Modern.az

Azərbaycanlı deputatlardan İrana ETİRAZ

Azərbaycanlı deputatlardan İrana ETİRAZ

14 İyun 2016, 13:37

“Hacı Allahşükür Paşazadə Azərbaycanın görkəmli din xadimir. O cəsarətli şəxsdir və Azərbayanın müxtəlif tarixi hadisələrində öz cəsarətini ortaya qoyub. Bu gün Allahşükür Paşazadə Xamneiyə və İranın digər din xadimlərinə Ermənistanla olan münasibətlərə görə, etiraz məktubu göndərməli və müraciət etməlidir”.

Modern.az-ın xəbərinə görə bu sözləri deputat, BAXCP-nin sədri Qüdrət Həsənquliyev İranla Azərbaycan arasında bağlanmış müqavilələrə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, İranın bugünkü siyasəti Azərbaycana dost siyasət deyil:

“İranın Azərbaycana qarşı yürütdüyü bugünükü siyasət Azərbaycana dost siyasət deyil. İran Ermənistanla dost siyasəti yürüdür. Əgər İran rəsmiləri Güney Azərbaycandakı 30 milyon azərbaycanlının milli kimliyinə hörmət etməyəcəksə, bu məkrli siyasətin acısını dadacaqlar.

Buradan - parlamentdən cənubdakı qardaşlarımıza çağırış və müraciət edirəm: Azərbaycana qarşı bu cür yürüdülən məkrli siyasətə qarşı öz etirazınızı bildirin, öz haqlarınızı tələb edin. İranın Ermənistanla münasibətlərinə, Azərbaycan siyasətinə etiraz edin”.

Spiker Oqtay Əsədov Qüdrət Həsənquliyevin bu çağırışını cavabsız qoymayıb:

“İran müstəqil dövlətdir və necə siyasət yürüdəcəksə, elə də cavab alacaq. Azərbaycan müstəqil dövlətdir və müstəqil xarici siyasəti var. Dövlət bu məsələləri özü tənzimləyir və buna görə narahat olmağa dəyməz”.

Millət vəkili Zahid Oruc da İranla Azərbaycan arasında bağlanmış müqavilələrə bu cür münasibət bildirib:

 "Bunlar əvvəldən də bağlanıla bilərdi. Ancaq Azərbaycan torpaqlarının Ermənistan  tərəfindən işğalı həmin müqavilələrə mane oldu. O zamankı İran rəhbərliyi də bunu Ermənistanla həyata keçirmək istəyirdi.

Ancaq bir məqamı qeyd etmək istəyirəm. Ramazan ayının hansı gündə başlamağının müzakirə olunduğu bir vaxtda İran prezidenti Ermənstanın xarici işlər nazirini qəbul edib. Bu, bizdə narahatçılıq doğurmur. Biz düşünürdük ki, bu dövləti münasibətlərdir. Amma İran prezidentinin Ermənistan prezidentinə salam göndərməsi nə demək idi? Bu o deməkdir ki, Həsən Ruhani İrəvana səfər edəcək. Biz beynəlxalq təzyiqlərin qarşısında hər zaman regionda sülhü  qorumağa çalışırıq. İran prezidentinin məsləhətçiləri bu məsələdə yanlışlığa yol verirlər.

Buradan çağırış etmirəm ki, Ruhani İrəvana səfər etməsin. İran da Türkiyə kimi Ermənistanla sərhədbağlama məsələsini Ermənistan üçün həyata keçirsəydi,Dağlıq Qarabağ münaqişəsinə müsbət töhfə verərdi. Azərbaycanda kimsə iranfobiya ilə yaşamır. İran bizi bəzən İsraillə münasibətlər qurmaqda ittiham edir. Ancaq İsrail İran ərazisini işğal etməyib. 1 milyonun köçkün düşməsində rol oynamayıb. Ancaq düşünürəm ki, İran Azərbaycanla Ermənistan arasında “bərabər” işarəsi qoymamalıdır”.

Spiker Oqtay Əsədov millət vəkilinə belə cavab verib:

“Sənin sözünü yenə kəsmədim. Amma hər yazılan yazıya da inanma. Azərbaycan dövləti var, məsələləri izləyir. Mən inanmıram ki, Ruhani İrəvana səfər etsin”.

Digər millət vəkili Fazil Mustafa da İranın Azərbaycana yönəlik siyasətində korrektələr etməsinin vacibliyini vurğulayıb. O bildirib ki, İran Azərbaycanla Ermənistanı eyni səviyyədə tutmamalıdır:

 “Eyni zamanda fürsətdən istifadə edib Türkiyə ilə viza məsələsini həll etməliyik, Ermənistanın əlinə avantaj verməməliyik”.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi