Modern.az

“Kəmaləddin Heydərov bunu şəxsiyyətinə sığışdırmaz” - MÜSAHİBƏ

“Kəmaləddin Heydərov bunu şəxsiyyətinə sığışdırmaz” - MÜSAHİBƏ

20 May 2016, 09:36

Qüdrət Həsənquliyev: “Eldar Mahmudovla görüşdüm, problem dərinləşmədi”

“Azərbaycanda daha çevik, hazırlıqlı xarici işlər nazirinə ehtiyac var”

Bütöv Azərbaycan Xalq Cəbhəsi  Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik:

 

- İlk olaraq söhbətə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşündən başlamaq istərdim. Bilirsiniz ki, iyun ayında prezidentlər növbəti görüşün yeri və vaxtını təyin edəcəklər. Bir deputat kimi, gözləntiləriniz nədir?

 

- Sözün doğrusu, mən heç bir şey gözləmirəm. Biz aprelin əvvəllərində ermənilərə sarsıdıcı zərbələr vursaq da, bu, Ermənistanın Dağlıq Qarabağ məsələsində güzəştə getməsi üçün yetərli deyil. Ona görə də, prezidentlərin bu görüşü daha çox atəşkəs rejiminin gücləndirilməsinə xidmət edirdi.  İstəyirdilər ki, ermənilərin maraqlarına xidmət edən razılaşma əldə olunsun status-kvo bundan sonra da qorunub saxlanılsın. Vyana görüşündə də Ermənistana heç kim tərəfindən heç bir təzyiq edilmədi.

 

- Belə bir açıqlama vermişdiniz ki, danışıqlar forpost Ermənistanla yox, Rusiya ilə aparılmalıdır. Bu açıqlamanız şəxsən məndə təəccüb doğurdu. Onu da bilirəm ki, siz Azərbaycan torpaqlarını Rusiyanın işğal etdiyi amili üzərində dayanıb belə çıxış edirsiniz. Amma yenə də, fikriniz məndə qəribə bir təəssürat yaratdı.

 

- Biz ermənilərlə danışıq aparmaq istəsək də, hətta Ermənistan bizimlə sülh sazişi imzalamaq istəsə belə, Rusiya buna imkan verməyəcək. Rusiya Ermənistanın rəhbərliyində elə insanları oturdub ki... Keçmiş prezident Rober Koçaryan da, hazırkı prezident Serj Sarkisyan da Rusiyanın hərbi kəşfiyyatının əməkdaşları olublar. Bu adamların əlləri çoxlu qana batıb. Divin canının  şüşədəki göyərçində olduğu kimi, Koçaryanın və Sarkisyanın da canı Rusiyanın əlindədir. 1999-cu ildə Ermənistan parlamentinin o vaxtkı spikeri Stepan Dəmirçiyan və baş nazir Vazgen Sarkisyan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə tənzimləmək istəyirdilər. Amma xarici kəşfiyyat parlamentə girib onları güllələdi. Başqalarına dərs verdilər ki, bizim iradəmizdən kənar heç bir danışıq apara bilməzsiniz.

 

Azərbaycanda hər kəs bilməlidir ki, biz ya Rusiyanı gözümüzün önünə alıb Ermənistanla ölüm-dirim savaşına girməliyik. Bu zaman çoxlu itkilər və dağıntıların olacağını nəzərə almalıyıq. Bu, çox riskli bir məsələdir. Ya da Rusiyanın maraqlarını nəzərə alaraq danışıqlar aparırsan. Rusiyanın Dağlıq Qarabağ konfliktini saxlamaqda marağı odur ki, bölgədə öz mövcudluğunu saxlasın. Azərbaycan Rusiya ilə danışıqlarda deməlidir ki, Kreml məcburi köçkünlərin dədə-baba yurdlarına qayıtmasına imkan versin. Mənim dediyim odur ki, Rusiya ilə bunu danışmaq mümkündürsə, bunu edək. Alınmırsa da, xalqa açıq deyilməlidir ki, Rusiya heç bir şərti qəbul etmir. Bu halda müharibə variantı seçilməlidir. Ancaq indiki durumda Ermənistanı hədələyirik, söyürük. Bu yolla torpaqları azad edə bilməyəcəyik.

 

- Rusiya ilə bağlı arqumentləriniz ictimai-siyasi sektorda “Qüdrət Həsənquliyev Rusiyapərəstdir” fikirlərinə yolaçır. Belə hallardan heç narahat olmursunuz?

 

- Bunlar məni az narahat edir. Birincisi, mənim keçdiyim yol belədir ki, bu tipli çirkab atanlar özləri pis duruma düşərlər. Mən bütün gəncliyimi milli azadlıq hərəkatına həsr etmişəm. İkincisi, mən deyirəm ki, bizim torpaqları Rusiya işğal edib və işğal altında saxlayan da Rusiyadır. Bunu deyən adam necə Rusiya meylli olar?! Üçüncüsü, mən peşəkar siyasətçiyəm.

Mən insanlarımızın könlünü oxşayan açıqlamalar vermirəm. Çalışıram ki, öz fikirlərimi ictimai rəyə uyğun deməyim. Əksinə ictimai rəyi formalaşdırmaq istəyirəm. Mən deyirəm ki, Rusiyanın Azərbaycanda hərbi bazasının olmağını istəmirsiniz. Amma Ermənistanda Rusiyanın hərbi bazasının olmasına düz 27 ildir ki, razılaşmısınız.

Deyirlər ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına girə bilməz. Mən isə xatırladıram ki, Azərbaycan 1994-1999-cu illərdə bu təşkilatın üzvü olub. Üzv olanda hansı suverenliyimizi itirmişdik? Guya indi Qazaxıstan müstəqilliyini itirib?! Ermənistan hazırda bu müqavilənin üzvü olmaqla bizə meydan oxuyur.

Bundan başqa mən bildirirəm: ağılla oturun fikirləşin ki, Ermənistanı saxlayan erməni diasporudur. Bir dəfə görmüşünüzmü erməni diasporundan bir nəfər qalxıb desin ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxıb NATO-ya üzv olmalıdır? Niyə Amerikada oturan erməni diasporu bunu demir? Bilir ki, NATO-nun aparıcı dövləti ABŞ-dır.

 

NATO-nun bütün hərbi xərclərinin 70 faizi Amerikanın üzərinə düşür. Niyə bu zaman Vaşinqtonda oturan erməni diasporu belə bir təşəbbüslə çıxış etmir? Əslində, çox gözəl bilirlər ki, bu regionda söz sahibi Rusiyadır. Başa düşürlər ki, Ermənistan Rusiya ilə yaxın olmaqla Qarabağı Azərbaycandan qopara bilər. İndi bəziləri deyirlər ki, Azərbaycan Qərb yönümlü siyasət yürütməlidir, NATO-ya üzv olmalıdır.

Mən isə deyirəm ki, sən Vaşinqtonda, Parisdə oturan ermənidən daha ağıllısan?!

Təsəvvür edin ki, indi aprel ayının əvvəllərindəki müharibə davam edirdi və Azərbaycan Kollektiv Müqaviləsi Təşkilatının üzvü idi. Hər halda, Rusiya açıq formada Azərbaycana müdaxilə edə bilməyəcəkdi. Amma 1999-cu ildə nə etdilər? Azərbaycana dedilər ki, bu qurumun üzvü oldunuz və problemin dinc yolla həllinə heç bir töhfə vermədiniz. Dedilər ki, gəlin, GUAM yaradın. Guya Amerika da buna dəstək verəcək. Azərbaycanı aldadıb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxartdılar, bizi Rusiyadan aralı qoydular. Məhz bu gün üçün... Aprel ayının əvvəllərindəki hərbi əməliyyatlar üçün... Yəni birdən atəşkəs pozulsa, Ermənistan Rusiyanın yanında olan ölkə kimi Moskvadan dəstək istəsin və bizi Rusiya ilə qorxutsun. Məqsədləri o idi ki, Azərbaycan daha riskli vəziyyətdə qalsın. Ola bilər ki, biz adını çəkdiyimiz təşkilatın üzvü olanda da, Rusiyanın Ermənistana simpatiyası davam etsin. Ancaq Rusiya açıq formada bizim üstümüzə gələ bilməyəcəkdi. Bunu dünya da gülünc qarşılayardı. Mən prosesləri soyuq başla təhlil etməyin tərəfdarıyam.

 

- Dediniz ki, ictimai rəy formalaşdırmağa çalışırsınız. Sizcə, nəticə adekvatdır?

 

- Bizdə siyasi mədəniyyət aşağı səviyyədə olduğuna görə, bir qrup insanlar təhqirə keçir. Mənim sosial şəbəkələrdə olmağa vaxtım olmur. Ancaq mənə məlumat verirlər ki, müəyyən insanlar öz tərbiyə və əxlaqlarına uyğun olaraq söyüş söyürlər. Buna baxmayaraq, insanların bəziləri mənim dediklərimdən sonra düşünürlər. Düşünürlər ki, 22 il ərzində biz doğurdan da problemi həll edə bilmirik. Dərk edirlər ki, taktika dəyişməlidir. Ya müharibəyə gedilməlidir, ya da ictimaiyyətə real məlumat verilməlidir.

 

- Uzun illərdir ki, BAXCP-nin sədrisiniz. Nədənsə, partiyanız aksiya, mitinq keçirmir. Aksiyanı arxa plana keçirmisiniz?

 

- Açığını deyim ki, kütləvi etiraz aksiyaları siyasi mübarizə metodu kimi əhəmiyyətini itirib. Bilirsiniz ki, Azərbaycanda neft bumu oldu. Əhalinin yaşam tərzi xeyli dərəcədə dəyişdi. Bəzi hallarda insanlar müxalif fikrə və müxalif mövqeyə ciddi dəstək vermir.

 

Ona görə də insanlar hamının öz işi-gücü ilə məşğul olduğunu və siyasi məsələlərə əhəmiyyət vermədiyini görəndə kütləvi aksiyalar əhəmiyyətini itirir. Artıq elektron informasiya vasitələri də hər kəs üçün əlçatandır. Bu baxımdan sosial şəbəkələrə, saytlara üstünlük verilir. Biz də daha çox bu istiqamətdə iş görürük. Ancaq gələcəkdə kütləvi etiraz aksiyalarına ehtiyac yaranarsa, biz təkbaşına olmasa da, başqa siyasi partiyalarla birlikdə belə mitinqlərin keçirilməsi barədə düşünə bilərik. Amma indiki şəraitdə Azərbaycana sabitlik lazımdır ki, iqtisadi, siyasi islahatlar aparılsın. İnsanlara da çağırışımız odur ki, sabitliyi qoruyub saxlasınlar. Bu, Qarabağ probleminin həlli üçün lazımdır. 1993-cü ildə ölkədə sabitlik pozulanda ermənilər bundan istifadə edib rayonlarımızı işğal etdilər.

 

İqtidar isə indi bu vəziyyətdən istifadə edib islahatları gecikdirməməlidir. Bununla yanaşı, Qarabağ probleminin həlli istiqamətində də səylər gücləndirilməlidir.

 

- Konkret sualı belə qoyacağam: Siz Rusiyanın Azərbaycanda hərbi bazasının olmasını istəyirsiniz?

 

- Kim istəyər ki, öz ölkəsində Rusiyanın və ya başqa dövlətin hərbi bazası olsun? Amma bəzən öz ərazi bütövlüyünü, suverenliyini qoruyub-saxlamaq üçün bunu mümkün sayıram. Baxın, bu gün  Avropada və Türkiyədə Amerikanın hərbi bazaları var. Düşünürəm ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının qarşılığında Rusiyanın ölkəmizdə hərbi bazasının olması mümkündür və buna gedilə bilər.

 

- Amma Rusiyanın  hərbi bazasının olmasının yaratdığı düşüncə ilə Amerikanın hərbi bazasının doğurduğu assosiasiya eyni deyil. Çünki dünya Rusiyanı daha çox işğalçı kimi tanınır. Mən  onu da demirəm ki, Amerika sülh göyərçinidir...

 

-Tərəzinin bir gözünə Dağlıq Qarabağ münaqişəsini və bir gözünə siz dediyiniz təhlükələri qoyaq. Mən ikiəlli bazanın yaradılmasın tərəfdarıyam. Qəbələdə Rusiyanın hərbi bazası var idi. Bu, bizim suverenliyimizə hər hansı təhlükə yaratmırdı. İndi Azərbaycanın kifayət qədər güclü ordusu var. Ordumuz istənilən hərbi bazanı lazım olan vaxtda zərərsizləşdirmək gücündədir.

 

- Söhbətin əvvəlində  səthi şəkildə diaspor fəaliyyətinə toxundunuz. Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?

 

- Bizim gözləntilərimiz böyükdür. Amma nəzərə alaq ki, Azərbaycan diasporu yaşadığı ölkənin ictimai-siyasi həyatında hələlik özünün layiqli yerini tuta bilməyib. Bizim Rusiyadakı diasporumuz daha çox bazarda formalaşır. Çox təəssüf ki, Rusiya cəmiyyətinin Azərbaycana münasibəti bazardakı pomidor satan insanlara görədir.

Bununla belə, Rusiyada və Qərbi Avropa ölkələrində, ABŞ-da yaşayan azərbaycanlılar artıq aktiv olmağa başlayırlar. Əminəm ki, 15-20 ildən sonra xarici ölkələrdə səsi eşidilə biləcək diaspor nümayəndələrimiz olacaq. Hələlik isə tək-tük belə səslərimiz var.

 

- Diaspor Komitəsinin üzərində məsuliyyət varmı?

 

- Bizim diaspor təşkilatları gözləyirlər ki, hörmətli Nazim İbrahimov onlara pul versin. Bizim diasporların əsas gözləntiləri Azərbaycandan kömək almaqdır. Digər tərəfdən açıq deyək ki, Diaspor Komitəsinə ayrılan vəsaitlər yetərli deyil. Düşünürəm ki, buna görə bizim Diaspor Komitəsindən çox şey gözləməyə dəyməz. Bu gün Diaspor Komitəsinin işləyə biləcəyi kadrlar yoxdur, ya da çox azdır. Mən özüm bir neçə dəfə Dünya Azərbaycanlıları Konqresinin (DAK) qurultaylarında iştirak etmişəm. Bu qurultaya toplaşanlar maşın, disk satanlardır. Çoxları xırda alverlə məşğul olan insanlardır. Nüfuzlu bir mətbuatda çalışan, hansısa siyasi partiyanın funksioneri olan, televiziyada çalışan adamlar görməmişəm. Buna görə deyirəm ki, Diaspor Komitəsini günahlandırmaq  ədalətsizlik olardı.

 

- Siz ittihamı DAK sədri Sabir Rüstəmxanlının üzərinə yönəltmək istəyirsiniz?

 

- Əsla. Səhv qənaətə gəldiniz. Sabir Rüstəmxanlı Azərbaycan üçün bacardığını etməyə çalışan bir adamdır. Mən sadəcə deyirəm ki, kadrlar yoxdur. Heç kimi ittiham etmək niyyətim yoxdur. Nə DAK rəhbərliyini, nə də Diaspor Komitəsini.

 

- Siz Xarici İşlər Nazirliyini tənqid edən deputatsınız. Əsasən də, Azərbaycanın xaricdəki səfirlikləri barədə tənqidi fikirlər səsləndirirsiniz. Sizin belə açıqlamalarınız nazir Elmar Məmmədyarovu hədəf almağınız kimi qiymətləndirilir...

 

- Siz necə qiymətləndirirsiniz? Hesab edirsiniz ki, mən haqlı tənqid edirəm, yoxsa, haqsız?

 

- Hesab edirəm ki, haqlı olduğunuz müəyyən məqamlar var. Amma təkcə mənim nəyisə hesab etməyimlə iş bitmir.

 

- Sizə son zamanlar olan bir misal çəkəcəyəm. Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan cəbhədəki hadisələrdən sonra Dağlıq Qarabağa səfər etdi. Qayıdıb gedəndən sonra bir açıqlama ilə çıxış etdi. O dedi ki, Ermənistan Azərbaycana qarşı fəaliyyətdə müəyyən korrektələr etməlidir. O bildirdi ki, Ermənistan dünyaya Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququnun olduğunu anlada bilməyib. Deyir buna görə də, yeni bir doktrinanın üzərində dayanmaq lazımdır. Petrosyan bəyan edir ki, sağ qalmaq üçün ayrılmaq vacibdir. Yəni, onlar dünyaya izah etməlidirlər ki, ermənilərlə azərbaycanlıların etnik uyuşmazlıq və qarşılıqlı nifrəti var. Petrosyan deyir ki, onlar sağ qalmaq üçün azərbaycanlılardan ayrılmalıdırlar. Bu, bir növ, faşizm, nifrət aşılayan bir doktrinadır. Bu, yeni bir tendensiyadır. Ter-Petrosyanın bu açıqlaması bizim indiyə qədər dediklərimizi tam təsdiq etdi.

 

Xarici İşlər Nazirliyi Petrosyanın açıqlamasından sonra dərhal xüsusi bəyanatla çıxış etməli idi. Aprel ayının əvvəllərində ermənilər Talış kəndində iki qocanı öldürüb, qulaqlarını kəsmişdilər. Deyirdilər ki, guya bu hərəkəti Azərbaycan edib. Ermənilərin addımı Azərbaycan xalqına qarşı nifrəti gücləndirmək üçündür ki, barış baş tutmasın. Onlar bunu şüurlu şəkildə taktika kimi həyata keçirmək istəyirlər. Bunlar öz qocasının, əsgərinin başını, qulağını da kəsə bilər. Bununla həm öz vətəndaşında nifrət yaradır, həm də dünyanı inandırır ki, sağ qalmaları üçün azərbaycanlılarla birgə yaşamalı deyillər.

Bu doktrinanı Petrosyan birinci dəfə idi ki, açıq tekstlə bəyan etdi. Dedi ki, silahlanmalıdırlar və fəaliyyətlərini bu istiqamətdə qurmalıdırlar. Bu, əslində, Azərbaycanın indiyə qədər dediklərində nə qədər haqlı olduğunu göstərdi. Ermənistanın indiki rəhbərliyinin faşist dünyagörüşünə sahib olduqlarının təsdiqidir.

 

Mən Petrosyanın açıqlamasından sonra bizim peşəkar diplomatların reaksiyasını görmədim. Çox müsbət hal idi ki, Xarici İşlər Nazirliyi Ermənistanın eks-baş naziri Qrant Baqramyanın “Ermənistanın nüvə silahı var” açıqlamasına reaksiya göstərdi. Amma eks-prezident səviyyəsində verilən bir açıqlamaya münasibət bildirilmədi. Petrosyanın fikirləri keçmiş baş nazirin dediyindən də təhlükəli açıqlama idi. Azərbaycan bunu tutub gərək bütün dünyaya çağırış edəydi. İndi mən “Xarici İşlər Nazirliyi yaxşı elədi susdu” deməliyəm?! Biz həmişə XİN-i tənqid edirik. Bu isə onların xoşuna gəlmir. Mənim Elmar Məmmədyarovla şəxsi mənada heç bir problemim yoxdur. Onun əsli bizim rayondandır. Amma düşünürəm ki, Azərbaycanda daha çevik, hazırlıqlı xarici işlər nazirinə ehtiyac var. O, siyasi baxımdan tam hazırlıqlı bir kadr olmalıdır.

 

- Yəqin  Elmar Məmmədyarovu tam hazırlıqlı kadr kimi görmədiyinizə görə, bu fikri səsləndirirsiniz...

 

- Hesab edirəm ki, ölkədə kadr siyasəti həyata keçirilməlidir. Bir çox yeni kadrlar cəlb olunmalıdır, rotasiyalar olmalıdır. O cümlədən də XİN sistemində ciddi dəyişikliklər aparılmalıdır. Mən Elmar Məmmədyarovu təkcə öz fəaliyyətinə görə tənqid etmirəm. Bizim səfirlərimizin çoxu səfirlik binalarını özlərinin biznes ofisinə çeviriblər. Onlar demək olar ki, heç nə ilə məşğul olmurlar. İldə bir dəfə Respublika Gününü qeyd edirlər və bununla işlərini bitmiş hesab edirlər. Bir dəfə səfirimizin birindən soruşdum ki, siz gündəlik mətbuatı oxuyursunuz? “Yox, biz yaşadığımız ölkənin dilini bilmirik” dedi. O səfirin adını çəkmək istəmirəm, həmin adamla çörək kəsmişəm, yaşlı bir insandır. O mənə dedi: “Burda həftəlik ingilis dilli qəzet çıxır, yalnız onu alıb oxuyuram”.

 

Dəhşətə baxın, Azərbaycanın Avropanın aparıcı ölkələrinin birindəki səfiri o ölkənin gündəlik mətbuatını oxumur. Dedim ki, yerli dili bilən birini səfirlikdə işə götürmək çox çətindir? O, gündəlik mətbuatın xülasəsini hazırlayıb sizə verə, siz də onu oxuyasınız. Bu cür səfirliklərdən iş tələb olunmur ki, onlar hansı işlə məşğuldurlar.

Mən etiraf edim ki, vicdanlı, çox bacarıqlı səfirlərimiz də var. Amma böyük əksəriyyəti mütəmadi olaraq Azərbaycanla bağlı yazılar dərc etdirmirlər. Baş redaktorlarla görüşmürlər.

Biz təəssüf ki, bunları görürük. Mən Azərbaycanın NATO Parlament Assambleyasındakı üzvüyəm. Ora üzv olan ölkələrin nümayəndələrindən Azərbaycan səfirlikləri ilə təmaslarının olub-olmadığını  soruşuram. Əksəriyyəti deyir ki, yoxdur.

 

Buna görə də, mən tənqid edirəm. Tənqidimdən ola bilsin bu fikrə düşənlər var ki, burada hansısa bir qərəz var. Ancaq qətiyyən belə deyil. Mən ümumiyyətlə, hökumətin bir çox istiqamətlərdəki siyasəti ilə bağlı tənqidi fikirlər səsləndirirəm.

- AXCP ilə Müsavat Partiyası arasındakı buzlar heç cür ərimək bilmir. Səbəbini nədə görürsünüz?

- Guya onlar barışsalar, nə mənası olacaq? İndiyə qədər AXCP ilə Müsavat 50 dəfə bir araya gəlib, sonra ayrılıblar.

 

- Əli Kərimlinin əsas tənqidçilərindən birisiniz. Bu da sifariş kimi başa düşülür.

 

- Əli Kərimli ilə bağlı son vaxtlar nə zaman tənqid səsləndirdiyimi xatırlaya bilmirəm. Əvvəllər, ayrılan zaman çox kəskin tənqid edirdim. Hesab edirəm ki, Əli Kərimli sözün həqiqi mənasında bitmiş bir siyasətçidir. Ona nə Azərbaycan siyasətində, nə də xaricdə kimsə inanır. Onun üçün istənilən vaxt heç bir siyasi və insani dəyər deyilən bir şey yoxdur. O, Napoleonun Taleyranı kimi bir insandır. Əli Kərimli istənilən vaxt dost dediyi insanları belə, sata bilər. Aprel hadisələrində də bəlli oldu ki, o, stabil mövqeyə malik olmayan biridir. Onun Azərbaycan siyasətində ciddi uğur qazanması mümkün deyil.

 

- Bəs  özünüzü siyasi uğur pilləsinin hansı mərtəbəsində görürsünüz?

 

- Millət vəkili kimi ölkəmiz üçün əlimdən gələni edirəm. Əlbəttə, mən düşünmürəm ki, bizim partiya ölkənin siyasi həyatında ciddi uğurlara imza atıb. Ancaq hər halda parlament partiyasıyıq. Özüm də Azərbaycanı 10 ildir ki, NATO Parlament Assambleyasında təmsil edirəm.

Bu qurumun tribunasından da ölkəmizin haqlı mövqeyi ilə bağlı çoxsaylı çıxışlarım olub. Çoxlu fərdi görüşlər həyata keçirmişəm. Əminəm ki, bizim partiyamız nə zamansa ciddi uğurlara imza atacaq.

Mən demirəm ki, bu, mənim liderliyimlə olacaq. Amma nə zamansa bu, baş tutacaq. Çünki bizim partiya hər zaman reallıqları nəzər alıb. Reallığı başa düşmək uğur qazandırır.  Reallığı anlamamaq  isə “Don Kixotluq”dur.

 

- Məmurlarla münasibətləriniz varmı?

 

- Əlbəttə ki, var. Mənim nazirlərlə, Prezident Administrasiyasındakı yüksək ranqlı məmurlarla təmaslarım var. İstədiyim odur ki, bütün siyasi partiyaların belə imkanları olsun. İstəyirəm ki, onların nəinki məmurlarla, hətta prezidentlə görüşmək imkanları olsun. İstərdim ki, yeri gələndə prezidentlə siyasi partiya rəhbərlərinin görüşsünlər.

 

- Nazirlərlə əlaqələriniz var, bu əslində normaldır. Amma nədənsə daha çox sizin fövqəladə hallar naziri Kəmaləddin Heydərovla olan əlaqələriniz üzərində diqqət cəmlənir.

 

- Dəfələrlə bəyan etmişəm ki, Kəmaləddin Heydərovla şəxsi əlaqələrim var. O, bizim qonşu kənddəndir. Prezidentin ən sadiq tərəfdarlarından biridir. Mənim başqa nazirlərlə də münasibətlərim var.

 

- Amma fövqəladə hallar naziri ilə şəxsi münasibətləriniz “Qüdrət Həsənquliyev və onun partiyası Kəmaləddin Heydərov tərəfindən kurasiya olunur” fikirlərinə yol açıb.

 

- Bu, cəfəngiyyatdır. Kəmaləddin Heydərov heç zaman şəxsiyyətinə sığışdırmaz ki, hansısa formada yaxın münasibətdə olan adama “sən get filan mövqeni sərgilə” desin. Kəmaləddin Heydərov belə bir davranışı özünə yaraşdırmaz. İkincisi, mən onunla təmasda olduğum müddətdə bir dəfə də olsun belə bir şey sezməmişəm. O kimdənsə, nəsə ummur, belə bir istəyi yoxdur. Kəmaləddin Heydərov bizimlə qonşu kənddəndir. Mənim qardaşım Culfada onun atası ilə birlikdə işləyib. Ailələrimiz bir-birini tanıyır.

 

Bəzən məqsədyönlü şəkildə bizim əlaqələr həddindən artıq şişirdilir. Onun öz mövqeyi, mənim öz mövqeyim var. Yeri gələndə, hökuməti tənqid edirəm, yeri gələndə dəstəkləyirəm. Doğru-düzgün bildiyim addımları atıram. Münasibətlərin olması bizim siyasi fəaliyyətimizə hər hansı formada təsir etmir.

 

- Belə başa düşdüm ki, çox nazirlərlə təmaslarınız var. Bəs sabiq MTN şefi Eldar Mahmudovla da əlaqələriniz var idimi?

 

- Bəli. Düzdür, onunla çox təmaslarım olmayıb. Amma bir dəfə bir məsələ ilə əlaqədar Eldar Mahmudovla görüşüm olub. Bəlkə də, azsaylı nazirlər var ki, mənim onlarla heç təmasım olmayıb. Hətta Elmar Məmmədyarovla da üz-üzə gələndə salamlaşırıq.

 

- Eldar Mahmudovla niyə görüşmüşdünüz?

 

- Mən nazirlərlə onların işi ilə əlaqədar olaraq görüşürəm. Eldar Mahmudovla nazirliyin fəaliyyəti ilə bağlı görüşmüşdüm. Məni narahat edən məsələləri onun diqqətinə çatdırmışdım. Detallarına ehtiyac görmürəm, amma bir daha vurğulayıram ki, görüşüm nazirliyin fəaliyyəti ilə bağlı idi. Bəzən təmaslarım vətəndaşların problemləri ilə də bağlı olur. Görüşəndə çalışıram ki, məsələnin həllinə yardımçı olum. Şikayətləri nazirin diqqətinə çatdırırsan ki, məsələni şəxsən özü nəzarətə götürsün. Çalışırıq ki, insanların problemlərinin həllinə yardımçı olaq.

 

- Eldar Mahmudovla görüşdən sonra bizə demədiyiniz o problem həllini tapdımı?

 

- Hər halda, düşünürəm ki, o problem dərinləşmədi.

 

- Bu sualı bilmirəm cavablandıracaqsınız, yoxsa yox. Cavab verəsiniz də sağ olun, verməsiniz də. Eldar Mahmudov bir insan kimi sizdə hansı təəssüratı yaratdı?

 

- İnsanlara onların fəaliyyətinə görə qiymət verilməlidir. Mənim onunla görüşə getməyimin səbəbi o nazirliyin fəaliyyəti ilə əlaqədar idi. Ondan qabaq isə mətbuatda tənqidi çıxış etmişdim. Bildirmişdim ki, İŞİD-ə bu qədər insan qoşulur, onun qarşısını ala bilmirik. Ona görə ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti daha çox sahibkarları nəzarətdə saxlamağa yönəlmişdi. Hazırda “MTN işi” ilə bağlı istintaq gedir. Kimin günahı nədirsə, öz cəzasını alacaq.

 

- Azərbaycanda məhkəmə sistemi bəzən ədalətli qərarlar çıxarmır. Hüquqşünas kimi təklifiniz nədir?

 

- Azərbaycanda “Andlı iclaslar” institutu tətbiq edilməlidir. Hakimlərin, vəkillərin, sayı artırılmalıdır. Vəkillərin sayı ən az 10 dəfə artırılmalıdır. Bundan başqa,  hakimlərin maaşları ən azı 10 dəfə qalxmalıdır. Hakimlər minimum 10 min manat maaş almalıdır. Biz bunu etməsək, təsəvvürümüzdəki ideal məhkəmə sistemi olmayacaq. Bütün bunlarla yanaşı, ölkədə siyasi islahatlar aparılmalı, çoxpartiyalı sistem gücləndirilməlidir.

 

Ölkə parlamentli respublika modelinə keçməlidir. Kompleks konstitusion islahatlar aparılmalıdır. Biz, ölkədə yeni bir respublika qurmalıyıq.

 

- Qüdrət müəllim, televizoru açıq qoyduğunuza görə, arada səsini eşidirəm. Xarici kanaldır və ingiliscə danışılır. Deyəsən, ingilis dilini yaxşı bilirsiniz.

 

- Çalışıram ki, ingilis dilində olan verilişlərə çox qulaq asım. Rəsmi iclaslarda çıxış etməyə cəsarət etməsəm də, kluarlarda ingiliscə istənilən mövzuda ünsiyyət saxlaya bilirəm. Rus dilini isə universitetdə oxuduğum illərdə daha yaxşı bilirdim. Çünki bütün dərsliklər rus dilində idi. İndi ingilis dilində qulaq asıram ki, qulağım öyrəşsin. Dil belə şeydir ki, onu istifadə etməsən, unudacaqsan.

 

- Cəsarət edib rəsmi iclaslarda ingilis dilində çıxış edəcək səviyyəyə nə zaman çatacaqsınız?

 

- Rəsmi iclaslarda yazılı çıxışlar etmişəm. Biz Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının üzvü olduq. Mənim iclasda ingilis dilində təqdimatım oldu. Amma sözsüz ki, çıxışım əvvəldən yazılmışdı. Sual-cavab hissəsində yerdən ingiliscə sual verirdilər, mən də ingilis dilində cavablandırırdım. Orada oturanların çoxu ingilis dilini mükəmməl bilmədiyinə görə, danışığımı başa düşürdülər. Təqdimatı və ya rəsmi bir çıxışı ingiliscə etmək səviyyəsində cəsarətli deyiləm. Gələcəyi bilmək olmaz.

 

- Mütaliəyə vaxtınız qalırmı?

 

-Son vaxtlar bədii ədəbiyyat oxumağa vaxtım olmur. Amma müxtəlif siyasi ədəbiyyatları oxuyuram, mətbuatı izləyirəm. Xəbərlərə qulaq asıram. Daha çox vaxtımı deputat kimi insanlarla görüşmək alır.

 

- Azərbaycan ədəbiyyatını yəqin ki, tələbəlik illərində oxumuşunuz. Kimləri bəyənirsiniz?

 

- Mən zamanında Azərbaycan yazıçılarının əksəriyyətini oxumuşam. Çalışıram ki, gənc yazarları da izləyim, oxuyum. Sözün doğrusu,  Azərbaycan ədəbiyyatında xüsusi fərqləndirdiyim yazıçı yoxdur.  Bəyəndiklərimdəm biri Əkrəm Əylisli olub. O da axırda bütün millətə başucalığı gətirməyən addım atdı.  Özünün də, keçmişinin də üstündən xətt çəkdi. İnsanlara, onu istəyənlərə, mənəvi sarsıntı, əzab yaşatdı.

 

- Seçiciləriniz Naxçıvanda siz, Bakıda. Onlarla görüş çətin olmur?

 

- Orada mənim köməkçim var, insanları qəbul edir. Sizə açığını deyim ki, bizim parlamentdə də təəccüblənirlər. Deyirlər ki, niyə Naxçıvandan bu qədər az şikayət daxil olur? Naxçıvanda qaz, işıq, su problemi yoxdur. Naxçıvandan şikayətlər müqayisə olunmayacaq dərəcədə azdır. Təsəvvür edin, ay ərzində Naxçıvandan 5-6 müraciət daxil olur. Çoxu köməkçimə müraciət edir.

 

- Özümü şəxsi sual verməkdən saxlaya bilmirəm. Övladlarınız nə işlə məşğuldur?

 

- Biri qızım, bir oğlum var. Hələ məktəblidirlər. Çox yaxşı oxuyurlar. Məktəbi bitirməklərinə hələ 2 il var. Amma sınaq imtahanlarında 600-dən yuxarı bal toplayırlar. İngilis, rus dillərini gözəl bilirlər. Ümid edirəm və çalışıram ki, onlar gələcəkdə öz sahələri üzrə yaxşı mütəxəssis olsunlar. Ən başlıcası bu ölkə üçün yaxşı vətəndaş olsunlar. HəyYat yoldaşım da həkimdir.

 

Söhbətləşdi: Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu