Modern.az

Çökən Ermənistan xilasını İranda tapır

Çökən Ermənistan xilasını İranda tapır

Dünya

7 Yanvar 2011, 15:09

“Ermənistanla olan münasibətlərimizi də danmırıq”. Bu sözləri  media təmsilçilərinin İran-Ermənistan münasibətlərinə dair sualını cavablandıran İran prezidenti Mahmud Əhmədinejad deyib. Həqiqətən bu iki ölkə arasında əməkdaşlıq göz qabağındadır.

Güney Qafqazda sabitliyə və iqtisadi əməkdaşlığın genişlənməsinə mane olan Ermənistanın işğal faktı hələki aradan qalxmayıb.  Doğma torpaqlarından didərgin düşən azərbaycanlılar  öz yurdlarına qayıtmayıb. Bəs belə məqamda  İranın ermənilərə olan bu münasibəti nədən qaynaqlanır?

Ermənistan prezidentinin İrana rəsmi səfəri zamanı  imzalanan müqavilələrə və görüşlərin detallarına diqqət yetirsək, İranın Ermənistanın xilaskarı olduğu qənaəti yaranır. O zaman  Sarkisyanın rəsmi səfərində  iki ölkənin qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün birgə əməkdaşlığa dair müxtəlif sahələr üzrə 8 sənəd imzalandı. Həmin sahələr bunlardır.
Dəmir yolu nəqliyyatı üzrə əməkdaşlıq və İran İslam Respublikasından Ermənistana birbaşa dəmir yolu xəttinin çəkilməsi, Araz  Su Elektrik Stansiyasının tikintisi üçün kapital qoyuluşu, azad ticarət rejiminin yaradılması, enerji sahəsində əməkdaşlıq, bank fəaliyyətinə nəzarət,  neft məhsullarının nəqli üçün boru kəmərinin çəkilişi, sığorta sahəsində əməkdaşlıq, ixracatın genişlənməsi daxildir.

Səfər zamanı Sarkisyan  mediaya açıqlamasında “İranın həmişə Ermənistana dar günlərdə kömək etdiyini, 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı və  2008-ci ilin avqustunda Gürcüstanda baş verən hadisələr zamanı İran Ermənistandan dəstəyini əsirgəmədiyini” xüsusi vurğulayaraq, İrana təşəkkürünü bildirib. Sarkisyan, daha sonra İranda yaşayan ermənilərlə görüşü zamanı cəsarətlənərək “Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibinə qaytarılmayacağını” bəyan edib.

Son  dövrlər yayılan məlumatlara görə, Ermənistan İranın dəstəyi ilə Araz çayı üzərində gücü 130 mvt olan Mehri su elektrik stansiyasının tikintisinə başlayır. Ermənistanın energetika naziri  iranlı həmkarı Məcid Namcu ilə İrəvanda SES-in tikintisi ilə bağlı memorandum imzalayıblar.

Memoranduma görə, İran və Ermənistan Araz çayı üzərində Cənubi Qafqazda ən güclü iki SES tikəcəklər. Mehri SES Ermənistan, Karaçilar SES isə İran tərəfdə olacaq. Hər bir SES ildə 793 milyon  kVT/saat elektrik enerjisi istehsal edəcək. Ermənistan və İranın energetika nazirləri sərhəd zonalarında Araz çayında təbii mühitin qorunması ilə bağlı memoranduma, üçüncü İran-Ermənistan yüksək gərginli elektrik verilişi xəttinin tikintisi barədə razılaşma da imzalayıblar.Bu layihəni İran İnvestisiya Şirkəti maliyyələşdirəcək: “Memoranduma uyğun olaraq SES fəaliyyətə başladıqdan sonra 15 il ərzində elektrik enerjisi İrana ötürüləcək və bundan sonra  həmin SES Ermənistanın ixtiyarına keçəcək”.

Göründüyü kimi İran işğalçı dövlət olan Ermənistanın köməyinə çatıb. Bütün bunlar isə  islami dəyərlərə,  dini, mənəvi  pirinsiplərə heç cür uyğun gəlmir. İranın bu siyasətinin yalnız qonşu müsəlman dövlətlərındə deyil, həmçinin ölkənin daxilində də xoş qarşılanmadığı  hiss olunmaqdadır

Ümumiyyətlə, dünyanın hər bir ölkəsinin hadisələrə yanaşmada həm iqtisadi, həm də siyasi  maraqlarının olması başa düşüləndir. Ancaq  Ermənistan  kimi təcavüzkar siyasəti həyata keçirən, terrora birbaşa dəstək verən, Cənubi Qafqazda sabitlik üçün potensial təhlükə olan  bir dövlətə qarşı bu qədər səxavətli olmaq heç bir islami dəyərlərə  uyğun gəlmir. Hər hansı iqtisadi dəstək Ermənistanın işğalçılıq siyasətinin davam etməsinə təkan  verir.

Bu gün bizim istəyimizdən asılı olmayaraq dünyada qütbləşmə gedir. Bir çox hallarda xristian təsübkeşliyi nəticəsində  Ermənistanın təcavüzkar siyasətinə göz yumulur.  Bunun nəticəsi olaraq haqlı ilə haqsızın kimliyi bəlli olmur.  Məhz belə məqamda müsəlman dövlət olan İran İslam Respublikasının Ermənistanı himayə etməsi, yeri gələndə həmin ölkəni iqtisadi cəhətdən  dəstəkləməsi yaxşı perspektivlər vəd etmir. Digər tərəfdən bütün bunlar ermənilərin adam kimi razılığa gəlməsinə, bölgədə sabitliyin yaranmasına əngəl yaradır.

Onu da qeyd etmək lazımdır ki, İran-Azərbaycan sərhədinin 132 kilometrlik hissəsi beynəlxalq təhlükə mənbəyidir. Mətbuatın yazdığına  görə, Azərbaycan-İran sərhədinin faktiki olaraq Ermənistan tərəfindən nəzarət edilən 132 kilometrlik hissəsi aktiv şəkildə narkotik maddələrin istehsalı, tranziti, ticarəti və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə olunur.  Şübhəsiz ki, bu zona  hüququn təsir dairəsindən kənarda olduğuna görə qeyd olunan təhlükələrə qarşı vaxtında və adekvat reaksiya vermək çətin məsələdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu