Yanvarın 12-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ölkəmizdə səfərdə olan İranın neft sənayesi naziri, OPEK-in sədri Seyid Məsud Mirkazeminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tədbirdə ARDNŞ ilə İranın Milli Qaz İxracı Şirkəti arasında “Təbii qazın alqı-satqısının əsas şərtləri haqqında Saziş” imzalanıb.
Beş il müddətinə imzalanan müqaviləyə əsasən, 2011-ci ildə Azərbaycandan İrana 1 milyard kubmetr qaz nəql olunacaq. Qaz tədarükü həcminin gələcəkdə artırılacağı nəzərdə tutulur.
Rövnəq Abdullayevin sözlərinə görə, hazırda Azərbaycanın kifayət qədər qaz ehtiyatı var. "Qazın Rusiyaya nəqli Gürcüstan və Türkiyə vasitəsilə həyata keçirilir. Fevral ayından İrana qazın nəqlinə başlanılacaq"
İrana qaz tədarükünü artırmaq üçün ARDNŞ Astaradakı qaz-kompressor stansiyasının qurğularının genişləndirilməsi üzrə işlər aparır. Həmçinin, Azərbaycandan İrana gedən qaz kəmərinin yenidən qurulması nəzərdə tutulur.
Bu işlər başa çatandan sonra uzunmüddətli tədarük üçün müqavilələrin bağlanması və həcmin sutkada indiki 1,2 milyon kubmetrdən 3-3,5 milyon kubmetrədək artırılması nəzərdə tutulub.
Trend-in məlumatına görə, Azərbaycan və İranı ümumi uzunluğu 1474,5 kilometr (296,5 kilometri Azərbaycan ərazisində) olan Qazı Məmməd-Astara-Bind-Biand qaz kəməri əlaqələndirir. Marşrut 1971-ci ildə istismara verilən Qazax-Astara-İran boru kəmərinin qoludur. Bu istiqamətdə üç - Qazı Məmməd, Ağdaş və Qazax kompressor stansiyaları tikilib. Boru kəmərinin diametri 1200 millimetridir.
Bundan əvvəl İran və Azərbaycan qaz və elektrik enerjisinin nəqli üzrə əməkdaşlığın genişləndirilməsi sahəsində iki memorandum imzalayıblar. Memorandumlar prezident Mahmud Əhmədinejadın Bakıya rəsmi səfəri zamanı imzalanıb.