. Axı İlham Əliyev Azərbaycan dövlətinin başçısıdır, ölkəni idarə edir. Biz isə Azərbaycan vətəndaşlarıyıq. Ona görə müxalifət də Prezidentlə işləməyi bacarmalıdır. Müxalif mövqedə qala bilərsən, müxailif fikirlərini bildirə bilərsən... Amma niyə Prezidentlə işləmirsən, müəyyən mənada sən buna səy göstərmirsən, bəzi məsələlərdə niyə ölkə başçısına yardım etmirsən? Deyə bilərəm ki, son seçkilərdə müxalifət çox zəif çıxış etdi. Düzdür, müəyyən təzyiqlər oldu, biz bunları bilirik, görürük. Amma bu təzyiqlərə baxmayaraq müxalifət işini elə görməlidir ki, hökumət tərəfindən də müəyyən mənada qəbul olunsun. Yəni sırf belə formada ki, yox mən belə istəyirəm, belə olacaq və s. bu, mümkün deyil. Götürək Türkiyəni, orada çox güclü müxalifətçilər var. Onlar lazım gələndə dövlət adamları ilə danışığa da gedirlər. Müəyyən məsələlərdə hökumətin arxasında dayanırlar, vacib məsələləri həll edirlər. İndi 90-cı illərin ab-havası deyil, indi cəmiyyət dəyişib. Azərbaycan indi çox güclü dövlətdir. Azərbaycanın güclü dövlət başçısı var, güclü ordusu var, indi 1990-cı illər deyil ki, ancaq müharibə deyəsən. Müxalifətdə də bir qədərə dəyişiklik edilməlidir. Mən onlara məsləhət görürəm ki, dövlət başçısına müraciət etmək lazımdır, onun ətrafında olan insanlarla əlaqə saxlamaq lazımdır. Ortaq məxrəcə gəlmək lazımdır. Məsələn, Qarabağ  məsələsində niyə ortaq məxrəcə gəlinməsin, ortaq addımlar atılmasın. Elə məsələlər var ki, onunla bağlı birləşmək lazımdır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi