Modern.az

Baş nazirinin müavini “Lələtəpə”də olub

Baş nazirinin müavini “Lələtəpə”də olub

17 May 2016, 22:48

Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Füzuli rayonunda məskunlaşmış məcburi köçkünlər üçün salınan yeni qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olub. Modern.az saytı AzVision.az-a istinadən xəbər verir ki, Füzuli rayonuna səfəri zamanı Əli Həsənov əvvəlcə aprelin ilk günlərin Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin qüvvələrinin işğalından azad etdiyi strateji əhəmiyyətli “Lələtəpə” yüksəkliyinə gəlib, burada əsgərlər və zabitlərlə görüşüb.

Əli Həsənov bildirib ki, gənc nəslin nümayəndələrini tez-tez belə yerlərə gətirmək və onlarda vətənpərvərlik hisslərini gücləndirmək lazımdır. O, Silahlı Qüvvələrimizin aprelin əvvəllərində düşmən üzərində qazandığı qələbənin Azərbaycan tarixinin ən önəmli hadisələrindən biri kimi yadda qalacağını qeyd edib. Eyni zamanda, bu qələbəni qazanan əsgərlərimizin də zəfərinin tarixə düşdüyünü deyən Əli Həsənov bunun çox böyük hadisə olduğunu vurğulayıb.

Əli Həsənov qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən əsgərlərə yaradılan yüksək şərait bizim üçün qürurvericidir. O, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün Azərbaycan Ordusunun nəinki regionda, dünya miqyasında güclü ordular sırasında olduğunu, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının böyük dərəcədə möhkəmləndiyini bildirib.

Baş nazirin müavini, həmçinin Ordumuzda nizam-intizamın, qələbə əzminin yüksək səviyyədə olduğunu, aprel döyüşlərinin bunu bir daha sübut etdiyini söyləyib. Əli Həsənov vurğulayıb ki, bu gün nəinki orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi çox yüksək səviyyədədir.

Əsgərlər üçün yaradılan şəraitlə tanış olan Baş nazirin müavini əldə edilən nailiyyətlərdə Müdafiə Nazirliyinin uğurlu fəaliyyətini yüksək qiymətləndirib, əsgər və zabitlərə yeni-yeni qələbələr arzulayıb.

“Bütün cəmiyyət vahid amal uğrunda birləşib. Bizim üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən vacib məsələ yoxdur. Bu, ən birinci məsələdir. Əminik ki, İlham Əliyev kimi Ali Baş Komandanı olan qüdrətli Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı tezliklə düşməndən azad edəcək və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar”, - deyə Əli Həsənov vurğulayıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir