Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin sifarişi ilə “Sığorta Nəzarət Sistemi” adlı Proqram Təminatı hazırlanaraq 2010-cu ilin sonunda təhvil verilib və DSNX-də sınaqdan keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, burada məqsəd «Elektron hökumət» layihəsi istiqamətində aparılan işlərdən biri kimi sığortaya dövlət nəzarətinin informasiya texnologiyaları tətbiq edilməklə müasir tələblərə uyğunlaşdırılmasını, keyfiyyətinin yüksəldilməsini, həmçinin hesabatların təqdim olunması və təhlili üzrə şəffaflıq prinsipini təmin etməkdir.
Qeyd olunan Proqram Təminatı sığortaçılar (təkrarsığortaçılar) tərəfindən təqdim olunan hesabatların elektron formada operativ və daha keyfiyyətli təqdim edilməsini, kağız daşıyıcılardan istifadənin ləğv olunmasını, hesabatların tərtibi zamanı yol verilən səhvlərin və nöqsanların müəyyən edilməsini, həmçinin hesabatların sığorta nəzarəti orqanı tərəfindən daha mükəmməl və dəqiq təhlil edilməsini, sığortaçıları onların maliyyə sabitliyi və ödəmə qabiliyyətində mövcud olan təhlükə barədə vaxtında xəbərdar edilməsini və qabaqlayıcı tədbirlərin görülməsini təmin edəcək.
Modern.az