Son bir ayda mən xalqımızı yenidən kəşf etmişəm, desəm, inanın. Aprelin əvvəlləri bütün stereotipləri sındıraraq, rəhmətlik Bəxtiyar Vahabzadə demişkən, “Xalqın qəlbindəki qorxu mülkünü, O gecə dağıdıb sökdü şəhidlər...”. Təkcə qorxunumu, xofumu, ətalətimi… Şəhidlərin bir zaman səsləndirdiyi fikirlərin videoyazısı, yazdıqları məktubların mətnləri “papaq altda oğlanların olduğunu”, ruhumuzun qüdrətli qaldığını bir daha sübut etdi. Ruh demişkən, bir məsələ də yadıma düşdü: ötən şənbə Rəşid Behbudov adına Mahnı Teatrında "M.Teatr Production" un ifasında “Məsəl, ya...” tamaşasına baxdım. Baxdım və aprelin əvvəllərində keçirdiyim hissləri bir də yaşadım: demə, bizim çox, çox-çox istedadlı xalqımız var. Həm qəhrəman, həm cəsarətli, həm də çox istedadlı...
Atəşkəs dövründə cəbhədən gələn solğun xəbərlərdən bədgümanlaşan millət 4 günlük qeyrət savaşından sonra necə nikbinləşdisə, mən də şit və bayağı gülüşlərdən bezərək 7-8 gün dalbadal böyük saraylarda anşlaqla verilən konsertlərə bilet alanlara təəccübümü “Məsəl ya...” tamaşasından sonra eləcə itirdim və çox nikbinləşdim. Nikbin oldum ki, bu xalqın səhnəsi yalnız adını çəkmək istəmədiyim ünsürlərdən ibarət deyil və “papaq altda oğlanlar var”. Özü də tək oğlanlar yox, elə Günay Əhməd kimi qeyrətli və çox talantlı qızlar!!! Allah-allah, bu balaca qızcığazda nə qədər enerji və emosiya var imiş! Tamaşaçıya ötürə bildiyi düşündürücü bir enerji! Mayın 7-də bizim baxdığımız tamaşada o qız, deyəsən bir az nasaz idi, soyuqdəyməsi var idi, ancaq heç bunu hiss elətdirdimi tamaşaçıya?!
Çılğınlıq və pafos, ikimərtəbəli, bəzən üçmərtəbəli fikirlərin çatdırılması üçün jestlər, aydın diksiya, mimika, ifadəli baxışlar!!! Hər şey yerində! Mahnı Teatrı mənə Avropanın ən qabaqcıl teatrlarını xatırlatdı, yanğısı, tamaşaçını hipnoz etməsi, düşündürməsi və güldürməsi ilə! Mən Oqtay Mehtiyevi, Amid Qasımovu, Elgün Həmidovu və Vüqar Hacıyevi birinci dəfə idi ki, görürdüm. Bu cavanlar necə də, ürəkdən, bütün varlıqlarını qoyaraq oynayırdılar-elə bil qarşılarına məqsəd qoymuşdular-Azərbaycan tamaşaçısını teatra qaytarmalıdırlar. Camaatı dəng edən reklamlarla yox, qaynana-baldız problemlərini qabartmaqla yox, ədəbsiz hərəkətlərin hesabına ucuz gülüşlərlə yox və Elza Seyidcahanları təqlid etməklə yox! Düşündürməklə, əsl sənət göstərməklə, dramatik gərginliyin müdrik gülüşlə əvəzlənməsi ilə, insanların yaddaşında dərin iz buraxmaqla! Böyük Üzeyir Hacıbəyovun yazıları əsasında hazırlanmış bu tamaşa ilə çox istedadlı 5 gənc bizi düşündürdülər, bir neçə sual beynimizin dərinliklərinə yazıldı: niyə 100 il ərzində bəzi şeylər heç dəyişməyib, niyə bizim belə çatışmazlıqlarımız var, bunları həll etmək üçün nə edə bilərik və s.
Teatrın bədii rəhbəri, əməkdar artist Vidadi Həsənovun dəst-xətti, rejissorluq məharəti, orijinal düşüncə və yanaşma tərzi aydın hiss olunduğuna görə ona xüsusi minnətdarlıq düşür. Ona görə düşür ki, məhz belə vətənpərvər, millətsevər və qeyrətli oğulların hesabına insanın gözündə öz xalqı qalxır. Xalq qalxanda onun qabağında heç bir erməni, lap dalında nə boyda köpək dayanırsa dayansın, duruş gətirə bilmir. Xalq qalxanda onun bayrağı yüksəkliklərə qalxır, Üzeyir bəyin ruhunu şad edərək bir gün Şuşaya da, o yüksəkliyə də qalxacaq! Belə qeyrətli, qəhrəman və istedadlı övladlar var ikən mən buna ürəkdən inanıram! İndi lap çox inanıram! Siz də inanın!