Modern.az

Türkologiyanın dünənindən: dil, yazı məsələləri

Türkologiyanın dünənindən: dil, yazı məsələləri

Təhsil

5 May 2016, 09:49

filologiya üzrə elmlər doktoru, professor

XX əsrin 20-ci illərində türkoloji düşüncədə dil və yazı məsələləri diqqət mərkəzində olan, müzakirə obyektinin əsas mövzularından olan məsələlərdən biri olmuşdur. İstənilən bir sahənin, o cümlədən türkologiyanın inkişafı təkcə inkişaf kimi başa düşülməməlidir, həm də inkişaf sadə və aydın bir formada həmin sahə ilə məşğul olanlara, hətta maraqlananlara xidmət etmək deməkdir. Bu mənada əgər türkoloji düşüncə türkoloji dünyagörüşün formalaşmasına xidmət göstərə bilmirsə, türkoloji bilgiləri artıra bilmirsə, türkologiya ilə maraqlanan hər kəsə istiqamət verə bilmirsə, onda həmin türkoloji düşüncənin özü hələ də zamandan, dövrdən, elmdən və tarixi reallıqlardan geri qalmaqdan başqa bir şey deyildir.


XX əsrin 20-ci illərində türkologiya sahəsində görüləcək işlərin əsas istiqamətləri içərisində türk dillərinin, onların yazısının dünəni və sabahı barədə türkoloji düşüncə sahiblərinin maraqlı fikirləri, türkologiyanın inkişafına xidmət edəcək mövqeləri olmuşdur. Tarixboyu mövcud olan belə bir həqiqəti etiraf etmək lazımdır ki, elmin müəyyən təbəqəyə, müəyyən qrupa xidməti həmin elmin geniş yayılma imkanlarını əlindən alır, həmin elmi hamının malına çevirə bilmir, həmin elmlə bağlı bilgiləri məhdud çərçivədə saxlayır. Məhz bu cür mədud çərçivədən çıxmağın yeganə yollarından biri nəinki qruplar, təbəqələr arasında, həm də kütlə arasında elmi düşüncəni yaymaq, təbliğ etdirmək və inkişaf etdirməkdir. Məhz türkoloji düşüncə də bu cür yayılmaqla geniş mənada türkologiyanın inkişafına xidmət edibdir. XX əsrin 20-ci illəri mürəkkəb bir tarixi dövr olmaqla türkoloji düşüncənin boy atmasında xüsusilə fərqlənmişdir. Təkcə Birinci Türkoloji Qurultay türkoloji düşüncənin inkişafında müqayisə olunmayacaq dərəcədə böyük rol oynamış bir mərhələdir. Məhz Birinci Türkoloji Qurultay türkoloji düşüncəni inkişaf etdirən müxtəlif sahələr içərisində dilin və yazının inkişafına da böyük önəm vermişdir. Bu, belə də olmalıydı. Ona görə ki, dili inkişaf etməyən xalqın, millətin özü də inkişaf edə bilməz. Dil o zaman inkişaf edir ki, həmin dildə danışan insanlar bir-biri ilə olan əlaqələrini genişləndirsinlər, öz həyatlarının, məişətlərinin inkişafı naminə başqa xalqlarla, millətlərlə ayaqlaşa bilsinlər. Ən əsası və ən başlıcası isə işlətdikləri, danışdıqları dildə yazmağı bacarsınlar. Yazısı olmayan dillər kasıb, kasad dillərdir. Yazı dilin imkanlarını genişləndirir, onun mədəni səviyyəsini yüksəldir, məlumatları, informasiyaları başqalarına yaya bilir. Hər hansı bir dil zəif dil hesab olunursa, həmin zəiflik güclü dillərlə müqayisədə mövcud olur. Güclü dillər isə həm də ona görə güclüdür ki, həmin dillərdə həyatın müxtəlif sahələrinə aid üstünlüklər vardır. Həyatın müxtəlif sahələrinə aid olan üstünlüklər, yəni mədəniyyətə, iqtisadiyyata, texnikaya, elmə və s.-yə aid olan üstünlüklər istər-istəməz dildə özünü göstərir. Axı insanlar əski mədəniyyətin, iqtisadiyyatın, elmin, texnikanın imkanları səviyyəsində qalmırlar. Bunlar dəyişdiyindən insanlar da dəyişir, inkişaf edirlər. Təbii ki, dil də dəyişir, inkişaf edir. Hansı dil bu imkanlardan məhrum olursa, o dil yerində sayır, onun gücü, qüvvəti, potensialı əski imkanlardan o yana gedə bilmir. Məhz dillə bağlı məsələləri bu cür təhlil edənlər içərisində Səməd Ağamalıoğlunun fikirləri də diqqəti cəlb etməyə bilmir. Onun fikrincə, telefon, teleqraf, radio, maşın və s. sahələrə aid dildə söz tapılmırsa, bu, o deməkdir ki, dilin imkanları qeyd olunan sahələri ifadə etməyə kifayət etmir. Onda başqa dillərdən söz götürmək labüddür. (bax: Səməd Ağamalıoğlu. Elmdən və tarixdən. Bakı, 1927, s.5) Səməd Ağamalıoğlu bu labüdlük barədə yazırdı: “Biz özgə sözünü götürməyin ziddində deyilik. Amma o sözlərin qanunsuz, qaydasız götürməyin ziddindəyik. Azərbaycanda bu iş haman qaydasız olubdur”. (bax: Səməd Ağamalıoğlu. Elmdən və tarixdən. Bakı, 1927, s.5)



Səməd Ağamalıoğlu türkoloji düşüncəni, konkret olaraq dillə bağlı düşüncəni inkişaf etdirmək üçün türklərin tarixinə, keçib gəldikləri yola diqqət yetirir, bununla da bəzi incə məqamlara aydınlıq gətirirdi. Məsələn, ərəb xilafəti dövründə ərəblərin elminin, fəlsəfəsinin, ədəbiyyatının, dilinin güclü olduğunu, türklərin bu mədəniyyətdən istifadə etdiklərini, türklərin islam dinini qəbul etdikdən sonra ərəb yazısını da götürdüklərini nəzərə alırdı. (bax: Səməd Ağamalıoğlu. Elmdən və tarixdən. Bakı, 1927, s.5-6) Ancaq bu labüd olan məsələlərlə yanaşı, türklərin çox sözləri ərəbdən götürərək ərəb dilinin qaydasında işlətmələrini, kortəbii olaraq ərəb kəlmələrini ərəb dilindəki kimi səsləndirmələrini düzgün hesab etmirdi. O yazırdı: “Hər dilin özünün forması, qaydası və qanunu var. Hər dil bir tərəfdən sözlərdən ibarətdir: adam, qul, su, dağ, yay, payız... O biri tərəfdən bu sözlər ilə hər bir fikri düzmək mümkündür və bir də sözlərin mənasını dəyişmək mümkün olar. Əgər mən desəm: “Bu gün bazardan on alma alıb, gətirdim evimizə” bunu türkcə bilən başa düşəcək. “Məni bu gündə bazardan on almalardan aldım gətirdim evdən”. Bu cümləni, kim olsa da, başa düşə bilməz. Amma yenə sözlərdir. İş buradadır ki, bu sözlərin düzülüşü türk dilinin qanunu ilə deyil. Bunun yanlışlığı bundadır ki, sözlərin mənasına dəyişiklik verən formalar pozulmuşdur”. (bax: Səməd Ağamalıoğlu. Elmdən və tarixdən. Bakı, 1927, s.7)

Səməd Ağamalıoğlu türk dillərindəki sözlərin hər birinin mənasını başa düşməyi vacib sayırdı. Mənası başa düşülməyən sözləri bilməyin o qədər də vacib olmadığını deyirdi. Və maraqlı müqayisələr gətirirdi. Məsələn, “Quran”ı oxuyan türklərin (təbii ki, ərəb dilində) mində biri oradakı yazıların və sözlərin mənasını bilir. Yerdə qalanlar isə bunu bilmir. Hətta molla “Quran”ı düz oxumağa çalışır, ancaq oxuduqlarının mənasını bilmir. Halbuki “Quran”a qulaq asanlar onun mənasını öyrənmək istəyirlər. Mənasını bilmədiyin bir şeyi dinləmək nəyə xidmət edir? (bax: Səməd Ağamalıoğlu. Elmdən və tarixdən. Bakı, 1927, s.7) Bununla Səməd Ağamalıoğlu mənası bilinməyən hər hansı bir şeyin öyrənilməsini yox, mənası aydın olan hər hansı bir şeyin öyrənilməsini lüzumlu sayır. Bununla da türkoloji düşüncəyə ərəb dilinin kortəbii şəkildə nüfuz etdiyini və nəticədə türk dillərinin qayda-qanunlarına təsir göstərdiyini diqqətə çatdırırdı. Həm də türkoloji düşüncənin türk dillərinin özündən başladığını düzgün bir mövqe kimi qəbul edirdi. Əks təqdirdə başqa dillərin – ərəb, fars dillərinin qayda - qanunlarını türk dillərinə gətirməyi türk dillərini öldürən hərəkətlər sayırdı. O, elmin, texnikanın inkişafı ilə bağlı türk dillərinə daxil olan sözlərin götürülməsini və işlədilməsini düzgün qəbul edirdi. Ancaq həmin sözlərin türk dillərinin qrammatik qayda-qanunlarına uyğunlaşdırılmasını da türk dillərinin inkişafını gücləndirən şərtlərdən biri kimi qiymətləndirirdi. Ərəb, fars, rus dillərindən götürülən ön, son şəkilçilərin türk dillərindəki söz cövhərinə (damarına) pis təsir etdiyini nəzərdən qaçırmırdı.

Azərbaycanda dil məsələsi XIX əsrin II yarısından sonra həmişə müzakirə mövzularından olubdur. XX əsrin əvvəllərindən başlayaraq 20-ci illər də daxil olmaqla dil məsələsi əsas məsələlərdən biri kimi düşüncə sahiblərinin, o cümlədən türkoloji düşüncə sahiblərinin hədəfində olubdur. Bu mənada Səməd Ağamalıoğlu İsmayıl Hikmətin 1925-ci ildə çap olunmuş “Türk ədəbiyyatı tarixində” kitabındakı qarışıq cümlələrə münasibət bildirir, faydasız sözlərlə dolu olan belə cümlələri tənqid edirdi. Bununla dildə bir inqilab etməyi, dildə əsaslı islahat aparmağı məqsədəuyğun sayırdı. Məsələn, İsmayıl Hikmətin kitabından belə bir cümləni nümunə gətirirdi: “18-ci əsrin şüarı ümumi vəziyyətdəki zəif və həzn idi”. Burada “ümumi vəziyyətdəki zəif və həzn idi” lüzumsuz sözlər, onların düzlüşü kimi izah olunurdu. (bax: Səməd Ağamalıoğlu. Elmdən və tarixdən. Bakı, 1927, s.9)

Səməd Ağamalıoğlu dilin köhnəlikdən qurtarmamasını da tənqid edirdi. Xüsusilə, şairlər, yazıçılar köhnəlikdən yaxa qurtara bilmir, ərəb və fars sözlərini işlədirlər. Bununla da Səməd Ağamalıoğlu dilin özünün türkləşməsini, milliləşməsini vacib sayırdı. O, Hüseyn Cavidin şeirindən nümunə gətirirdi:

Ən gözəl çarə: iştə əzm və səbat,
Olma əsla əsiri hissiyyat,
Bırakıb əczi, durmadan yüksəl;
Yüksəl, ey şanlı kahraman, yüksəl!..
Ərz lahutə doğru al şəhpər;
Daima yüksəl, ey böyük rəhbər.

Və bu şeir parçasında türklərə məlum olmayan sözlərin çox olmasını köhnəlik kimi şeir dilində qüsur sayırdı. Məsələn, əzm – dirənmək, səbat – həmişəlik, lahutə - ilahiyyat, şəhpər – qanad. (bax: Səməd Ağamalıoğlu. Elmdən və tarixdən. Bakı, 1927, s.10)

Səməd Ağamalıoğlu yazırdı: “...elmdə, fəlsəfədə özgə sözləri işlətmək olsa da, şeirdə olmaz. Çünki şeirin təbiəti musiqidir və şəkildir. Hər dilin özünün musiqisi var. Ərəb dilinin musiqisini rus dilinə vermək olmaz, rusunkunu da ərəbə vermək olmaz. Həmçinin də türk dili. Bizim şairlər deyirlər ki, özgə dildən qatmasaq, şeir çıxmır. Biz elə bilirik ki, yazan özü şair deyil. Şairlik gücü, hissi onda yoxdur və şeiri ağıl gücünə yaraşdırır. Amma dürüstü mədəni millətlərin tarixində görünübdür ki, dili gözəlləşdirənlər şairlər olub. Bizim şairlər də şairlik ruhunu tapa bilsinlər gərək”. (bax: Səməd Ağamalıoğlu. Elmdən və tarixdən. Bakı, 1927, s.10)

Səməd Ağamalıoğlu hər dilin, o cümlədən Azərbaycan dilinin ruhunun, təbiətinin qorunub saxlanılmasını gərəkli bir iş kimi türkoloji düşüncəyə, məfkurəyə çevirməyi unutmurdu.

XX əsrin 20-ci illərində yazı məsələsi də türkoloji düşüncənin diqqət mərkəzində olmuşdur. Bu mənada Səməd Ağamalıoğlu yazının növlərinə və tarixinə aydın bir izah gətirirdi. Yazının ilk növü olan şəkli yazının get-gedə gəlib heroqlif yazısına keçdiyini söyləyirdi. Onu da qeyd edirdi ki, latın və ərəb yazılarının kökü Misir yazılarından (heroqliflərindən) əmələ gəlmişdir. Onun fikrincə, heroqlif yazısını Misir kahinləri yaradıb: hijeros “molla”, glif “yazmaq, cızmaq”. Beləliklə, Səməd Ağamalıoğluna görə, heroqlif yazısının mənası “bizim dildə “molla yazısı” deməkdir”. (bax: Səməd Ağamalıoğlu. Elmdən və tarixdən. Bakı, 1927, s.11)

Səməd Ağamalıoğlu Misir heroqliflərinin (yazısının) ərəb, latın, yunan yazılarının əsasında dayandığını, yəni ərəb, latın, yunan yazılarının kökünün Misir heroqlifləri (yazısı) olduğunu deməklə kifayətlənmir, həm də ərəb və yunan yazılarının iki böyük fərqini göstərirdi:

Birincisi, bütün semit tayfalarının (ərəb, yəhudi və digərləri) yazısında sait səslərin olmaması, sözün samitlərlə yazılması. Məsələn, Məhəmməd sözü Mhmd, Səməd sözü Smd kimi yazılır.

İkincisi, ərəblər sağdan sola doğru yazır. Yunanlar da əvvəllər sağdan sola doğru yazmış, sonralar soldan sağa doğru yazmaq qaydasını götürmüşlər.

Səməd Ağamalıoğlunun yazının tarixboyu təkmilləşdiyini, sadələşdiyini, insanların xidmətində dayandığını izah etməsi də maraqlıdır. O, yapon heroqliflərinin çətinliyini, bir çox sözlərin yazılışının iki-üç məna verdiyini izah etməklə heroqliflərin də insanların tələbatını ödəmədiyi üçün fonoqrafik yazıya keçdiklərini əsaslandırmağa nail olmuşdur.

Səməd Ağamalıoğlu türklərin islam dinini qəbul etdikdən sonra yazılarını da ərəb yazısına uyğunlaşdırmalarını tarixi gerilik kimi göstərir. Yeni əlifbanı isə texnikası yüksək olan, ərəb əlifbasından üstün olan əlifba kimi qəbul edir.

Səməd Ağamalıoğlu milli yazı məsələsinə də öz etirazını bildirir. O, yazı, əlifba məsələsini teleqraf, telefon, dəmiryolu, avtomobil kimi milli hesab etmir. Ərəb əlifbasını və ərəb yazısını milli hesab edənlərə də etiraz edir. Yeni əlifbanı yeni üsul, köhnə əlifbanı (ərəb əlifbasını) köhnə üsul hesab edir. Yeni əlifbanın binasını türklər içərisində ilk dəfə Azərbaycanın qoyduğunu və Azərbaycanın bu sahədə türk xalqları içərisində irəlidə olduğunu nümunə gətirir. Səməd Ağamalıoğlu yazırdı: “...Kazanda, Özbəkistanda, Türkmənistanda, Krımda yeni əlifba düşmənləri deyirlər ki, əgər Kazan, Krım, Türkmənistan və başqaları yeni əlifbanı götürsələr, qeyri türklərdən ayrılacaqlar. Biz soruşuruq, bu nə deməkdir?” (bax: Səməd Ağamalıoğlu. Elmdən və tarixdən. Bakı, 1927, s.22)

Səməd Ağamalıoğlu yeni əlifba ilə köhnə əlifba arasında mübarizədə yeniliyin qalib gələcəyinə inamla yanaşırdı. O yazırdı: “...iş köhnəlik ilə təzəlik üstündədir. Köhnəlik ilə ərəb əlifbası bağlıdır, necə ki, yuxarıda dedik və ərəb əlifbası köhnəliyə qulluq edir, təzəlik yeni əlifbaya bağlıdır və təzəliyə yeni əlifba qulluq edə bilər”. (bax: Səməd Ağamalıoğlu. Elmdən və tarixdən. Bakı, 1927, s.22)

Səməd Ağamalıoğlu yeni əlifbanın əleyhinə gedənlər içərisində müsavatçıların və bəzi ingilis qəzetlərinin olduğunu da nəzərdən qaçırmır və onlara cavab verirdi. Qeyd edirdi ki, müsavatçıların yeni əlifbanın əleyhinə olmaları onların və partiyalarının əlində bir alətdir, vasitədir. Bəzi ingilis qəzetlərinin yazdıqlarına gəlincə, onlar nə vaxtdan türklərin qeydinə qalıblar? Və o öz qəzetlərində yazırlar ki, türklər yeni əlifbanı götürərsə, islamçılıqdan ayrılacaqlar. Bu baxımdan Səməd Ağamalıoğlu müsavatçılarla bəzi ingilis qəzetlərinin mövqeyinin üst-üstə düşməsinə mədəni inqilabın əleyhinə olan bir iş kimi yanaşırdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə