Modern.az

“Arif və Mustafa Hacılı qardaşları Müsavatı zibilləyiblər” - MÜSAHİBƏ

“Arif və Mustafa Hacılı qardaşları Müsavatı zibilləyiblər” - MÜSAHİBƏ

13 May 2016, 15:26

Mətbuat Şurası İdarə Heyətinin üzvü,  "Paralel" qəzetinin təsisçisi və baş redaktoru, Müsavat partiyasının keçmiş üzvü Tapdıq Abbas Modern.az saytının suallarını cavablandırıb. 

- Tapdıq müəllim, Müsavat Partiyasından ayrıldıqdan sonra aktiv siyasətdən tamamilə uzaqlaşdınız. Bunun səbəbləri nədir?

- Doğru deyirsiniz ki, Müsavat Partiyasından aralandıqdan sonra aktiv siyasətdən də tamamilə uzaqlaşdım. İşimi əsasən iki istiqamətdə qurmuşam. Mətbuat Şurasının İdarə Heyətinin üzvü olaraq həm qəzet rəhbəriyəm, həm də pedaqoji fəaliyyətlə məşğulam. Gücüm yalnız bunlara çatır. Hazırda siyasətlə məşğul olmaq imkanım məhduddur. Həm də bu gün siyasətlə məşğul olmağı mənasız hesab edirəm.

Bilirsiniz ki, siyasi çaxnaşmalar olan zaman siyasətdə olmaq daha çox maraqlıdır. 90-cı illərin əvvəllərində xalq hərəkatının təlatümləri müxtəlif partiyaların yaranmasına gətirib çıxardı. Bunlar dövrün tələbi idi.
İndi ölkədə siyasi-iqtisadi sabitlik var. Ölkənin inkişafı kifayət qədər stabildir. Hazırda siyasətlə ciddi şəkildə məşğul olmağa ehtiyac yoxdur.

Bununla yanaşı, mən Azad Demokratlar Partiyasının Məclis sədriyəm. Biz müxalifət düşərgəsində olsaq da, mövqeyimiz mərkəzçidir. Başqa radikal müxalifət partiyalarından fərqli olaraq birmənalı şəkildə hər şeyə qara demirik.

-Axı Azad Demokratlar Partiyasında da fəaliyyətiniz o dərəcədə nəzərə çarpmır...

- Bu gün ölkədə elə bir siyasi şərait formalaşıb ki, siyasi fəallıq heç bir partiyada nəzərə çarpmır. Güclü partiya deyəndə Yeni Azərbaycan Partiyası göz önündə canlanır. Parlamentə düşən və ya parlamentdən kənarda qalan partiyalardan kimin güclü olduğunu demək mümkün deyil. Güc baxımından partiyaların əksəriyyəti eynidir.

Xalq Cəbhəsi ilə Müsavatdan başqa ciddi şəkildə nəzərə çarpan partiyalar yoxdur. Parlamentə düşən və sədrləri deputat olan partiyaların fəaliyyəti yox dərəcəsindədir.

Azad Demokratlar Partiyası çalışır ki, İdarə Heyəti öz tədbirlərini vaxtında keçirsin. Əsas məqsədimiz odur ki, lazım olan vaxtı dövlətə, xalqa və millətə xidmət edək.

Ciddi bir iddiamız yoxdur. Hakimiyyət uğrunda mübarizə aparmaq seçkilər zamanı olur. Yeni yaradılmış partiya kimi hazırda özümüzü formalaşdırmaqla məşğuluq.

-Müsavatdan ayrılmanıza əsas səbəb nə oldu? Niyə partiya sıralarını tərk etdiniz?

- Bu hadisə 2010-cu ildə baş verdi. Həmin ildə mətbuat işçiləri ilə məhrum prezident  Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarətə getmişdik. Həmin ziyarəti bəhanə edərək Müsavat Partiyasının Divanında mənim məsələmi ciddi müzakirəyə çıxardılar. Şərt qoydular ki, sənə  verilmiş “Əməkdar jurnalist” adından imtina etməli və Mətbuat Şurası İdarə Heyətinin üzvlüyündən istefa verməlisən.

Mən də onların qoyduğu tələbləri rədd etdim. İzah etdim ki, mən peşə etibarı ilə jurnalistəm və belə yanaşma niyə görə tək mənədir? “Azadlıq” qəzeti və “Yeni Müsavat”a Şuraya üzv olmaq olar, amma mənə yox?

Uzun müzakirələr getdi. Nəticədə mənə xəbərdarıq verdilər. Mən də dedim ki, kiminsə qəbrini ziyarət etmək qəbahət deyil və bununla bağlı heç partiyanın Nizamnaməsində də hansısa bənd yoxdur.

Divanın heç bir qərarı yox idi ki, kimsə Müsavatdan Heydər Əliyevin məzarın ziyarət edə bilməz. Arif Hacılıya dedim ki, bu mənim şəxsi işimdir, ziyarət etmişəm, yaxşı eləmişəm.

Deputat seçkiləri idi. Arif Hacılı qardaşı Mustafa Hacılı ilə birləşib mənim Məclisdə namizədliyimin keçməsinə mane oldular. Partiya üzvlərinin çoxunu öyrətdilər, mənim partiyadan çıxarılmağımı səsə qoydular. Amma Məclis buna səs vermədi və onlar da pərt oldular. Sonradan 2 səs çoxluğu və saxtakarlıqla mənim namizədliyimi ləğv etdilər.

Mən də ona görə ərizə verdim və partiyadan çıxdım. Müstəqil namizəd olaraq seçkilərdə iştirak etdim. Ərizəmdə də göstərdim ki, nə zaman istəsəm, yenidən partiyaya qayıdacam.

-Bəs axı köhnə müsavatçı silahdaşlarınız deyirdilər ki, siz Fəxri Xiyabanda Heydər Əliyevin məzarı qarşısında baş əydiyinizə görə partiyadan çıxarılmısınız...

- Əvvəla Heydər Əliyevin heykəlinin önündə baş əymək qəbahət deyil. Heydər Əliyev Azərbaycanın tarixi şəxsiyyətidir və müstəqilliyin qorunub saxlanılmasında xüsusi xidmətləri var. Mən Rəsulzadəyə, Elçibəyə nə qədər hörmət edirəmsə, o qədər də Heydər Əliyevə hörmət edirəm.

Çünki Rəsulzadə Demokratik Cümhuriyyəti qurdu, ancaq saxlaya bilmədi. Elçibəy də həmin demokratik respublikanı bərpa etdi, amma idarə edə bilmədi və Heydər Əliyevi hakimiyyətə çağırdı.

Mən 2010-cu ildə Heydər Əliyevin məzarını ziyarət edərkən nə ora gül qoydum, nə də baş əydim. Orada 4 nəfər idi: mən, Bəxtiyar Sadıqov, Vüqar Rəhimzadə, Vüsalə Mahirqızı. Onlar gül qoydular və baş əydilər. Amma mən dayandım və sadəcə “Fatihə” surəsini oxuyub salavat zikr etdim.  Mən özüm dindaram, namaz qılıb, oruc tutan adamam.

Orada mən başımı azca əyib ayağıma baxmışdım ki, görüm ayağım düzdür ya yox. Mən Heydər Əliyevin heykəlinin  məzarının önündə baş əyməmişdim. İsa Qəmbərə də sübut etdim ki, orada ayağıma baxırdım, ayağımı nizamlayırdım. Baş əyəndə hamı birdən əyir.

Daha sonra mənim şəklimi çəkəni tapdım və şəklə də baxdım. Orada da sübut olundu ki, mənim əlimdə nə gül var, nə də baş əymişəm. Sadəcə olaraq, ayağıma baxdığım anı götürüb internətdə yaymışdılar.

Mən Heydər Əliyevin məzarı qarşısında baş əysəm belə, buna görə kimdənsə qorxmaram və zərrə qədər də təəsssüflənmərəm. Amma fakt budur ki, mən məzarın önündə baş əyməmişdim.

Onusz da bu hadisəyə qədər qədər partiya daxilində bizim aramızda ciddi münaqişələr var idi. Bu məsələni də əllərində bayraq edib, həmin vaxtı deputat seçkilərində mənim adımı siyahıdan çıxardılar.

Mən də ərizəmi verib partiyadan çıxdım. Məni heç kim partiyadan çıxarmayıb. Məndən sonra Sülhəddin Əkbər, İbrahim İbrahimli, Adil bəy də Müsavatı tərk etdilər. Artıq Arif və Mustafa Hacılı qardaşları partiyanı zibilləmişdilər.

Qardaşı ilə ailə və tayfa partiyası qurmuşdular. İsa Qəmbər də bu qardaşlardan asılı olan şəxs kimi onların tərəfini saxlayırdı. Çünki İsa Qəmbərin ətrafında onlardan başqa heç kəs qalmamışdı.

İsa Qəmbər bir dəfə “Azadlıq” radiosunda qonaq olanda Xədicə İsmayıl sual vermişdi ki, “Tapdıq Abbası partiyadan niyə çıxardınız?” İsa Qəmbər də cavab vermişdi ki, “Tapdıq Abbas şərtləri pozmuşdu”. Mən də indi sual verirəm: hansı şərtləri pozmuşdum? Axı məni sən İsa Qəmbər də partiyadan çıxarda bilmədin, özüm ərizə yazıb çıxdım.

- Partiyanı tərk etdikdən sonra keçmiş silahdaşlarınızla münasibətləriniz qalıbmı? Yəni üz-üzə gələndə bir-birinizə salam verirsinizmi?

- Müsavat Partiyasından olan yoldaşlarımızla münasibətlərimiz indi də yüksək səviyyədədir və dost olaraq qalırıq.

Müsavat Partiyasını korlayan, təfriqəçilik salan 1-2 nəfərdən başqa, bütün müsavatçılarla çox sıx əlaqələrim var.

-Həmin 1-2 nəfər dediyiniz kimlərdir?..

Arif Hacılı və onun qardaşı Mustafa Hacıbəyli kimi partiyada pozuculuqla məşğul olan adamlar. Camaatın hamısını onlar partiyadan iyrəndirdilər. İndi o partiyanın yalnız adı qalıb. Müsavat bu gün pis gündədir.

Dostumuz Tofiq Yaqublu istəyir ki, Xalq Cəbhəsi Partiyası ilə Müsavatın münasibətlərini bərpa etsin. Amma bu, real görünmür. Çünki Müsavatla AXCP arasında neçə illərdir anlaşılmazlıq var. Müsavat Partiyasının əvvəlki gücü 1-2 nəfərin oyunbazlığı, saxtakarlığı sayəsində məhv edildi.

-Keçmiş partiyadaşlarınız deyirlər ki, siz Müsavatı tərk etdikdən sonra Beyləqandakı nüfuzunuza ciddi ziyan dəyib. Bunun belə olduğunu qəbul edirsinizmi?..

-Mən bu fikirlə qətiyyən razılaşmıram. Çünki Müsavatdan sonra da Beyləqan camaatı ilə bir yerdəyəm. Ən azı ayda 1 dəfə beyləqanlı dostlarımızla, əski müsavatçılarla yığışırıq. Beyləqandakı əski müsavatçıların hamısı bu gün Azad Demokratlar Partiyasındadır. Müsavatın Beyləqan rayon təşkilatı faktiki olaraq yoxdur.

Beyləqan rayon təşkilatının sədri olaraq Xocavənd rayonundan olan bir qaçqını qoyublar. Beyləqan təşkilatı çox güclü təşkilat idi. Amma məndən sonra Müsavatın Beyləqan rayon təşkilatı çökdü.

-Müsavatla yollar ayrıldıqdan sonra YAP-a üzv olmaq istədinizmi, yaxud belə təklif gəldimi?

-Orada böyük hörmət bəslədiyim şəxslərin olmasına baxmayaraq, YAP-a üzvlük niyyətim yoxdur, bu haqda  heç vaxt düşünməmişəm. Bu gün Azərbaycanın inkişafının əsas səbəbkarlarından biri ölkə prezidentidir. Amma yenə də YAP-ın üzvü olmaq istəmirəm.

- Müsavatdan təklif gəlsə, partiyaya qayıdarsınızmı?

- Müsavat Partiyasının adı qalıb. Azərbaycanı inkişafa aparacaq partiyanın adı ola bilər ki, Müsavat olmasın. Əsas odur ki, ideya müsavatçılıq olsun. Mən müsavatçılıq ideyasının daşıyıcısıyam. Mənim iki babamı müsavatçı olduğuna görə Sovetlər zamanı güllələyiblər. Mənim ruhumda, canımda əski müsavatçılıq var.

Nəslim köküm müsavatçılıq ideologiyasını daşıyıcısı olaraq, Azərbaycan Xalq Cümhuriyyəti qurulanda qurbanlar verib. Bu gün Azad Demokratlar Partiyasının bütün ideoloji xətti müsavatçılıq üzərində qurulub.

Nə qədər ki, mənim dediyim yarıtmaz, pozucu adamlar Müsavat Partiyasında var, olacaqlar, təklif gəlsə belə, ora qayıtmayacağam. Çünki mən və digər silahdaşlar o partiyadan iyrənib çıxmışıq. O adamlar oradan çıxsa, biz Müsavat Partiyasını əvvəlkindən də geniş şəkildə quracağıq.

- Siz həm də “Paralel” qəzetinin baş redaktorusunuz. Bəs mətbuatın bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?

-Bu gün mətbuatın vəziyyətini normala yaxın qiymətləndirirəm. Son devalvasiyalar qəzetə və internet mediasına da  öz mənfi təsirini göstərdi. Kağızın və çap məmulatlarının qiyməti qalxdı.

10 il əvvəlki ilə müqayisədə mətbuatın durumu indi stabildir. Çünki o zamanlar mətbuat müxalifət və iqtidar olaraq 2 yerə bölünürdü. Amma bu gün müstəqil mətbuatın özündə bir mərkəzçilik, ortama gəlmə var. Artıq əvvəlki kimi radikallıq yoxdur. Sanki mediada bir həmrəylik hiss olunur.

Düzdür, qəzetlərə əlavə dəyər vergisinin qoyulması məsələsi heç də yaxşı hal deyil. Amma biz Mətbuat Şurası olaraq artıq bu məsələni müzakirə etmişik. Bu yaxınlarda cənab prezidentə də bununla bağlı müraciət edəcəyik. İnanırıq ki, bu müraciətimizə müsbət cavab veriləcək.

Mətbuatdakı söz azadlığı ağzına gələni yazmaq, xaos yaratmaq demək deyil. Bu gün “Azadlıq” qəzeti ən radikal yazan qəzetdir. Ona da kimsə ona heç nə demir.

-Nəyə görə hələ də “reket mətbuat”ın öhdəsindən gəlmək mümkün deyil?

- Cinayətkarı məhv etmək üçün ilk növbədə cinayətkarlaşmış mühiti məhv etməlisən. “Reket mətbuat”ın fəalliyəti üçün hələ də münbit şərait var və qorunub saxlanılır.

Nə qədər ki rüşvətxor və oğru məmurlar var, o vaxta qədər də “reket mətbuat” olacaq. Bu gün ayrı-ayrı adamların qəzetləri var. Onlar da sifarişlər yerinə yetirirlər. İnternet saytları saxlayan məmurlar öz çirkin niyyətlətini həyata keçirirlər. Keçmiş MTN şefi Eldar Mahmudov məsələsinə  baxanda görürsən ki, məmurlar cinayətlərinin bir hissəsini medianın əli ilə ediblər. Əvvəlcə materialları veriblər özlərinə yaxın saytlara, qəzetlərə və sonra sahibkarların üstünə şığıyaraq şantaj etməyə başlayıblar. Mətbuat bu gün ən pis halda şantaj alətinə çevrilib.

Bu reketlər də həmin şantajdan istifadə edib vətəndaşı və bəzi vəzifəli şəxsləri hədəf seçir, müyyən gəlir götürməyə çalışırlar. Lakin biz onları cəmiyətin qınağına vermişik.

Çünki bu gün Mətbuat Şurasının əlində “reket mətbuat”ı ciddi şəkildə cəzalandıracaq bir funksiya yoxdur. Biz sadəcə olaraq tövsiyə xəbərdarlıqları edirik. Elə media qurumları var ki, sanki mətbuat terroru ilə məşğuldurlar. Onlar kimlərəsə qulluq edərək, insanların hətta şəxsi həyatlarına da müdxailə edə bilirlər.

Azərbaycan cəmiyyətində acgöz, rüşvətxor məmur qaldıqca, “reket mətbuat” da var olacaq.

- Deyirsiniz ki, Mətbuat Şurasının əlində “reket mətbuat” haqqında ciddi ölçü götürmək səlahiyyətləri yoxdur. Bəs aydiyyatı dövlət orqanları nəyə görə hələ də onları zərərsizlədirə bilmir?

-Azərbaycan Avropaya inteqrasiya edir. Mətbuat və söz azadlığı da demokratiyanın əsas ünsürləridir. Bu gün Qərb Azərbaycanı azad mətbuatı boğmaqda günahlandırır. Qərb mətbuatının həyat tərzi hələ də Azərbaycan mətbuatının həyat tərzinə çevrilməyib.

“Reket qəzet”in fəaliyyətinin dayandırılması üçün onun haqqında müəyyən tədbirlər görülməlidir. Bu da qanunvericilikdə var. Cinayət Məcəlləsindən müvafiq maddələrin götürülməsini Mətbuat Şurası olaraq dəfələrlə qaldırmışıq. Amma bu məsələ hələ də ona görə qalır ki, sabah o maddələr götürülsə, “reketlər”in əlindən mətbuatda nəfəs almaq mümkün olmayacaq.

Bizim millətimizin psixologiyası elədir ki, bu gün onu bir az boş buraxsan, xaos yaranacaq. Əbülfəz Elçibəy praktikası da bunu bir daha sübut etdi. Ona görə də biz Avropanın qoyduğu meyarlara əməl etməyə çalışırıq. Digər tərəfdən bəzi jurnalistlər də var ki, yazısına görə yox,  başqa əməllərinə, dələduzluq etdiklərinə görə həbs olunurlar.           

- Rəhbəri olduğunuz “Paralel” qəzeti KİV-ə Dövıət Dəstəyi Fondundan maliyyə yardımı alır. Bəs nəyə görə qəzetiniz hələ də məhşurlaşa bilmir?

-Azərbaycanda qəzetin məhşurlaşması metodikasını hamı gözəl bilir. Cəmiyyət hakimiyyəti tənqid edən radikal qəzeti daha çox oxumağa meyllidir.

Hesab edirəm ki, “Paralel” qəzeti vaxtı ilə ciddi müxalifət qəzeti olaraq cəmiyyətdəki neqativlərin hamısını açıq şəkildə yazırdı. Ona görə o vaxt “Paralel” qəzeti 80-90 faiz satılırdı.

Amma bu gün qəzet alıcıya malik deyil. 3000 tirajla çıxırıq və 2000-i satıla bilir. Çünki artıq qəzetdən radikallıq götürülüb. Tənqid daha yumşaq olub.  

- “Paralel” qəzetini ailə qəzeti hesab edənlər də var...

- Düzdür, belə deyənlər də var. Qoy desinlər.  Qəzetdə 18 nəfər adam işləyir. Çünki həmin işçilərin arasında ali tıhsil almış və jurnalistika ilə məşğul olan iki oğlum da var. O sözü deyənlər yəqin oğlanlarımı, bacım oğlumu nəzərdə tuturlar. 18 nəfər işçinin içində 4 nəfər yaxın qohumum var. Onlar da redaksiyada işləyən adamlardır. Gəlib-gedənlər də düşünür ki, redaksiyadakılar hamısı qohumumdur.

Misal üçün bəzən deyirlər ki, daxili işlər nazirinin iki oğlu nazirlikdə idarə rəisidir. Onda mən də deyim ki, Daxili İşlər Nazirliyi ailə nazirliyidir ? Bunlar əsassızdır. Əsas olan odur ki, onlar jurnalist kimi işlərini yerinə yetirirlər. Qəzet dövlət orqanı deyil ki, işçilərin adına maaş yazıb,  özüm götürəm. Redaksiyada işləyənlər əziyyət çəkir, hamısı gecəyə qədər qəzet çıxarırlar.

-  Belə fikirlər səsləndirənlər var ki, Respublikaçı Alternativ Hərəkatı (REAL) indiki siyasi şəraitdə ana müxalifətə çevrilə bilər...

- REAL-ın məramnaməsi və yolu aydındır. Mən inanmıram ki, RAEL hərəkatı YAP-a və digər siyasi partiyalara alternativ olsun. Çünki hər bir siyasi partiyanın gücü onun ideyasındadır. REAL-ın ideologiyası nədədir? YAP-ın, Müsavatın ideologiyası bəllidir. Bütün siyasi partiyaların ideologiyaları əsasında azərbaycançılıq və Azərbaycanın demokratik inkişafı durur.

REAL hərəkatı da gənclərdən ibarətdir. Hərəkatda olan xaricdə təhsil almış gənclər Qərbdən ciddi dəstək alırlar.

Onlar daxildəki demokratiyanı xarici qüvvələrin təsiri altında formalaşdırmağa çalışırlar. Ona görə də onlar müəyyən qədər qəbul olunmur. Çünki bu ölkədə xarici qüvvələrin təsiri ilə fəaliyyət göstərən partiyalar heç vaxt iri addım ata bilməzlər.

REAL-ın sədri İlqar Məmmədov bu gün həbsdədir. Mən bu kimi həbsləri qınayıram. Bu həbslərin əslində adı başqadır. Onlar bu hərəkata görə yox, hansısa qeyri-qanuni fəaliyyətlərinə görə ittiham olunurlar.

Allah uzaq eləsin, əgər Azərbaycanda xaos yaransa, Qərbdən açıq şəkidə ciddi dəstək alan REAL təbii ki, önə çıxa biləcək. REAL kimi siyasi qüvvələr Azərbaycanda anidən baş verə biləcək xaosa hesablanıb.

Onlar real vəziyyətdə hakimiyyətlə və digər siyasi partiyalarla  rəqabət para bilməz. REAL təşkilat olaraq ölkədə baş verə biləcək hansısa çaxnaşmalara stimul verəcək bir təşkilat kimi yaradılıb.

Amma bundan sonra Azərbaycanda hansısa xaosun yaranmasına heç cür inanmıram. Çünki artıq güclü dövlət qurulub. Onu sarsıtmaq qeyri-mümkündür.

- Sonuncu parlament seçkilərində deputatlığa namizədliyinizi verdiyiniz. Beyləqandan seçilən deputatla münasibətiniz varmı? Oradan seçilən deputatı təbrik etdinizmi?

-Şahin  adlı cavan bir oğlandır. Onu sadəcə QHT Şurasının üzvü kimi tanıyıram. Hansısa gənclər təşkilatını sədridir. Nə tanışlığım var, nə də onu təbrik etmişəm.
Mən namizədliyimi irəli sürəndə fikirləşirdim ki, seçki ədalətli olacaq. Heç olmasa rayondan və oranı tanıyan bir yerli adam seçilə biləcək. Amma belə olmadı. Seçkilərdə hələ də qüsurlar qalır. Hamı düşünür ki, ölkənin aparıcı partiyası YAP-dır. Fikirləşirlər ki, Şahin İsmayılov kimi adamlar Beyləqan kimi çətin bir rayonda əsl deputat olar bilər, ona görə ki, yuxarıdan belə istəyiblər.

Bu gün Beyləqanın daxil olduğu digər seçki dairəsindən deputat seçilən Çingiz Qənizadənin və Şahin İsmayılovun rayonla heç bir əlaqələri və orada iş görmək imkanları yoxdur. Biri Ağdaşdandər, o biri də Bakıdan. Onlar əvəllər Beyləqanı xəritədə görə bilərdilər.

Yaxşı olar ki, millət vəkili o yerlə bağlı olan, əhalinin problemlərini, ağrı-acılarını bilən adam olsun. Beyləqan bu gün ölkənin ən xaraba qalmış rayonlarından biridir. İcra başçısı, polis rəisi, prokuror hamısı kənardan gəlmələrdir. Sanki ora göndərilənlərin hamısı pul yığmağa, qazanca gedirlər. Bunlar heç ailələrini Beyləqana aparmırlar. Çoxunun ailəsi və uşağı orada yaşamır, məktəbdə oxumur ki, təhsil mühitini bilsin. Maşınla gedib işlərini görür, 5-ci gün Bakıya qayıdıb kef edirlər.

Deputat da oturub Bakıda. O iki deputat istəsələr belə, bu rayonla yaşaya bilməzlər. Çünki onların Beyləqandan xəbəri yoxdur. Ona görə də onların heç biri ilə əlaqə saxlamıram.

Mən hər parlament seçkilərində Beyləqanda qalib gəlirəm və özümü qalib hesab edirəm.

Camaat da bunu bilir. Əgər bu gün sorğu keçirsəniz, Beyləqanda 100 nəfərdən soruşsanız, mənim oradakı reytinqimi görərsiniz. Rayonda uzun  müddət 11 vəzifədə işləmişəm. Tutduğum vəzifələrin heç birində nöqsanlara yol verməmişəm. 23 yaşımda məktəb direktoru olmuşam. Daha sonra Təhsil şöbəsində inspektor işləmişəm.

Partiya işindən sonra “həmkarlar”da çalışmışam. AXC hakimiyyəti dövründə icra başçısının müvaini işləmişəm. Bütün bu vəzifələrimdə xalqla bir yerdə olmuşam. Ona görə də rayon camaatı məni çox istəyir.

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi