97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev aprelin 28-də Ağdam və Tərtər rayonlarının təmas xəttinə yaxın yaşayış məntəqlərinə baş çəkib.
Təmas bölgəsindəki hazırkı vəziyyətlə maraqlanan millət vəkili düşmənin atdığı mərmilər nəticəsində dağıdılan evlərə baxış keçirib, həmçinin yerli sakinlərlə görüşüb. Ağalar Vəliyev yerli ictimaiyyət nümayəndələri ilə söhbətində əminliklə bildirib ki, Milli Ordumuzun aprel ayının əvvəllindəki qələbələri davamlı olacaq və bu qələbələr tezliklə torpaqlarımızın düşməndən azad edilməsi ilə nəticələnəcək.
Yerli sakinlər isə düşmənin kəndləri atəş altında saxlamalarına baxmayaraq, öz doğma yurdlarında möhkəm dayandıqlarını, ordumuza və dövlətimizə inamlarını ifadə ediblər.
Xatırladaq ki, aprelin 27-də axşam saatlarından başlayaraq gecə saatlarınadək erməni silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələrini iriçaplı minaatanlardan, həmçinin D-30 haubitsalarından atəşə tutub. Nəticədə hər iki rayonda xeyli evə ciddi ziyan dəyib.
Ümumilikdə Tərtər və Ağdam rayonlarında 100-dən çox ev, mağaza, məktəb, bağça, ferma, 1 yarım stansiya və digər obyektlər dağıdılıb. Ağdam rayon sakinlərindən7 nəfər yaralanıb, 2 nəfər isə ölüb.
Modern.az