Milli Məclisin iclası davam edir. Modern.az xəbər verir ki, deputat Fərəc Quliyev Azərbaycanın Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlıları bağrına basıb saxladığını vurğulayıb.
Deputat Fəzail Ağamalı son 3 gündə cəbhə xəttində baş verən hadisələrə toxunub. O bildirib ki, Azərbaycan beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin çağırışlarına qoşularaq atəşkəsə əməl edir.
“Amma Ermənistan aprel ayında ona verilən ağır cavabdan dərs almayaraq mülki əhaliyə atəş aşır. Onun bu addımı həmin rejimin tam mahiyyətini ortaya qoyur.
Azərbaycan beynəlxalq konvensiyaya söykənərək ciddi addımlar atmalı, ultimatum verməli və əməl edilməsə son sözünü deməlidir. Dinc sakinlərə qarşı bu təxribatlar dayandırılmalıdır. Nəticə verməzsə, Azərbaycan öz sözünü deməlidir”.
Deputat Aydın Mirzəzadə deyib ki, Ermənistan prezidenti Serj Sarkisyan dünən Azərbaycanla sülh danışıqlara getmək üçün şərtlərini açıqlayıb.
“Bu onun səfeh bəyanatıdır. İşğal edən ölkə özünün təhlükəsizliyini istəyir. Xocalı soyqırımının baiskarı olan Seyran Ohanyanı müdafiə naziri təyin edir. Hətta Hitler də belə bəyanat verə bilməzdi. Bunlar göstərir ki, onlar ciddi böhran içərisindədirlər”.
Aytən ZƏHRA