Modern.az

Abortlardan uzaq durun - Həkim ÇAĞIRIŞI

Abortlardan uzaq durun - Həkim ÇAĞIRIŞI

2 May 2016, 14:57

onkoloq, tibb üzrə fəlsəfə doktoru,
ATU-nun Onkoloji Klinikası.
[email protected]

Əziz  xanımlar! Bu dəfə  sizə  onkoloq-mammoloq kimi məni ciddi narahat edən və zəmanəmizdə geniş yayılmış bir məsələdən – abortdan söhbət açacağam. O abortdan ki, xanımlarımızda çox ağır fəsadlarının şahidi olmuşam. Xəstələrlə söhbət zamanı məlum olur ki, hər qadın azı 5-10 dəfə və ya daha artıq abort etdirib. Bu incə mətləb həkimi narahat etməyə bilməz.

Bəzi qadınlar belə düşünür ki, abort eləmək diş çəkdirmək, yaxud  boğazdakı badamcıqların kəsilməsi kimi sadə  əməliyyatdır.  İnanın ki, bu belə deyil. Elmi araşdırmalar təsdiqləyir  ki, doğulmamış uşağı  ana orqanizminin  bir hissəsi hesab etmək düzgün deyil. Yəni uşaq nə qədər kiçik olsa da, ayrıca şəxsiyyətdir. Və həmin şəxsiyyətin həyatı doğuş anından deyil, mayalanma anından başlayır.

Bu baxımdan 60 min abort etmış həkim  Bernard Natarsonun təcrübəsi ibrətamizdir. Belə ki, abortu edəndən sonra bu əməliyyatın nə qədər təhlükəli olduğunu göstərmək üçün Natarson xüsusi texniki vasitələrlə araşdırmalar aparıb. Ultrasəs müayinəsi, embrionun ürəyinin elektron tədqiqi, embrionoskopiya, radiobiologiya vasitəsilə aparılan uzun araşdırmalardan sonra belə  nəticəyə gəlib ki, embrion şəxsi xüsusiyyətlərə malik olan ayrica fərddir! Və bu qənaət müzakirə edilməzdir.

Həmin fikri təsdiq etmək üçün Natarson üç aylıq embrionun abortunu kino lentinə çəkib.  “Səssiz  nalə” adlanan bu lent isbat edir ki, döl əməliyyatı aparmaq üçün istifadə edilən alət tərəfindən gələn təhlükəni hiss edir. O daha tez və narahat hərəkət etməyə başlayır, dölün ürək döyünməsi 140 vurğudan 200 vurğuya qalxır, ağzını geniş açır, sanki səssiz nalə ilə qışqırır.

Bütün bunlara biganə qalmaq mümkün deyil. Və siz də əziz xanımlar, ailənizin maddi durumuna görə, istədiyiniz sayda övladlarınızın olması səbəbindən, yaxud karyeranıza əngəl törədəcəyni düşündüyünüz üçün (səbəblər çox müxtəlif ola bilər) aborta gedərkən bətninizdəki dölün əsl vəziyyətini bilməlisiniz.   

Nəzərinizə çatdırım ki, hal-hazırda  dünyada  aborta  səbəb olan  hallar aşağıdakılardır:

Qadınların 40%- i öz istəyi ilə;

25%-i həyati göstərişlərlə;

23%-i sosial səbəblər ucbatından;

yalnız 12%-i tibbi göstərişlərlə əlaqədar olaraq hamiləliyə son verir.

Sizli-bizli hamımızı bir sual düşündürür: Nə üçün hamiləliyin ən erkən vaxtlarında belə abort etmək qadın orqanizminə ciddi ziyan vurur?

Məsələ burasındadır ki, əziz xanımlar, analar və bacılar, hamiləliyin ən erkən vaxtlarından qadın orqanizminin bir çox sistemlərində, xüsusilə mərkəzi requlyator sistemdə (sinir və endokrin sistemlər) ciddi dəyişikliklər baş verir. Ana orqanizmi ilə embrion arasında sıx funksional əlaqə mayalanma anından etibarən  başlayır. Mayalanmış yumurta hüceyrə uşaqlığın divarına yapışana qədər dölə müxtəlif hormonlar – estrogen, progesteron, prostoqlandinlər və digər bioloji aktiv maddələr təsir edir. Bunlar həmçinin uşaqlığın daxili qışasını embrionun implantasiyasına hazırlayır. Hormonların təsirindən gələcək ananın orqanizmində dəyişikliklər baş verir ki, bu da ən çox hormondan asılı  hesab edilən orqanlarda, yəni yumurtalıqlarda, süd vəzilərində, uşaqlıqda və xarici cinsiyyət orqanlarında özünü  büruzə verir.

Buna görə də, hamiləliyin sonlandırılması ilə nəticələnən bütün müdaxilələr qadın orqanizmində kəskin hormonal  partlayışa səbəb olur. Məhz bu səbəb  abortun hətta ən erkən vaxtlarda belə təhlükəsiz olmadığını göstərir. Sinir və endokrin sistemi arasında harmoniyanın pozulması qadının hipofiz vəzində, qalxanabənzər vəzdə, yumurtalıqlarda normal finksiyanı pozur ki, bu da sinir sistemində müxtəlif dərəcəli dəyişikliklər yaradır. Nəticədə bəzən psixi pozğunluqlar, depressiya və nevroz əmələ gətirir.

