Modern.az

1-ci Türkoloji Qurultaya qədər və ondan sonrakı dövr: Cəlil Məmmədquluzadə - II yazı

1-ci Türkoloji Qurultaya qədər və ondan sonrakı dövr: Cəlil Məmmədquluzadə - II yazı

Mədəniyyət

12 May 2016, 11:06

filologiya üzrə elmlər doktoru, 
professor

Cəlil Məmmədquluzadənin mövqeyi belə idi ki, yazmaq, oxumaq, təlim və tərbiyə işləri doğma ana dilində aparılmalıdır. Onlar milli maraqlar üzərində qurulmalıdır. Bir az dərindən yanaşsaq, görürük ki, “Yeni Əlifba Komitəsi”nin əsas məramı, məqsədi Cəlil Məmmədquluzadənin əqidəsindən qaynaqlanırdı. Bu məsələ barədə Cəlil Məmmədquluzadə hələ 1908-ci ildə “Molla Nəsrəddin” jurnalında “Xanımlar” adlı felyetonunda yazırdı: “... Avropa elmini oxuyanlarımız ana dilimizi yazmağı və danışmağı bacarmırlar. Bunlar gözlərini açan kimi özlərini rus evində görüblər, rus danışığı eşidiblər, rus ibadəti görüblər, rusların içki məclislərini görüblər, xanımların ağalar ilə nəzakət, çəm-xəm və qaş-göz süzdürmə elmlərini görüblər. Söz yox, tərbiyəli rus xanımlarından yaxşı tərbiyə alanlar da olub.

Amma çoxusu qabaqca nağıl elədiyimiz sayaq ilə tərbiyə tapıblar. Bu halımızla, bu qəflətimizlə utanmayıb da deyirik ki, ruslar bizi ruslaşdırırlar.

Genə gürcülərə və ermənilərə yazığım gəlir ki, biçarələr bu barədə bizdən çox geri qalıblar”. (Cəlil Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. II cild, Bakı, “Öndər nəşriyyat”, 2004, s.347)

Göründüyü kimi, Cəlil Məmmədquluzadənin təlim, tərbiyə, təhsillə bağlı mövqeyi 1926-cı ildə Birinci Türkoloji Qurultayda türkoloqların təlim, tərbiyə, təhsillə bağlı qəbul etdikləri qərar və qətnamələrdən qabağa gedir. Odur ki, etiraf etməliyik ki, Cəlil Məmmədquluzadə türkoloji düşüncənin formalaşmasında Birinci Türkoloji Qurultaya qədər əvəzsiz xidmət göstəribdir. Bir daha onu da qeyd etməliyik ki, onun türkoloji düşüncənin formalaşmasındakı xidmətlərinin özünəməxsusluğu odur ki, o, bütün kütlənin düşüncəsinə təsir etmək istedadı və qabiliyyəti ilə fərqlənibdir. Məsələn, 1909-cu ildə yazdığı “Tövhid” adlı felyetonundakı belə bir məqama fikir verək: “ “Tərəqqi” ruznaməsinin 152-ci nömrəsindən başlamış bir neçə nömrələrdə baş məqalələrin cərgəsində Bakı rus-müsəlman şkolalar və müəllimləri barədə bir neçə uzun məqalə dərc olunub. Məqalələri yazan bir nəfər “Sabiq müəllim”dir. Məlumdur ki, “Tərəqqi” qəzeti “Molla Nəsrəddin” kimi məzhəkəli cəridə deyil və bu qəzetdə yazılan baş məqalədə zarafatnan yazılmış bir söz və söhbət gərək olmaya. Lakin yuxarıda ad verdiyimiz şkolaları mübahisəsinin bir yeri bizim üçün məzəli və gülməli nəzərə gəldi”. Cəlil Məmmədquluzadə “Sabiq müəllim”in də, “Tərəqqi” qəzetinin də, “Molla Nəsrəddin” jurnalının da həqiqəti yazdığını hər kəsdən yaxşı bilir. Ancaq yenə də “Molla Nəsrəddin”  sayağı bir üslubla öz mövqeyini oxucuya çatdırır. Oxucu söhbətin nədən getdiyini, əsas mətləbin nədən ibarət olduğunu yaxşı anlayır. Hər kəsin əsas mətləbi başa düşəcəyini bilən Cəlil Məmmədquluzadə “Tövhid” felyetonunda davam edərək yazır: “Ruznamənin 153-cü nömrəsində məqalənin mabədində cənab “Sabiq müəllim” yazır ki: “Tamam Qafqazda türk dilini bir şəxs vardır ki, o cənab da bu dili İstanbulda öyrənibdir. Bu cənabı ortalıqdan çıxandan sonra görərik ki, tamam altı milyon Qafqaz müsəlmanları hamı ürəfa qismi ilə bir yerdə ana dilini necə ki, lazımdır, bilmirlər. Doğrudur, bəzi yazı-pozu bilənlərimiz bu iddiaya düşüblər ki, guya onlar türk dilinə aşinadırlar; lakin bu bir xam xəyaldır... Nə mollalarımız türk dilini necə ki, lazımdır bilirlər, nə mühərrirlərimiz, nə müəllimlərimiz və nə də qeyri savadlılarımız... Türk dilini bilmək üçün gərək onun sərf və nəhvinə, ədəbiyyatına, əruzuna, tarixinə, dilin təbiətinə və bir çox lüğəvi kəlmələrinə bələd olasan...” Cəlil Məmmədquluzadə cənab “Sabiq müəllim”in sözünün canı nədən ibarətdir? sualına cavab axtarırdı. Yəni “Sabiq müəllim”in sözündən belə çıxır ki, mollalar, axundlar, mühərrirlər, müəllimlər türk dilini bilmir. Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” sayağı yazırdı: “Cənab “Sabiq müəllim”in fərmayişindən belə başa düşmək lazımdır: qeyri mollaların da heç biri türk dilini bilmir: nə quranı türk dilinə tərcümə edən axund Mir Məmmədkərim və axund molla Məhəmmədhəsən, nə İrəvanda Mirzə Abdulla Qazızadə, nə Axalsixdə Əli Əfəndi Əfəndizadə, nə molla Həsən Tahirzadə, nə Talıbzadə və bunlardan savayı neçə-neçə qələm sahibləri mollalarımız.


Sonra mühərrirlərimizdən nə Əhməd bəy Ağayev türk dilini bilir, nə Haqverdiyev, nə Məmmədəmin Rəsulzadə, nə Nərimanov, nə Əliskəndər Cəfərzadə, nə Üzeyir cənabları, nə Faiq Nemanzadə (hərçənd İstanbulda təhsil eləyib, amma görünür ki, məqalə sahibi Nemanzadəni də bilməyənlər cərgəsinə qatır).

Bəli, müəllimlərin də heç biri türk dilini bilmir: nə Firudin Köçərli cənabları bilir, nə Sultanməcid Qənizadə, nə Rəşidbəy Əfəndizadə, nə Bakıda kitab yazan müəllimlər, nə Gəncədə axundlar, nə İrəvanda və qeyri şəhərlərin müəllim və qəzet müxbirləri – şairlərdən nə keçənlər, nə də indiki sabirlər, tahirlər, nə Abbas ağa Qayıbovlar”. (Cəlil Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. II cild. Bakı, “Öndər nəşriyyat”, 2004, s.397)  Bununla da Cəlil Məmmədquluzadə türkoloji düşüncəyə önəm verir, türk dilini (Azərbaycan dilini) bilən mollaların, axundların (Mir Məmmədkərim, Məhəmmədhəsən, Mirzə Abdulla Qazızadə, Əli Əfəndi Əfəndizadə, Həsən Tahirzadə, Talıbzadə), mühərrirlərin (Əhməd bəy Ağayev, Ə.Haqverdiyev, M.Ə.Rəsulzadə, N.Nərimanov, Əliskəndər Cəfərzadə, Ü.Hacıbəyov, Ö.F.Nemanzadə), müəllimlərin (F.Köçərli, S.Qənizadə, R.Əfəndizadə və s.), şairlər (M.Füzuli, Xətai, Sabir və s.) düşüncəsinə hörmətlə yanaşır, onları bir növ geniş oxucu kütləsinə təqdim edirdi. Hər kəsə türkoloji düşüncə sahiblərini tanıdırdı. Bu cür türkoloji düşüncənin inkişafına xidmət Cəlil Məmmədquluzadənin özəl və özünəməxsus keyfiyyətidir.

Birinci Türkoloji Qurultayda dilin təmizliyi, terminologiya məsələləri də geniş müzakirə obyekti olmuşdur. Bu məsələlər də Cəlil Məmmədquluzadənin yaradıcılığında ana xətti təşkil edir. Cəlil Məmmədquluzadə  dilin təmizliyi ilə bağlı yazdığı felyetonlarda yenə də türkoloji fikrin hər bir oxucuda formalaşmasına və onun inkişafına xidmət etmişdir. Mətləbi başa salmaq üçün demişdir ki, “... bizim Cəfərin anasının ev təmizləməyilə osmanlıların dil təmizləməklərində bir fərq görmürəm”. Bunu 1909-cu ildə “Molla Nəsrəddin” jurnalında yazdığı  “Təmizləmək” felyetonunda gündəmə gətirirdi. O, “Təmizləmək” felyetonunda yazırdı: “Pəh-pəh! Zalım oğlu kim bilir, nə qədər zəhmətdən sonra kəşf edib ki, “babalarımız ərəb və fars sözlərini dilimizə ondan ötrü qarışdırıblar ki, hər yerdə olsa, islamlar bir-birilərinə tanış olsunlar”.

Heç belə doğru söz ömrümdə eşitməmişdim! Bax, filosofluq, tarix bilməklik buna deyərlər. Yoxsa, Əhməd Müdhət, Nəcib Asim və Vələd Çələbi kim cahillər, hey uzun türk tarixləri yazıb göstərirlər ki: “Babalarımızın köçəriliyi, cahangirliyi, islam dinini ərəb dililə öyrənməkləri, “alimliyi” ərəb və fars dillərini bilməkdə qanmaqları, “Məsnəvi”yi fars dililə yazmaqları, öz millətlərinin gələcəyini layiqilə düşünməməkləri... və qeyrə, qeyrə dilimizə ərəb və fars sözlərinin dolmağına səbəb olub”.

Bunlar da sanki söz danışırlar. Sözün doğrusu, “C.Y.” cənablarınındır ki, buyurub; əgər belə olmasa, ərəbistanlı bir ərəb hardan farsın dilini qanır və şirazlı hardan Azərbaycan türkcəsini başa düşür? Əgər belə olmasa idi, müsəlmanlar hardan bir-birilərini belə gözəl tanıya bilərlərdi?” (Cəlil Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. II cild. Bakı, “Öndər nəşriyyat”, 2004, s.425) Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”in üslubuna uyğun şəkildə ərəb, fars kəlmələrinin türk dillərində özünə geniş meydan almasının səbəblərini açıqlayır, həm də onun həllinin vacib olduğunu oxucu kütləsinə çatdırırdı. Məhz Cəlil Məmmədquluzadə belə bir maarifləndirici yolu tutaraq türkoloji düşüncənin formalaşmasında və inkişafında vətəndaş-ziyalı mövqeyini ortalığa qoyurdu. Təhsil, maarif sahəsində irəli getmək üçün əlifbanın böyük önəm daşıdığını əhəmiyyətli bir iş sayırdı. Əgər “Yeni Əlifba Komitəsi”nin gündəmə gətirdiyi əlifba məsələsi XX əsrin 20-ci illərindən sonra müzakirə obyekti olmuşdusa, Cəlil Məmmədquluzadə bu məsələni XX əsrin əvvəllərində müzakirə obyektinə çevirmişdi. Əslində Cəlil Məmmədquluzadə “Yeni Əlifba Komitəsi”nin üzvlərini, fəallarını əlifba məsələsində də hərəkətə gətirmiş, yardımçı rol oynamışdır. O, XX əsrin əvvəllərində bu məsələni dəfələrlə felyetonlarında müzakirə obyektinə çevirmişdir. 1913-cü ildə yazdığı “Əlifba” felyetonunda əlifba ilə bağlı oxucu kütləsini maarifləndirir, onları düşünüb-daşınmağa məcbur edir, papaqlarını qabaqlarına qoyub fikirləşməyə məcbur edirdi. Başa salmaq, anlatmaq Cəlil Məmmədquluzadənin yolu, üslubu idi. Bu mənada o, “Əlifba” felyetonunda yazırdı: “Lazımdır avam camaatı başa salmaq, yoxsa birdən-birə desən ki, “bu Balkan davası bizim əlifbamızın davasıdır”, əlbəttə, bu sözlər damnan düşmə sözə bənzəyəcək; dəxi heç kəsin qulağına girməyəcək. Sözü lazımdır ehmalca demək, “pişiyim-pişiyimnən” demək. O demişkən, “söz var ki, dağa çıxardar, söz var dağdan endirər”. Yoxsa avam camaat nə sənin məqaləni oxuyar, nə də oxusa, təsdiq eləyər; qalarsan meydanda tək-tənha.

Və bir də səndən də savayı qəzetçi var: kimdir əlifba sözünü danışan? Sözün var, - söz de! Davadan yazırsan, topdan-tüfəngdən danış; Balkan hara, əlifba hara?” Cəlil Məmmədquluzadə “Əlifba” felyetonunda yenə də “Molla Nəsrəddin” sayağı yazır: “Bəlkə eşitmiş olarsınız, Albaniya tayfasını ki, osmanlılar arnaud deyirlər, - bunlar həmin millətdirlər ki, miqdarı ikicə milyon ola-ola yapışıb osmanlıların yaxasından və deyir ki, “gərək izn verəsən biz ərəb hürufatı əvəzinə latın hürufatı qəbul edək, ya da ki, xəncəri əldən yerə qoymayacağıq”.

Bu sözləri deməkdə arnaudlar belə xəyal eləyirlər: onlar bilirlər ki, nə qədər ərəb hürufatilə yazı-pozu eləyirlər, mətbuatları tərəqqi tapmayacaq, milli ədəbiyyatları puç olacaq, dilləri hörmətdən düşəcək və axırda özləri də arnaudluqdan çıxıb, qeyri bir güclü millətə qarışıb, yox olacaqlar; necə ki, bizlər və bizdən də savayı sair müsəlman qardaşlar”. (Cəlil Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. II cild. Bakı, “Öndər nəşriyyat”, 2004, s.531) Cəlil Məmmədquluzadə bu cür uzaqdan başlamaqla əsas hədəfə doğru gəlməyi bir üslub kimi seçmişdir. Onun əsas hədəfi türk xalqlarının ərəb əlifbasından istifadə etməsi məsələsi idi. Və bu əlifbanın çətinliklərini başa düşdüyü üçün onu yeni əlifba ilə əvəz etmək idi. Ancaq bunu arnaudların mövqeyindən başlayır və əsas hədəfə gəlirdi. “Əlifba” felyetonunda davam edərək yazırdı: “Budur mənim sözüm, əzizim ta niyə atılıb düşürsən: ya gərək tarixə belin bağlı ola, ya da ki, yeri-göyü yox yerdən xalq eləyən bir Allaha ki, arnaud kimi bir bic milləti yaradıb, ötürüb bu dilsiz-ağızsız Osmanlının üstünə; deyir ki, mənə azadlıq ver, məni idarə eləməyə sənin ləyaqətin yoxdur, sənin şalvarın gendir, nə bilim zehin dardır, özün kobudsan, mənə dil lazım, mətbuat lazımdır, yoxsa bu ərəb heroqlifləri bizi bir yana çıxartmaz, bu hürufata biz layiq deyilik; buna layiqdir müqəddəs ərəblər, farslar, naxçıvanlılar, kitaylılar, yəcuclar.

Pəh, pəh, pəh! Sözə bax sən Allah! Dilin lal olsun söz danışan!” (Cəlil Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. II cild, Bakı, “Öndər nəşriyyat”, 2004, s.532) Bundan artıq əlifba ilə bağlı əsl həqiqəti demək mümkün idimi? Hər halda mümkün olanı Cəlil Məmmədquluzadə deyirdi və onun dedikləri, yazdıqları türkoloji düşüncənin formalaşmasında və inkişafında qaynaq, mənbə rolunu oynayırdı. Bir daha qeyd edirik ki, onun dedikləri, yazdıqları hər bir kəsin türkoloji düşüncəsinə, ancaq hansısa alimin, türkoloqun dedikləri və yazdıqları məhdud bir dairənin türkoloji düşüncəsinə xidmət edirdi. Bu da əsas verir deyək ki, Cəlil Məmmədquluzadə türkoloji düşüncənin formalaşmasında və inkişafında əvəzsiz bir xidmət göstərirdi. Onun xidməti avam kütləyə maariflənməyi, təhsil almağı, doğma ana dilində yazmağı, oxumağı bacarmasını başa salmaqdan ibarət idi. Milli mənliyi, kimliyi, hansı dinə xidmət etməsi, hansı vətənin, məmləkətin övladı olmasını anlatmaq idi. O bunu bacarırdı və hətta avam kütləni də düşünməyə məcbur edirdi. Bu mənada 1914-cü ildə yazdığı “Dili tutulub” felyetonunda oxuyuruq: “Necə ki, insan ölüb torpaq olur, bu torpaqdan ot, meyvə və çörək bitir və insanlar yeyir və insanlardan yenə dübarə övlad törəyir və yenə ölür və yenə dirilir və belə-belə yenə min-min illər keçir və yenə əflak dolanır, habelə Göyçayda, Tiflisdə, Bakıda oxunan dilimiz.

Əcəl ki, tamam oldu, millətin dili yox olur; yəni tutulur. Nə eybi var, müsəlman olmasın, rus olsun, firəng olsun, axırda yenə hamı öləcək və bunların yerinə təzə millətlər dünyaya gələcəklər.

Budur təbiətin qanunu!” (Cəlil Məmmədquluzadə. Əsərləri. Dörd cilddə, II cild, Bakı, “Öndər nəşriyyat”, 2004, s.544)

Cəlil Məmmədquluzadə dəfələrlə əlifba məsələsini təhlil, müzakirə obyektinə çeviribdir. “Yeni Əlifba Komitəsi”nin Krım-Türküstan ellərinə səfərindən beş ay qabaq “Təzə əlifba” adlı felyetonunda bir daha öz mövqeyini ortalığa qoyub. Bu məqalə də bir daha təsdiq edir ki, Cəlil Məmmədquluzadə “Yeni Əlifba Komitəsi” əməli fəaliyyətə başlayana qədər öz məqalələri ilə faydalı işlər görmüşdür. Açıq şəkildə qeyd etmişdir ki, yeni əlifbanı hazırlayan, bişirən və ortalığa çıxaran vardır. Əlbəttə yeni əlifbanı hazırlayan, insanları bu baxımdan maarifləndirən, yeni əlifbanı bişirən və ortalığa qoyanlardan biri də Cəlil Məmmədquluzadə idi. O özü də “Təzə əlifba” felyetonunda bu məsələyə işarə edir. O yazır: “Adam bir çanax dadlı aşı qabağına qoyub, yeyəndə gərək bilə ki, bu aş harada bişib və kim bişirib. İnsafdan uzaqdı ki, qaşığı götürüb, başını aşağı salasan və maçhamaç ilə yeyəsən və xalqı da şişirdəsən. Amma heç soruşmayasan ki, görəsən, bu aşı bişirən kimdi”. (Cəlil Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. III cild, Bakı, “Öndər nəşriyyat”, 2004, s.157) Cəlil Məmmədquluzadə “Adam bir çanax dadlı aşı qabağına qoyub, yeyəndə gərək bilə ki, bu aş harada bişib və kim bişirib” deyəndə “Təzə əlifba”nı da bişirib ortalığa qoyanın kim olduğunu, daha doğrusu,  bu əlifbanın özünə yer alması yolunda zəhməti olanları yada salmağı işarə edirdi. O cümlədən o yada düşənlər içərisində onun da zəhməti əvəzsiz idi.

Cəlil Məmmədquluzadə yeni əlifbanın, təzə əlifbanın tərəfdarı olanları bir vaxtlar  “vətən xaini” hesab edənlərin  olduğunu, indi isə bunun müştərilərinin sayının artdığını “Təzə əlifba” felyetonunda qeyd edirdi. O yazırdı: “Söhbət bu təzə latın əlifbası üstündədir.

Bir vaxt var idi ki, yeni hürufatçıları az qalırdılar adam içindən qovub çıxardalar.

“Budu, gəldi səfahətin kanı”. Bir vaxt var idi ki, yeni hürufatçıların adını vətən xaini qoymuşdular.

Amma indi gəl, gör. Bu yeni əlifbanın üstünə indi o qədər müştəri tökülüb ki, heç bilmirsən bişirən kimdi, düşürən kimdi”. (Cəlil Məmmədquluzadə. Əsərləri. Dörd cilddə, III cild. Bakı, “Öndər nəşriyyat”, 2004, s.157)

Cəlil Məmmədquluzadə yeni əlifbanın müştərilərinin sayı artdıqdan sonra bu yeni əlifbanı bişirənlərə macal verilmədiyini də bir kinayə ilə, istehza ilə qeyd edirdi. Həmin macal verilməyənlərdən biri də Cəlil Məmmədquluzadənin özü idi və o, buna işarə də edirdi. Bu mənada “Təzə əlifba” felyetonunda yazırdı: “Hərə əlinə bir qaşıb alıb, hücum çəkiblər bir nimçə dadlı yeni əlifba aşının üstünə.

Hətta dünən küçə ilə keçərkən gördüm təzə qonaqların bir neçəsi qollarını çırmayıb, düşüblər nimçənin üstünə. Aşı bişirənlərin biri aşağıdan yuxarı elə hey haray təpirdi ki, ay nainsaflar, axır bir mənə də macal verin.

Qolları çırmaqlı cavanlar heç qulaq asmırlar.

Axır atalar deyiblər ki, bir nimçə ləzzətli aşı ki, qoydular qabağına, insafdan uzaqdı ki, onu yeyəndə soruşamayasan ki, bu aşı bişirən kimdi, düşürən kimdi?” (Cəlil Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. III cild, Bakı, “Öndər nəşriyyat”, 2004, s.157)

Doğrudan da, Cəlil Məmmədquluzadə yeni əlifbanı hələ XX əsrin əvvəllərindən “bişirən, düşürən” kəslərdən biri olmuşdur. Ancaq görünür ki, bu məsələdə Cəlil Məmmədquluzadəyə biganəlik, laqeydlik olmuşdur. Və bu biganəlik, laqeydlik də “Təzə əlifba” felyetonunda, felyetonun məzmununda aydınca görünür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu