Modern.az

"Bu amnistiya ilə dövlət vəsaitlərinə qənaət olunacaq"

"Bu amnistiya ilə dövlət vəsaitlərinə qənaət olunacaq"

19 May 2016, 13:39

Xəbər verdiyimiz kimi, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva 28 May - Respublika günü münasibətilə amnistiya aktının qəbul olunması üçün Milli Məclisə müraciət edib. 

Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktının10 min məhkumu əhatə edəcəyi gözlənilir. Bu təşəbbüs nəticəsində 3500 məhkum azadlıqdan məhrumetmə yerlərindən azad olunacaq. 

Birinci xanımın müraciətinə baxılması üçün Milli Məclis mayın 20-də iclas keçirəcək. Bu, Azərbaycanın birinci xanımının amnistiya aktı ilə bağlı 4-cü müraciətidir. 

Hüquqşünaslar bu dəfə reallaşacaq amnistiya aktı barədə nə düşünürlər?

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Modern.az-a irəli sürülən amnistiya təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirib.

O, deyib ki, amnistiya həm də sosial gərginliyin yaratdığı amilləri aradan qaldıracaq:

“Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın amnistiya təşəbbüsü alqışlanmalıdır. Çünki bu addımı ilə Mehriban xanım humanizm prinsiplərindən çıxış edərək, insanların ailələrinə qovuşması üçün növbəti dəfə mühüm bir addım atdı.

Bu amnistiya təşəbbüsündən 10 mindən artıq insan yararlanacaq. 3500 məhkum azadlıqdan məhrumetmə yerlərindən azad olunacaq. Çoxlu sayda insan həyatda yenidən başlamaq şansı qazanacaq. Amnistiya sosial gərginliyin yarada biləcəyi amillərin aradan qaxlmasına təkan verəcək. Bu təşəbbüs cəza siyasətinə yeni yanaşmanın nəticəsidir”.

Əliməmməd Nuriyev hesab edir ki, amnistiya aktı ilə dövlət həm də öz vəsaitlərinə qənaət etmiş olacaq:

“Bu amnistiya ilə həm də dövlət vəsaitlərinə qənaət olunacaq. Hər bir məhkumun saxlanılması üçün ayda dövlət büdcəsindən 600 manat pul ayrılır.

Amnistiya aktı azadlığa çıxanların yeni əmək vərdişlərinə və davranışların qayıtmasına kömək edəcək”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da irəli sürülən təşəbbüsü yüksək qiymətləndirdiyini deyib.

O bildirib ki, amnistiya aktı ilə azadlığa çıxan şəxslər bunda sonrakı həyatlarını fikirləşməli və daha da ehtiyatlı olmalıdırlar:

“Mehriban Əliyevanın amnistiya aktının qəbul olunması ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirirəm. Çünki amnistiya ilə bir çox insanlar öz ailələrinə qovuşa biləcəklər.

Biz də amnistiyaya düşməsi üçün çoxlu ərizələr təqdim etmişik. O ərizələrlə bir çox məhbus azadlığa qovuşa, cəzaçəkmə müddətləri üzərlərindən götürülə bilər. Həbsdən çıxan inşalar da fikirləşməlidir ki, onlara yenidən həyatda şans verilib.

Buna görə də bundan sonra o insanlarda məsuliyyət hissi daha da artmalı və ibarət dərsi götürməlidirlər. Onlar çalışmalıdırlar ki, bir də həbsxanaya qayıtmasınlar.

Ümid edirik ki, bu amnistiya aktı ilə siyasi məhbuslar da azadlığa çıxacaq. Yəqin ki, siyahıda siyasi məhbusların, tanınmış şəxslərin və jurnalistlərin də adları var”.

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir