Modern.az

Sergey Lavrov: "Rusiya ABŞ və Fransa Qarabağa dair razılaşma əldə edilməsinə səy göstərir"

Sergey Lavrov: "Rusiya ABŞ və Fransa Qarabağa dair razılaşma əldə edilməsinə səy göstərir"

Dünya

13 Yanvar 2011, 20:16

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada 2010-cu ilin yekunlarına həsr edilmiş illik mətbuat konfransında deyib: “2010-cu il Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı üçün əhəmiyyətli olub. Bu, ilk növbədə, sərhədlərin qəti mərzlənməsi barədə saziş imzalanmasına aiddir”. (AzərTAc)
Nazirin sözlərinə görə, sərhəd haqqında müqavilə heç də sadə məsələ deyildi, lakin bunu bütün tərəfləri, o cümlədən Rusiyanın Azərbaycan ilə həmhüdud olan müvafiq regionlarını, ilk növbədə, Dağıstanı razı salmaq yolu ilə həll etmək mümkün olub. Diplomat deyib: “Buna görə də 2011-ci ildə bu müqavilənin reallaşacağına, habelə ikitərəfli münasibətlərin daha da dərinləşməsinə dair Rusiya və Azərbaycan prezidentləri arasında dəfələrlə aparılmış danışıqların gedişində əldə edilmiş digər razılaşmaların həyata keçiriləcəyinə ümid edirəm”.
Rusiya XİN-in başçısı beş Xəzəryanı dövlətin Bakıda keçirilmiş sammitinin yekunlarına əsasən Xəzərdə tənzimləmənin sürətləndirilməsi sahəsində ölkələrimizin əməkdaşlığına ümid etdiyini də vurğulayaraq xatırladıb ki, həmin sammit zamanı prezidentlər nərəkimilərin qorunub saxlanması və Xəzərin hüquqi statusu barədə konvensiyanın qəbul edilməsi ilə əlaqədar konseptual problemin həllinə yönəlmiş tamamilə konkret tapşırıqlar verib.
Sergey Lavrov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunaraq bildirib ki, üç həmsədr ölkədən biri olan Rusiya ABŞ və Fransa ilə birlikdə razılaşma əldə edilməsinə səy göstərir. Nazir deyib: ““Üçlükdə” iştirak etməkdən əlavə, ilk növbədə, Prezident Medvedevin şəxsində Rusiya həmsədrlər tərəfindən razılaşdırılmış yanaşmalar məcrasında üç ölkənin – Rusiya, Ermənistan və Azərbaycanın prezidentləri formatında da bu problemin həllini tapmağa çalışmaq üçün özünün Yerevan və Bakı ilə münasibətlərindən də istifadə edir. Prezident Medvedev Bakıdan və Yerevandan olan həmkarları ilə 10-dan çox görüş keçirmişdir. Bu görüşlər arasındakı müddətdə xarici işlər nazirləri də əlaqə saxlayırlar. XİN başçılarının növbəti görüşü yaxın vaxtlarda, elə bu ay keçiriləcəkdir. Biz artıq razılaşdırılmış məsələlərlə müqayisədə sayca az olsa da, daha mürəkkəb olan iki-üç problem barədə ortaq fikrə gəlməyə çalışırıq. Yəqin ki, indiki mərhələdə ən əsas məsələ bu prosesə mane olmamaqdır, çünki BMT, ATƏT kimi təşkilatların tribunaları bu işə cəlb edilməyə başlayan kimi, məsələ dərhal işgüzar müzakirə məcrasından açıq polemika sahəsinə keçir. Bu isə istənilən mövzunun müzakirəsi zamanı mövqelərin yaxınlaşmasına heç də kömək etmir və yalnız yanaşmaların kəskinləşməsinə, tərəfləri antaqonizmə təhrik edir. İndiyə qədər bu cür sindromları əsasən Rusiya Prezidentinin səyləri ilə dəf etmək mümkün olmuşdur, mən özüm bunu şəxsən müşahidə etmişəm: Rusiya Prezidenti Azərbaycan və Ermənistan prezidentlərinin elə bir atmosfer yaratmalarına kömək edirdi ki, bu, belə həlləri tapmağa kömək etsin. Biz öz səylərimizi davam etdirmək niyyətindəyik. Bu səylər barədə biz Vaşinqtondan və Parisdən olan tərəfdaşlarımıza mütəmadi məlumat veririk. Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin hər görüşündən sonra biz həmsədrlər üçün ətraflı brifinq keçiririk. Onlar bizim səylərimizi dəstəkləyir, biz də həmin dəstəyə arxalanaraq bu il əvvəlkindən bir az irəli getməyə çalışacağıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir