Modern.az

“Ziya Məmmədov Quranı oxuyub təhlil edir” - MÜSAHİBƏ

“Ziya Məmmədov Quranı oxuyub təhlil edir” - MÜSAHİBƏ

7 May 2016, 17:02

Elton Məmmədov: "Böyük nəvəm siyasət üçün mübarizə aparmağın nə olduğunu bilir"

Milli Məclisin keçmiş deputatı, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

 -Elton müəllim, hal-hazırda nə işlə məşğul olursunuz?

-Hal-hazırda pedaqoji fəaliyyətlə məşğul oluram. Texniki Universitetdə elmi -tədqiqat laborotoriyasına rəhbərlik edirəm. Elmi-tədqiqatlarım, elmi əsərlərimlə məşğul olaraq öz ahəngim ilə həyatımı yaşayıram. Dövlətimə xidmət edirəm. Həmişə olduğu kimi sədaqətliyik. Cəmiyyətdə millətimizin maariflənməsi ilə, təhsilinin artması ilə məşğuluq.

 -Universitetdə çalışdığınıza görə tələbələrlə sıx ünsiyyətdə olursunuz. Cəmiyyətin maariflənməsi üçün təhsil önəmlidir. Konkret olaraq tələbələrə nələri aşılamağa çalışırsınız?

-Maariflənmə böyük məfhumdur. Gənclərimizin torpağa, vətənə sədaqətli olması vacibdir. Səfərbərliyə hazır olmaq,  yaxşı təhsil alıb dövlət quruculuğunda iştirak etməsi, dövlətə sədaqətlə xidmət etmək, dövlətə töhfə vermək və s kimi məsələləri aşılayıram. Düşünürəm ki, maariflənmənin önündə bunlar dayanmalıdır. Bu amillər vəhdət təşkil edərsə, gənclərimiz həm yaxşı mütəxəssis olacaq, həm sevdikləri peşəyə sədaqətlə xidmət edəcək, həm də cəmiyyət üçün yaxşı vətəndaş olacaq.

 -Bildiyiniz kimi aprel ayının  əvvəlində cəbhədə elan olunmamış qısamüddətli müharibə oldu. Gənclər vətənin müdafiəsinə sözsüz qalxdılar.

 -Uzun müddət siyasətdə olan adam kimi deyə bilərəm ki, biz dəfələrlə xarici görüşlərdə də ki, Ermənistanın  atəşkəsi sistemli pozduğunu qeyd etmişik. Atəşkəs haqqında ümumi memorandum imzalanıb. Amma Ermənistan tərəfi bunu bilərəkdən pozur. Bunlar hamısı provakasiyadır. Cənab prezidentimizin sözü ilə desək, bizləri müharibəyə sürükləmək istəyirlər. Biz dünyaya bəyan etmişik Azərbaycan sülhsevər ölkədir.

Bu məsələni beynəlxalq təşkilatlar tərəfindən sülh yolu ilə həll etməyə çalışırıq. Aprelin əvvəllərində atəşkəsin pozulması nəticəsində Azərbaycan ayıq-sayıqlıq göstərərək suverenliyi uğrunda öz mövqelərini müdafiə etdi və bir az da qabağa gedərək düşməni geri çəkilməyə məcbur etdi.

 -Siyasətdə olduğunuz dönəmləri kitab şəklində qələmə almağı düşünürsünüzmü?

-Keçən ilin noyabr ayında böyük bir siyasi və elmi fəaliyyətim haqqında kitabım çıxıb. Həmin kitabda siyasətlə bağlı uğurlarım, dövlətə, dövlət rəhbərinə sədaqətim vurğulanıb. Həmin kitabda elmi yeniliklər elmi-innovativ  düşüncələr haqqında yazılar qeyd olunub. Bunların hamısı elmimiz üçün çox önəmlidir.

