Modern.az

Nazirlik Sarkisyanı təkzib etdi: “800 hektar yox, 2000 hektar ərazi azad etmişik”

Nazirlik Sarkisyanı təkzib etdi: “800 hektar yox, 2000 hektar ərazi azad etmişik”

18 May 2016, 14:48

Ermənistan silahlı qüvvələrinin itkiləri isə on qat artıqdır

Ermənistan Respublikasının rəhbərliyi aprel ayının əvvəllərində işğal olunmuş ərazilərdə Azərbaycana qarşı silahlı təxribat törətdiklərini və bunun nəticəsində qoşunların təmas xəttinin əhəmiyyətli dərəcədə dəyişildiyini nəhayət ki, rəsmi təsdiq edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, düşmən hücumlarının qarşısının alınması və əks-həmlə əməliyyatları zamanı Azərbaycanın Silahlı Qüvvələri keçmiş Ağdərə rayonu (keçmiş DQMV), eləcə də Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad edib.

Ermənistan tərəfinin rəsmi açıqlamalarında guya cəmi 800 hektar ərazini itirdikləri bildirilsə də,  azad edilən ərazilərin sahəsinin qəsdən azaldılması açıq-aydın görünür. Həqiqətdə isə Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib”,-deyə Müdafiə Nazirliyi bildirib.

“Erməni tərəfindən fərqli olaraq Azərbaycanın Silahlı Qüvvələri qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsi istiqamətində heç bir addım atmır, yalnız adekvat tədbirlər görməyə məcbur qalır. Bundan sonra da düşmən tərəfinin heç bir təxribatı cavabsız qalmayacaq.
Ermənistanın aprelin əvvəllərində keçirilən əməliyyatlarda hər iki tərəfin itkiləri barədə yaydığı rəqəmlər də həqiqəti əks etdirmir. Əslində Ermənistan silahlı qüvvələrinin itkiləri Azərbaycanın itkilərindən təqribən on qat artıqdır”.

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan ötən gün erməni jurnalistlərə müsahibəsində Qarabağda 800 hektar ərazini itirdiklərini söyləmişdi.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!