Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin üzvü Azay Quliyev Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zan Yannianla görüşüb.
Bu barədə Modern.az saytına qurumun mətbuat xidmətindən məlumat verilib.
Səfir Zan Yannian Çin Xalq Respublikasında ictimai sektorun inkişaf tarixi və perspektivləri haqqında məlumat verərək bildirib ki, onun ölkəsində rəsmi qeydiyyatdan keçmiş 260 min QHT fəaliyyət göstərir. Azərbaycanda QHT qanunvericiliyi, QHT-hökumət münasibətlərinin tənzimlənməsi və QHT-lərin dövlət büdcəsindən maliyyələşdirilməsi təcrübəsilə bağlı bir sıra məsələlər haqqında məlumatların onun üçün əhəmiyyətli olduğunu bildirən səfir bu yöndə Şura sədrilə fikir mübadiləsi aparılmasının vacibliyini vurğulayıb.
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı dövlət siyasətinin prioritetləri barədə danışan Azay Quliyev QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasını bir neçə mərhələdən ibarət böyük bir prosesin nəticəsi kimi qiymətləndirib.
A.Quliyev ölkədə QHT qanunvericiliyi paketinin formalaşdırıldığını, son illər QHT-lərin büdcədən maliyyələşdirilməsi nəticəsində ictimai fəaliyyətdə mühüm irəliləyişlərin olduğunu qonağın diqqətinə çatdırıb. Deputat rəhbərlik etdiyi qurumun Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar və diplomatik korpusun təmsilçilərilə əməkdaşlıq əlaqələrini də yüksək qiymətləndirib.
Səfir Z.Yannian QHT-lərə Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq üçün dialoqun davam etdirilməsini faydalı saydığını bildirdi.
Modern.az