Qarabağ Azadlıq Təşkilatının (QAT) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Təbriz Universitetinin
“Qarabağ İslam Torpağıdır!” mövzusunda təşkil etdiyi elmi praktiki konfrans İranın dini lideri Seyid Əli Xameneyinin elan etdiyi “Azərbaycan Respublikasının milləti erməni təcavüzünə məruz qalıb, Ermənistan təcavüzkar tərəfdir!” devizi altında keçirilib.
Azərbaycandan QAT sədri Akif Nağı, Ədalət Partiyasının rəhbəri İlyas İsmayılov, Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, yazıçı və publisist Eldəniz Quliyev, politoloq Zərdüşt Əlizadə, şair-publisist Qurban Cəbrayılov tədbirlərə qatılıblar.
Konfransı Universitetin rektoru doktor-professor Məhəmmədrza Purməhəmmədi açaraq tədbirin məqsədini açıqlayıb, sonra bildirib:
"Sizi özümüzdən özümüzü sizdən bilirik. Biz bu konfransı keçirməklə həqiqətin ortaya çıxmasına, Şuşanın və digər Qarabağ torpaqlarının işğalı ilə bağlı həqiqətləri üzə çıxartmağa, bu həqiqətlərin İran cəmiyyətinə çatdırılmasına çalışırıq. Çətin günlərdə Azərbaycan bizim yanımızda olub, biz də həmişə Azərbaycanın yanında olacağıq.”
Tədbirin aparıcısı doktor-professor Məhəmməd Mütəfəkkir Azad Şuşanın işğalı, bu şəhərin Azərbaycan və bütün islam dünyası üçün əhəmiyyətindən danışıb:
“Qarabağ, Şuşa Azərbaycan gənclərinin, bütün müsəlmanların əli ilə azad ediləcək.” Doktor Nikbəxt Şuşanın, Qarabağın tarixi ilə bağlı məlumat verdi, rus işğalının mənfi nəticələrini vurğuladı: “Qarabağ müsəlman torpağıdır, müsəlmanlara qaytarılmalıdır.” QAT sədri Akif Nağı çıxışında bildirib ki, Azərbaycan torpaqlarını öz gücünə işğaldan azad edəcək, lakin Ermənistanın güclü havadarları var, ona görə də bu müharibədə Azərbaycanın da dəstəyə ehtiyac duyur :
“Bu dəstəyi daha çox İran, Türkiyə və Pakistandan, digər müsəlman dövlətlərindən ala bilərik. İran coğrafi mövqeyi, regiondakı təsir imkanları, islam təəssübkeşliyi kimi amillərə görə Dağlıq Qarabağ münaişəsinin həllində ciddi rol oynaya bilər.” Ədalət partiyasının sədri İlyas İsmayılov diqqəti məsələnin tarixi köklərinə və beynəlxalq təşkilatların fəaliyyətsizliyinə yönəldib.
Tahir Kərimli bildirib ki, İran birinci Qarabağ müharibəsində Azərbaycana ciddi kömək göstərib, iki dövlətin arasında birlik həmişə olmalıdır. İran ordusunun istefada olan generalı Kəbiri İran zabitlərinin və əsgərlərinin Qarabağ müharibəsində iştirakından danışıb:
“Mən özüm də Azərbaycanda əsgərlərə təlim keçirilməsində yaxından iştirak etmişəm. Mərhum Heydər Əliyevin vaxtında biz Azərbaycanda 8 min əsgərə təlim keçmişik.
Mənimlə birlikdə 150 nəfər könüllü əsgər Azərbaycana getmişdi. Mən özüm bir neçə döyüşdə iştirak etmişəm, Rəhmətlik Heydər Əliyev bizimlə bir neçə dəfə görüşmüşdü. Biz Azərbaycana 20 milyon dollarlıq silah da yollamışdıq.
Qarabağ Uğrunda İslami Hərəkatın sədri Rövşən Əhmədli bildirib ki, biz bir-birimizə qarşı dözümlü olmalı, artıq tənqidlərdən çəkinməliyik, İran və Azərbaycan vacib məsələlərdə, o cümlədən Qarabağ müharibəsində birgə hərəkət etməlidir.
Daha sonra konfrans iştirakçılarından Eldəniz Quliyev, doktor Kəffaş, doktor Ruhulla Mütəfəkkir Azad, Mehdi Nalbəndi, Zərdüşt Əlizadə, Seyyid Məcud Peyman və digərləri çıxış edərək təkliflərini veriblər.
Təbrizli şair Sədr Məhəmmədi və Azərbaycandan olan şair Qurban Cəbrayıl Azərbaycana, Qarabağa aid şerlərini oxuyublar. Azərbaycandan gələn nümayəndə heyətini Universitetin rektoru Məhəmmədrza Purməhəmmədi qəbul edib, bir sıra məsələlər ətrafında maraqlı müzakirələr aparılıb.
Nümayəndə heyəti həmçinin Təbrizdə Azərbaycan muzeyində, Qacarlar sülaləsinin tarixinə aid muzeydə və digər tarixi yerlərdə olub, maraqlı eksponatlarla tanış olublar.
Səfərin ikinci günü Azərbaycanlı qonaqlar Ərdəbildə imamcüməsi Həsən Amilinin qonağı olublar. Həsən Amili görüş zamanı bildirib ki, Qarabağ bizi ən çox narahat edən məsələdir:
“Biz Cümə xütbələrində ermənilərə lənət oxuyuruq. Qarabağın çox tezliklə azad olunmasını istəyirik. Amerika və Rusiya Qarabağı öz məqsədləri üçün əllərində saxlayıblar.
Onların əli ilə Qarabağı azad etmək mümkün deyil. Millət səhnəyə gələrsə, heç bir xarici dövlət heç nə edə bilməz. Qarabağın azdalığı dini inamın, imanın güclənməsindən keçir. Qarabağda hərb qaçılmazdır. Əgər imkan verilərsə, şərait olarsa, Qarabağda döyüşə getməyə hazıram, bunu özümə borc bilirəm. İranla Azərbaycan bir-birinə daha çox yaxınlaşmalı, birlikdə hərəkət etməlidirlər.”
Azərbaycan nümayəndə heyətinə daxil olanlar da öz növbələrində təşəkkürlərini bildirib, əlaqələrin genişlənməsi üçün təkliflərini veriblər.
Modern.az