Elnur Eltürk
Düz deyiblər: Satqının vətəni və milliyyəti yoxdur. Neçə gündür ki, mətbuatda Ermənistanda yaşayan “Talışıstan TV telekanalının xəbərlər xidmətinin rəhbəri” kimi təqdim edilən Zabil Məhərrəmov adında bir simasızın müzakirəsi gedir. Bu zat (əslində ona insan demək düzgün deyil.E.E) baxın nə deyir: “Azərbaycan talışları, ləzgiləri, bütün milli azlıqları istismar edir. Mən bütün talışlara müraciət edərək deyirəm: bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır” bəyanatı bu insanın, nə qədər idbar və ləyaqətsiz olduğunu gerçəkliklə ortaya qoydu.
Zabil Məhərrəmov doğulub boya-başa çatdığı yurda xəyanət edir və yediyi qaba tüpürür. Onun talış insanı haqqında danışmağa mənəvi haqqı yoxdur. Həmçinin, torpaqlarımızın azadlığı uğrunda şəhid olan talış qardaşlarımızın ruhuna təhqirdir. Hansı missiya ilə Ermənistanda yaşadığı bəllidir. Cənub bölgəsindən olan ziyalıların onun bənayatlarına sərt reaksiya verməsi, Zabil Məhərrəmovun və onun arxasında duranların planlarının fiaskoya uğramasına səbəb oldu. Az-çox tarixdən başı çıxanlar bilirlər ki, tarixən Azərbaycanda dini-etnik zəmində ayrı-seçkilik olmayıb və bundan sonra da olmayacaq.
Çünki buna zəmin də yoxdur. Əslində, XX əsrin əvvəllərində Azərbaycan türkləri ilə yanaşı, talış, kürd, ləzgi, avar və s. azlıqlar erməni vandalizminin qurbanına çevriliblər. Tarixi mənbəələr və sənədlər bunu çılpaqlığı ilə sübut edir. Amma, onu da yaxşı bilirik ki, Qarabağda talış,kürd,avar,ləzgi və s. qardaşlarımızla torpaqlarımızın azadlığı uğrunda döyüşdüyümüz vaxtda baş separatçı, vətənxaini Əlikram Hümbətov millətimizə xəyanət etdi. Qarabağ döyüşlərinin həlledici məqamında separatçı Əlikram Hümbətov Füzuli istiqamətində qoşunlarını geri çəkməsi, ordumuzun vəziyyətini çətinləşdirdi və bu isə düşmənin xeyrinə işlədi. Bu gün yaşadığı Hollandiyada antimilli fəaliyyətini davam etdirir.
Onun dəfələrlə işğalçı Ermənistana səfəri, düşmən dəyirmanına su tökmək missiyasından əl çəkmədiyini göstərir. Aydındır ki, mənfur qonşumuz olan Ermənistan Azərbaycanı zəiflətmək üçün etnik separatçılıq toxumlarını səpməyə çalışır. Neçə illərdir ki, bu istiqamətdə Ermənistan xüsusi xidmət orqanları işləyir və Zabil Məhərrəmov kimi şəxsiyyətsizlər bu oyunların qurbanına çevriliblər. Təbii müəyyən bir zamandan sonra Zabil Məhərrəmov onlara lazım olmayacaq. Və, o zaman...!!!