Modern.az

Atəşi dayandıra bilməyən “ATƏŞKƏS”

Atəşi dayandıra bilməyən “ATƏŞKƏS”

Qarabağ

12 May 2020, 10:40

Dünyanın super gücləri və onların maraqlarına xidmət edən beynəlxalq qurumlar Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətindəki “səylərini” monoton bəyanatlar üzərində kökləməklə əsas hədəflərini diqqətdən yayındırırlar. 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun vasitəçilik missiyası isə daşlaşmış açıqlamalar verməkdən o yana getmir və bu da indiki məqamda Ermənistanın işğalçılıq niyyətlərini bir az da pərdələyir. 

Azərbaycanla Ermənistan arasında atəşkəsin elan olunmasını özündə ehtiva edən “Bişkek Protokolu” nun müddəalarının tətbiq mexanizmləri də özünü doğrulda bilmir.  Atəşkəs müqaviləsinin imzalanmasından (1994-cü il 8 may) sonra Azərbaycan-Ermənistan cəbhə xəttində mütəmadi olaraq atəşkəsin pozulması hallarına rast gəlinir. Əslində “Bişkek Protokolu” sadəcə olaraq formal hesab oluna bilər.


Keçmiş diplomatdan etiraf

Atəşkəsin əldə olunması istiqamətində danışıqlarda iştirak etmiş ATƏT-in Minsk Qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirovun öz qələmindən çıxanlar da protokolun qeyri-obyektivliyi və ciddi hüquqi qüvvəyə malik olmadığına işarədir. 

“Bu sənəd hüquqi xarakter daşımadığına və üstəlik hüquqi öhdəliklər qoymadığına görə bir növ siyasi müraciət və ya sülhə çağırış idi. Buna görə də Azərbaycan tərəfin təkid etdiyi düzəlişlərin o qədər də böyük əhəmiyyəti yox idi. Bununla belə, Bakı yalnız onun istəklərinin təsbit olunduğu kağızı imzalamağa razılaşırdı”-deyə V. Kazimirov xatirələrində yazır.

Hər il atəşkəsin pozulması halları isə danışıqlar fonuna qara rəng qatmaqla həll prosesini bir az da ləngidir. Belə bir situasiyada “Bişkek Protokolu” nun yalnız simvolik xarakterə malik sənəd qismində “təsəlli” rolunu oynayır. 

Atəşkəsin pozulması isə 2016-cı ilin aprel ayının əvvəllərində daha da intensivləşməklə vəziyyəti dramatik məcraya yönəltdi.  


Məsələ orasındadır ki, nə Azərbaycan, nə də Ermənistan rəsmi şəkildə atəşkəsi pozduğunu bildirir. 

“Bişkek protokolu” na görə tərəflərdən yalnız biri atəşkəsə əməl etməyəcəyini bəyan edərsə, sənəddəki müddəalar qüvvədən düşmüş sayılır. Ancaq atəşkəsin tənzimlənməsinə dair sənədin mövcudluğu indiki şəraitdə faktiki olaraq yalnız nəzəri mülahizələri özündə birləşdirir. 


Azərbaycan Müdafiə Nazirliyinin atəşkəsin Ermənistan ordusunun pozduğu haqqındakı statistikalarında da dəhşətli rəqəmləri görmək olar.

Müşahidəçilər Azərbaycanla Ermənistan arasındakı atəşkəs məsələsinə Rusiyanın nəzarət etdiyi fikrindədirlər. Əksər vaxtlar atəşkəsin məhz Rusiya tərəfinin diktəsi ilə Ermənistan tərəfindən pozulduğu barədə də rəylər var. 

Azərbaycanın müstəqil dövlət olaraq yürütdüyü xarici siyasət kursu birinci növbədə Cənubi Qafqazda və ümumiyyətlə, MDB məkanında əsas söz sahibinə çevrilmək istəyən Rusiyanı narahat edir. 

Kreml cəhd edir ki, Azərbaycan xarici siyasi koordinatlarının tərəzisinin gözü rəsmi Moskvanın xeyrinə əyilsin. 

Bakının Avrasiya İttifaqına qoşulmaqdan imtina etməsi Moskva siyasi dairələrini Azərbaycana qarşı hərəkətə gətirib desək yaınlmarıq. Buna görə də müxtəlif təzyiq metodları işə salınır. 

Sözsüz ki, rəsmi Moskvanın öz çeşidli təxribat xarakterli siyasi texnologiyaları siyahısında Ermənistan ordusuna açıq dəstək vermək tendensiyası da var. Rusiyanın əlaltısı olan Ermənistanın düyməsinin Kremldə olduğu da dəqiqdir və Sarkisyan hakimiyyəti heç zaman Moskvanın maraqlarından kənar addım atmaz.  Deməli, atəşkəs rejimin pozulmasında “Şimaldan əsən küləklər” çox böyük rola malikdir. 


Atəşkəsin indiki zamanda pozulması isə Rusiyanın xeyrinə işləyir. Əks təqdirdə Putin administrasiyasının buyruqçusu olan işğalçı dövlət atəşkəsin pozulmasına görə məsuliyyət daşıdığını dərk edib əməllərindən əl çəkərdi. 

Rusiya atəşkəsin pozulmasında maraqlı görünür

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də Modern.az saytına prosesləri şərh edərkən Rusiya faktorunun üzərində dayanıb.

“Ermənistan atəşkəsi pozan tərəfdir. Atəşkəsin intensiv pozulması adətən sülh danışıqları prosesində pozitiv irəliləyişlər müşahidə olunduğu dövrlərdə baş verir. Ermənilər öz “üstünlüklərini” nümayiş etdirmək, atəşkəsin pozulmasından istifadə edərək bunu, Azərbaycanın üzərinə yıxmaq niyyətindədirlər. Burada Rusiyanın əlinin olması da istisna edilmir.

Ermənistan diversiya qruplarına komandanın rus dilində verildiyi də bəllidir.

Avropa Birliyi və ABŞ-ın səyi ilə status-kvonun dəyişdirilməsi istiqamətində müəyyən addımlar atılır. Bu isə hansısa dairələri narahat edir”-deyə ekspert qeyd edib.

Moskva razılaşması "Bişkek protokolu"nu qüvvədən salır?

2016-cı il aprelin 5-də Moskvada Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla erməni həmkarı Yuri Xaçaturov arasında Rusiya tərəfinin vasitəçiliyi ilə cəbhə xəttində hərbi əməliyyatların dayandrılmasına dair razılıq əldə ediblər.    

Bəs Moskva sazişi 1994-cü ilin may ayının 12-də qüvvəyə minən və atəşkəsin bərpa olunmasına dair “Bişkek protokolu”nu qüvvədən salırmı?

Qabil Hüseynli  hesab edir  ki, “Bişkek protokolu” hələ də gündəmdədir. Ekspert fikrini belə əsaslandırıb ki, adıçəkilən sazişin qüvvədən düşməsi üçün hər iki tərəf bu haqda məlumat verməlidir.


““Bişkek protokolu” hələ də aktualdır. O zaman qüvvədən düşmüş hesab olunardı ki, hər iki tərəf “Bişkek protokolu”nun işləmədiyi haqqında məlumat verib sazişdən imtina etsinlər. Belə bir şey isə baş vermədi. Ona görə də “Bişkek protokolu” qüvvədən düşməyib”.


Politoloqun fikrincə, “Bişkek protokolu”nda müddət nəzərdə tutulmayıb. Politoloq xatırladıb ki, hərbçilər səviyyəsində imzalanan Moskva sazişi atəşin dayandırılması haqqındadır. Onun sözlərinə görə, bu sənəd yalnız mövcud situasiyanın həllinə yönəlib.

“Son nəticədə isə “Bişkek protokolu”nun işləməsinə şərait yaratmaq məqsədi güdür”,-deyə o bildirib.

Və son

2016-ci ilin aprelinin ilk günlərində cəbhə bölgəsində yaşananlar bir daha sübut etdi ki, bu “Atəşkəs müqaviləsi” əslində atəşkəsin dayandırılmasına xidmət göstərmir. Ermənistan istədiyi an atəşkəsi pozur .

Müqavilədə isə işğalçı tərəfə, atəşkəsi pozan tərəfə hər hansısa icbari öhdəlik qoyulmur.

Demək ki, bu “müqavilə” ilə Ermənistan hər an işğalçılıq siyasətini davam etdirə bilər.  

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü