Naxçıvan Muxtar Respublikasında (MR) ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən "Ürək-damar xəstəliklərinin bu günü və gələcəyi" mövzusunda VI regional elmi-təcrübi konfrans başlayıb.
Bu barədə Modern.az-a Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, ürək-damar cərrahı Rəşad Mahmudov məlumat verib.O bildirib ki, konfransın keçirilməsində əsas məqsəd bu sahədə olan mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsinin aparılmasıdır.
R.Mahmudov qeyd edib ki, konfrans çərçivəsində Naxçıvanda 22 açıq ürək əməliyyatının icrası nəzərdə tutulub.
“Bununla yanaşı “Ürək-damar” xəstəliklərinin bu günü və gələcəyi mövzusunda böyük bir elmi konfrans keçirildi. Konfransın 300 -ə yaxın iştirakçı olub, sertfikatlar verilib və əsas aktual mövzular müzakirə edilib. Biz 10 ildən artıqdır ki, hər il mayın 10-da ürək-damar xəstəlikləri ilə bağlı mübarizə proqramı çərçivəsində Naxçıvanda bu tədbiri keçiririk. Bu artıq ənənəvi hal alıb.
Əsas məqsəd ulu öndərin ad günündə onun geridə buraxmış olduğu bu gözəl dövlətin, dövlətçiyin davamı olaraq görülən işlərin real nəticəsini göstərməkdir.
Bunu da biz ixtisasçı, həm də vətəndaş olaraq insanların səhiyyə sistemindəki ehtiyaclarını minimuma endirmək, onların səhiyyəyə olan inamının artırılması üçün yüksək innovativ cərrahiyyə əməliyyatları keçirərək bu şəkildə özümüzün o yola, düşüncəyə və Azərbaycanın gələcəyinə olan inamımızı göstərərik.
Əməliyyatlardan 11-i artıq başa çatıb. Hamısı uğurla başa çatıb. Digərləri də mayın 13-ə qədər başa çatacaq. Eyni zamanda xəstəliklərdən 100-ə yaxın əziyyət çəkən insanlarda müayinə və müalicələr tətbiq olunub”.
Qeyd edək ki, konfrans Azərbaycan və Naxçıvan MR-in Səhiyyə Nazirliyi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.