
Mayın 5-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi İcra Orqanının iclası keçirilib.
AKP-nin mənzil qərargahında keçirilən iclasa partiyanın sədri, Türkiyənin Baş naziri Əhməd Davudoğlu sədrlik edib.
Təxminən 40 dəqiqə davam edən toplantı başa çatandan sonra Əhməd Davudoğlu mətbuat konfransı keçirib.
Modern.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ə.Davudoğlu AKP-nin mayın 22-nə təyin olunan fövqəladə qurultayında sədr vəzifəsinə namizədliyini irəli sürməyəcəyini bildirib. Bu isə o deməkdir ki, Davudoğlu həm də Türkiyənin baş naziri vəzifəsindən getmiş olacaq.
“Partiyamız yeni mərhələyə qədəm qoyub. 22 mayda fövqəladə iclas keçirilməsi qərarı aldım. Razılaşmanın olmadığı yerdə namizəd olmağı düşünmürəm. Verdiyim bu qərarda hər hansı bir uğursuzluq və ya peşmanlıq hissi yoxdur. Həyatda inanmadığım heç bir şeyi etmədim".
Baş nazir prezident ilə əlaqələrinin spekulyasiya edilməsinə icazə verməyəcəyini də qeyd edib.
“Prezidentimizin qüruru mənim qürurumdur. Heç kim mənim dilimdən prezidentə qarşı mənfi bir şey eşidə bilməz. Bunan sonra fəaliyyətimi bir AKP üzvü olaraq davam etdirəcəyəm”.
Fövqəladə qurultayın çağırılması mayın 4-də axşam prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlunun görüşündə qərara alınıb.
Aytən ZƏHRA