 -Adətən siyasətdə olan insanlar özəl məsələrlə bağlı danışmırlar. Bəlkə də bu, siyasətdə olduqlarındandır. Siz isə hal-hazırda siyasətdən uzaqlaşmısınız. Nəvələrinizlə necə vaxt keçirirsiniz?

-3 nəvəm var. İkisi oğlan, biri qızdır. Böyük nəvəm mənim adımı daşıyır. Baxmayaraq ki, uşaqdırlar amma kifayət qədər məlumatlıdırlar.

2 yaşlı nəvəm bayrağımızı görəndə deyir ki, bu, Azərbaycan bayrağıdır. Azərbaycanın prezidentini də tanıyır. Təbii ki, baba olaraq bu istiqamətdə onlara qonaq gedəndə, ya da onlar bizə gələndə, ictimaiyyət arasında olanda dövlətimizlə bağlı incə məqamları nəvələrimə anlatmağa çalışıram.

Uşaq da böyüklər kimi düşünür. Babasının evinə gələndə onun kitabxanasına baxanda suallar verirlər və mən də cavablandırmağa çalışıram. Böyük nəvəm dövlət üçün, siyasət üçün mübarizə aparmağın  nə olduğunu artıq bilir.

-Siz Nəqliyyat naziri Ziya Məmmədovla qardaşısınız. Mətbuatdan bilirsiniz ki, zaman-zaman Ziya Məmmədov haqqında tənqidi yazılar yazılır. Bu məsələyə yeni  yanaşma ilə münasibətinizi bilmək istərdik?

-Sualınıza görə təşəkkür edirəm. Dəfələrlə bu məsələ ilə bağlı sualları cavablandırmışam. İstər Ziya Məmmədov nazir olaraq, istərsə də mən bu gün Elton Məmmədov olaraq özümü siyasətdən ayrı hiss etmirəm.

Çünki bir ziyalı, bir alim, bir elmlər doktoru ki, elmlə, onun tədqiqi tədrisi ilə məşğuldursa,  o həyatı boyu siyasətdən geri çəkilə bilməz. Hər zaman da sədaqətli olmalıdır. Hər bir şey dövlətçilik prinsipi ilə bağlıdır. Bu gün biz gəncləri maarifləndiririk. Elmə yönəldirik.

Bunlar elmli olsalar cəmiyyətdə gedən proseslərə biganə qalmayacaqlar. Ziya Məmmədov  ulu öndərin siyasətinə sədaqətlə xidmət edib, həm də onun hüquqi varisi, layiqli davamçısı olan cənab prezidentin apardığı uğurlu islahatları dəstəkləyib. Ziya Məmmədov ona həvalə olunan yol-nəqliyyat infrastrukturunun rəhbəri kimi bu sahənin başında durub, ona rəhbərlik edib. Ziya Məmmədov ali baş komandanın strategiyasına xidmət  etmiş bir insandır.

Mən də həmçinin. Daima sözümüzdə, əməlimizdə ulu öndərin siyasəti durub. Bu gün İlham Əliyevin apardığı siyasətin təbliğatçısı olmuşuq. Bunu təbliğ edərək özümüzü, vətəndaş mövqeyimizi xalqımıza nümayiş etdirmişik. Çünki bu dövlətin uğurlu inkişafında hər birimizin marağı var.

-Tez-tez mətbuatda belə yazılar gedir. “Filan sahə Ziya Məmmədovun əlindən alındı”, “Ziya Məmmədovun daha bir səlahiyyəti azaldıldı” və sairə. Ziya Məmmədov səlahiyyətlərinin bir-bir itirilməsindən çox narahatdır? Nəzərə alın ki, Ziya Məmmədov haqqında yazılanları cavabsız qoyur.  Bunun səbəbi nədir?

 -Bildiyiniz kimi Ziya Məmmədov bu tipli məsələlərə heç vaxt münasibət bildirməyib. Amma, o demək deyil ki, biganə qalıb. Sadəcə, Ziya Məmmədov öz səlahiyyələrini, vətəndaş mövqeyini, konstitusion hüquqlarını, vəzifə icra hüquqlarını yaxşı bilir. Ölkənin rəhbəri var. Konstitutsiyamızda cənab prezidentin müstəsna səlahiyyətləri var. Bu müstəsna səlahiyyətlər də cənab prezidentə  imkanlar verir. Dəfələrlə qeyd etmişəm ki, bu məsələr müzakirə mövzusu ola bilməz. Kimsə bunu mətbuatda səsləndirərək hansısa bir şəxsi hansısa dövlət rəhbərinə sədaqətli insanı qıcıqlandıra bilirsə bu ümumi cəmiyyət üçün bir bəladır. Ona görə də həmkarlarınız belə məsələlərdən əl çəkməlidirlər.

Birmənalı bilməlidirlər ki, ölkə rəhbərinin verdiyi sərəncamlar, gedən  struktur dəyişiklikləri, bunların yenilənməsi, şaxələnməsi bizim dövlətimizin inkişafı ilə bağlıdır. Burda hər hansı şəxsiyyət amilinin istəyini cənab prezident nəzərə almır ki, bunu alım digərinə verim. Digəri bu sahəni daha çevik görür. Bu, belə deyil. Sadəcə, ölkə rəhbərinin özünün yanaşma strategiyası, yanaşma konsepsiyası var. Cənab prezident müstəsna səlahiyyəti olaraq konstitusion hüquqlarını icra edir. Bu, müzakirə olunmazdır.

-Ziya Məmmədovun hansı səbəbə görə haqqında yazılanları cavabsız qoyduğunu demədiniz.

 -Ziya müəllim, təmkinli insandır. Hər bir sualın arxasında müəyyən qıcıqlandırma və yaxud da qeyri-reaksiya ola bilər. Çünki Ziya müəllim bilir ki, öz işini yaxşı bilən, ölkə rəhbərinin tapşırılarını icra edən insan özü haqqında heç vaxt təbliğat aparmaz. Çünki xalqın gözü tərəzidir. Xüsusi lahiyələrin icrası, böyük miqyaslı yol-nəqliyyat infrastrukturunun qurulması işin icrası deməkdir. Ziya müəllim səbrli insandır. İftiralara, yalanlara inanmayan insandır. Bilir ki, bunlar hamısı “qara piar”kampaniyasıdır.

Belə şeylərə reaksiya verib cəmiyyəti qıcıqlandırmaq lazım deyil. İnsan o insanla diskussiyaya girər ki, o diskussiyada sağlam, fəlsəfi fikirlər olar. Dövlətçilik prinsipləri önə çəkilər. O zaman insanın mənəvi zənginliyi bir az da zənginləşər. Hesab edirəm ki, Ziya müəllimin dünyagörüşü, Qurani-Kərimi oxuyub dərin təhlil edərək dərk etməsi, böyük ziyalı olması mən deyən fikirlərə əsas verir ki, qeyri-sağlam diskussiyadan uzaq olsun.

 -Qardaşı olaraq sizinlə söhbət zamanı daha çox nədən gileylənir?

 -Gileylənmək yox, sadəcə ailə tərkibində qardaş kimi görüşlərimizdə sağlam fikirlər söyləyirik. Fikir mübadiləsi aparırıq. Hər bir nazir, hər bir deputat hər gün mətbuatla maraqlanır, gedən proseslərə baxır. İşdə olan mətbuat katibi məlumat verir. Bunu üzdə biruzə verməsə də ən azı mövqeyini təhlil edərək daxilində qərar verir.

Ziya Məmmədov təhlilli insandır. Düşünürəm ki, ziyalı olaraq bunları təhlil edir. Həqiqətə uyğun nəsə varsa onu həqiqət kimi qəbul edir. Digərinə də öz-özündə təəssüf edir.

Namidə BİNGÖL  


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı