Modern.az

Türkiyədə 57 millət vəkili sorğu-suala çəkilir

Türkiyədə 57 millət vəkili sorğu-suala çəkilir

10 İyun 2016, 21:03

Türkiyədə 57 millət vəkili barəsində istintaq başlayıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, onların arasında Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da var.

Türkiyədə konstitusiya dəyişikliyindən sonra 152 deputat barəsində 799 cinayət işinin istintaqının aparılması və icraata götürülməsi ilə bağlı maneələr aradan qalxıb. Bu səbəbdən iyunun 9-da Ədliyyə Nazirliyi 117 cinayət işini müvafiq prokurorluqlara göndərib.

Məlum olub ki, 117 cinayət işindən 94-ü HDP, 16-sı CHP, 3-ü MHP, 4-ü isə AKP millət vəkilləri barəsindədir. Təkcə HDP həmsədri Səlahəddin Dəmirtaşla bağlı 15 cinayət işi var. CHP sədri Kamal Kılıcdaroğlu barəsində isə 5 cinayət işi üzrə istintaq aparılacaq.

Bundan əlavə, Türkiyə parlamenti də 139 deputat barəsində 682 işi Ədliyyə Nazirliyinə göndərib.

Qeyd edək ki, mayın 20-də Türkiyə Böyük Millət Məclisi (TBMM) deputatların toxunulmazlıq hüququnun qaldırılması ilə bağlı konstitusiyaya dəyişiklik layihəsini 376 səs lehinə olmaqla qəbul edib. Prezident Rəcəb Tayyib Ərdoğan sənədi imzalayıb. Bu dəyişiklik terrorçularla əməkdaşlıq edən deputatların toxunulmazlığını aradan qaldıqmağa və onlara qarşı cinayət işi açılmasına imkan verir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı