Modern.az

Qara ulduzlar

Qara ulduzlar

13 İyun 2016, 18:45

Hidayət Elvüsal

Məhəmmədəli dünyasını dəyişdi. Amma bu dünya heç dəyişmədi. Sadəcə olaraq Məhəmmədəlinin dəyişdirdiyi dünya dəyişdi.

Bu yaraşıqlı, güclü, ürəyi sevgi dolu insan, ömrü boyu insanlıq uğrunda çarpışdı. Qalib gəldi. Və günlərin birində «demokratiyanın beşiyi» deyilən ABŞ-da onunla bir avtobusda getmək istəməyən «ağlar» son dayanacaqda onun ayağına döşəndilər. Başlarını qaldıranda göydə qara, parlaq bir ulduz şölə saçırdı – Məhəmmədəli!

Bu yaraşıqlı, qara oğlan boksçu idi. Onu və onun kimiləri aşağılayanları nakauta saldı. Bir zamanlar ona yuxarıdan aşağı baxanlar,  sonda ona aşağıdan yuxarı baxdılar. Çünki, o, ulduz idi. Yalnız ABŞ-da deyil, bütün dünyada parlayan ulduz.

Məhəmmədəli bir həqiqət, ədalət  mübarizi idi.  Vyetnam  müharibəsini protest etdi. Günahsız insanları öldürməyə getmədi. Çünki bu, ədalətsiz müharibə idi və Məhəmmədəli bir müsəlman kimi üzərinə düşəni yerinə yetirdi.

Söhbət yalnız Məhəmmədəlidən getmir. Göy üzünün «qara ulduzları»ndan danışmaq istərdim.

Azadlıq uğrunda bir savaşa çevrilmiş  Mandelanı deyirəm. Ulduz idi. «Ağlar»ın nifrət etdiyi bir dünya   Anjela Devizi, Partisi Lnunba… Çox adlar çəkə bilərəm. İnanıram ki, nə demək istədiyimi anladınız.

Bilirsiniz, dünya bir həqiqəti inkar etməməlidir – caz, pop, rok, rok-en-roll, rep… qaraların dünyaya bəxş etdiyi mədəniyyət nümunələridir.

Və «ağlar dünyası» bu həqiqəti qəbul etməmək üçün dəridən-qabıqdan çıxdı. Mümkün olmadı – Armstronq, Tom Cons, Hyuston, Maykl Cekson… peyda oldu.

Ağlar dünyası şoka düşdü. Həm bu dünya qaraların yaratdıqları ilə pul qazanmağa başladılar.  Qazandılar da! Eynən qaraların  təbii sərvətlərini sümürdükləri kimi!

İdmanda Məhəmmədəli gəldi. Tək deyildi. «Dəmir Maykl» da onunla idi. Kubada Stivenson bir ermənini biabırcasına yerə sərdi. İdman azarkeşlərinin yadında olar. Həmin erməni rinqə titrəyə-titrəyə çıxdı. Stivenson  onu elə vurdu ki,  erməni kənar-müdafiə iplərinə yapışdı. Titrəyə-titrəyə gəldi, titrəyə-tirəyə də əsl erməni obrazı yaratdı.

Dünya ABŞ-a getdi. Məhəmmədəli üçün getdi. Qaraları qəbul etməyən ağlar o qara ulduz önündə diz çökdü. Göy üzünə baxdılar. Göy üzündə o qədər qara və parlaq ulduzlar var ki…

Məhəmmədəli, Mandela, Anjela Devis, Dəmir Mayk, Hyuston, Obama…

Və daha kimlər, kimlər…

Bu dünya başını qaldırıb, göy üzündəki ən parlaq ulduzları gördükcə yer üzü daha işıqlı, daha nurlu olur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir