Yanvarın 13-də Təhsil Nazirliyində Kənd rayonları üzrə ümumi təhsil və Texniki peşə təhsili şöbələrinin 2010-cu il üzrə görülmüş işlərə dair hesabatları dinlənilib.
Modern.az-ın məlumatına görə, kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov 2010-cu ildə şöbənin əsas fəaliyyət istiqamətləri və əməkdaşlar arasındakı vəzifə bölgüsündən danışıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın icrası ilə əlaqədar istedadlı şagirdlərin Respublika seçim turunun keçirilməsini, iştirakçılar üçün vəsaitlərin hazırlanmasını diqqətə çatdıran şöbə müdiri “Kiçik Akademiya”ların yaradılması istiqamətində görülən işlərdən, ölkəmizin 8 bölgəsində müəyyən edilmiş məktəblərin bazasında xüsusi istedadlı şagirdlər üçün V siniflərin açılması ilə bağlı təşkilati tədbirlərdən də söz açıb.
Texniki peşə təhsili şöbəsinin ötən il ərzində gördüyü işlərə dair hesabatla çıxış edən Namiq Məmmədov şöbənin strukturu, vəzifə bölgüsü, fəaliyyət istiqamətləri haqqında danışıb. Həyata keçirilmiş işləri sadalayan N.Məmmədov peşə təhsili müəssisələrinin işçi və şagird kontingentini, elektron peşə təhsili portalının istifadəyə verilməsini, məzunların işlə təmin olunduğu sahələri nəzərə çatdırıb. N.Məmmədovun verdiyi məlumata görə, son 20 ildə müxtəlif peşələr üzrə ilk dəfə olaraq 9 adda dərslik hazırlanıb.
Peşə təhsili üzrə ən çox tələb olunan ixtisaslar, əmək bazarının öyrənilməsi istiqamətində mühüm işlərin görüldüyünü qeyd edən şöbə müdiri “Peşə məktəblərinin inkişafı”, “Peşə təhsilinin təkmilləşdirilməsi” layihələri çərçivəsində reallaşdırılan tədbirləri də iştirakçıların diqqətinə çatdırıb. N.Məmmədov hesabat-təqdimatında müvafiq sahə ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, “Yaşıl texnologiya üzrə kadr hazırlığı” və “Azərbaycan Respublikasında kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihələri barədə də məlumat verib.
Təhsil naziri Misir Mərdanov hər iki şöbəyə qarşıda duran vəzifələr və bir sıra müvafiq sənədlərin hazırlanması ilə bağlı tapşırıqlar verib.
Modern.az