Bu il ərzində dövriyyədən külli miqdarda keyfiyyətsiz, istifadəyə yararsız mal əti və at əti çıxarılmasına dair 4 fakt qeydə alınıb.
Bu haqda Modern.az saytına Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.
O, faktların daxili işlər orqanlarının əməkdaşlarının əldə etdikləri məlumatlar əsasında həyata keçirdikləri tədbirlər nəticəsində aşkarlandığını bildirib:
“4 faktın hamısı ilə bağlı ayrı-ayrılıqda Cinayət Məcəlləsinin 200-cü(istehlakçı aldatma və ya pis keyfiyyətsiz məhsul istehsal etmə və satma) və 178-ci (dələduzluq) maddələri ilə cinayət işi qaldırılıb.
Hazırda cinayət işləri üzrə zəruri istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir. Cinayət işləri başa çatdıqdan sonra baxılması üçün məhkəmələrə veriləcək”.
Xatırladaq ki, sonuncu belə hal Ağdaşda rayonunda qeydə alınıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Ağdaş rayonunda keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakinləri – Cavanşir Əliyev, Rövşən Hüseynov və Orxan Hüseynov 945 kiloqram mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər əldə etdikləri xəstə, ölü atların ətinin Bakı şəhərində satışını təşkil etmək istəyiblər.
Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at əti istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.
Gülşən RAUFQIZI