Əziz qadınlar! Ailənizin durumunu nəzərə alıb aborta gedərkən öz sağlamlığınızın qeydinə qalmağı da unutmayın. Bilin ki, doğmamış qadının abort  etməsi daha ağır fəsadlara yol aça bilir. Bunun ən ağır nəticələrindən biri həmin qadında SVX-nin (süd vəzi xərçənginin) yaranma riskinin kəskin artmasıdır. Tədqiqatlar  göstərir ki, bu halda süd vəzində xərçəngin əmələ gəlmə ehtimalı 300% çoxalır. Əgər doğmamış qadın bir neçə abort edirsə və birinci uşağını 35 yaşından sonra dünyaya gətirirsə, o halda SVX-yə tutulma riski 8 dəfə çoxalır.

Nəticənin niyə belə olduğunu anlamaq çətin deyil:

Birinci  hamiləlik  zamanı süd vəzi toxumasında xüsusi  dəyişikliklər  baş verir. Bu zaman orqan yeni doğulacaq körpəyə süd verməyə hazırlaşır.  Toxumaların  belə  formalaşması bütün hamiləlik müddətində davam edir və doğuş zamanı yekunlaşır. Əgər  qadın aborta gedərək hamiləliyi sonlandırırsa (təəssüf ki, bu hal müəyyən səbəblər ucbatından özbaşına uşaqsalma ilə hamiləliyi sonlandıranlara da aiddir), bu zaman süd  vəzi hüceyrələri formalaşmamış qalır və onların inkişafı  tamamlanmır. İnkişafını sonlandıran, yaxud hələ inkişafa başlamayan hüceyrələrə nisbətdə belə hüceyrələrin xərçəngə keçməsi ehtimalı nəzərəçarpacaq dərəcədə yüksəkdir.  Bu risk sonrakı hamiləlik və doğuş zamanı hüceyrələrin inkişafının başa çatması müddətinə qədər   davam edir.

Ailədə həm qadın, həm də kişi (ər-arvad) bilməlidir ki, abortun  ağırlaşmaları arasında xüsusi yeri  postabort sindromu təşkil edir. Bu sindrom özündə müxtəlif fizioloji və psixoloji əlamətləri (simptomları) birləşdirir. Əksər  qadınlar həmin vəziyyətin az öncə keçirdikləri abortla əlaqədar olduğunu bilmirlər. Ona görə də postabort sindromun əlamətlərini yadda saxlamağınız vacibdir. Əsas  əlamətlər aşağıdakılardır:

- mayalanma ilə əlaqədar sonsuzluq;

- vaxtından əvvəl doğuş;

- uşaqsalma;

- uşaqlıqdan kənar hamiləlik;

- seksual pozuntular;

- depressiya, günah hissi;

- daha bir hamiləliyə meyllənmə;

- anoreksiya (iştahanın olmaması və qidalanmadan imtina etmək);

- uşaqlarla əlaqədar gecə qarabasmaları və s. 

Abort qadını yalnız konkret zamanda istənilməyən hamiləlikdən azad edir, ancaq  heç  vaxt  günah hissindən və ana ilə uşaq arasındakı bağların qopmasından azad edə bilməz.

Uşaqlıq tərəfindən, yəni ana bətnində abort nəticəsində ağırlaşmalara  ilk  növbədə uşaqlıq boynunun cırılması, qanaxma və uşaqlıq divarının perforasiyası kimi hallar aiddir. Hamiləliyin pozulması zamanı uşaqlıq daxilində manipulyasiya  “kor-koranə” aparılır ki, nəticədə uşaqlıq divarının və uşaqlıq boynunun cırılma riski yüksəlmiş olur. Bu halda da zədələnmənin ölçüsndən və lokalizasiyasından  asılı  olaraq  uşaqlıq  tikilir, ya da zərurət yarandıqda uşaqlıq tam çıxarılır, yəni histerektomiya əməliyyatı aparılır.

Onu da bilin ki, uşaqlıq divarının çoxsaylı qaşınması, yəni abortlar zamanı divar o qədər nazilir ki, növbəti dəfə hamilə qaldıqda hamiləliyin sağ-salamat başa çatdırılması, yaxud elə abortun özü qeyri-mümkün  olur. Çünki hamiləliyin süni yolla pozulması zamanı  zədələnmiş uşaqlıq divarında  iltihab  əmələ  gəlir. Və bilin ki, belə iltihabi proses asanlıqla  müalicə  olunmur. Bu da adətən, düşüklərlə və  ya sonsuzluqla  nəticələnir.

Abortsonrası ağırlaşmalar abortdan dərhal sonra da yarana bilər, bir neçə ay və ya il ötəndən sonra da yarana bilər. Alimlərin tədqiqatları göstərir ki, qadınların 18%-ində abortdan  iki ay sonra uşaqlıq artımlarının  xronik  iltihabı, 11 %-ində uşaqlıq boynunun eroziyası, 7%-ində endoservisit, 4%-də isə menstrual siklin pozulması baş verir. Abortdan iki il keçdikdən sonra bu ağırlaşmalar bir neçə dəfə  çoxalır.

Beləliklə, əziz xanımlar! Yadda saxlayın, təhlükəsiz abort olmur. Abort sağlam qadın orqanizminə ciddi zərbə vurur və istənilməyən hamiləliklərə qarşı kontraseptiv vasitələrdən istifadə etməməyin cəzası kimi qiymətləndirilir. Hətta subyektiv olaraq abortu pis keçirməyən qadınlarda da xərçəng xəstəliyinin inkişafı, müalicə edilməyən sonsuzluq kimi ağır nəticələr baş verə bilər.

Unutmayın ki, hər bir hamiləlik sizə ən böyük xoşbəxtlik olan analıq sevincini dadmağı, ana olmağı qismət edəcək!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı