Modern.az

Regionlarda kənd təsərrüfatının inkişafı üçün tədbirlər görülür  

Regionlarda kənd təsərrüfatının inkişafı üçün tədbirlər görülür   

14 İyun 2016, 20:03

Bu gün Saatlı rayonunda Saatlı Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının açılışı olub. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, açılışda kənd təsərrüfatı naziri Heydər Əsədov, Milli Məclisinin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, kənd təsərrüfatı üzrə mütəxəssislər və fermerlər iştirak edib.

Nazir Heydər Əsədov binanı gəzərək Dövlət Toxum Müfəttişliyinin Diaqnostik kabinetinə, Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətlərinin yerli qurumlarının iş otaqlarına baxış keçirib, kənd təsərrüfatı texnikalarına sürücülük vəsiqəsinin elektron qaydada verilmə prosesi ilə tanış olub. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə mühüm töhfə verəcək.

Daha sonra  “Elektron kənd təsərrüfatı informasiya sistemi”nin təqdimatı olub. 

Həmin gün nazir Heydər Əsədov “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Görüşdə nazir Prezident İlham Əliyevin rəhbərliyi altında son zamanlar kənd təsərrüfatının inkişaf istiqamətlərində həyata keçirilən tədbirlər, qəbul olunan qərar və sərəncamlar, hüquqi və fiziki şəxslərə verilən texnikaların ilkin dəyərinə 40 (qırx) faiz güzəşt tətbiq edilməsi, gübrələrin, o cümlədən Avropanın ən inkişaf etmiş ölkələrinin texnika və texnoloji avadanlıqlarının ölkəmizə gətirilərək fermerlərə güzəştli şərtlərlə verilməsi barədə danışıb, həmçinin aqrar sahədə həyata keçirilən institutsional islahatlar barədə geniş məlumat verib.

Tədbirdə Saatlı, Sabirabad, İmişli, Hacıqabul və Cəbrayıl rayonlarından olan 71 istifadəçiyə lizinqə verilən ümumilikdə 1 530 385,28 manat məbləğində 114 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 562 681,08 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 38 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirmiş və sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı Cəmiyyətin əməkdaşları tərəfindən xidmət göstərilib.

Bildirilib ki, “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olan elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən 5818 istifadəçinin lizinqə götürdüyü 13 020 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına ümumilikdə 68 297 541,59 manat məbləğində güzəşt tətbiq edilib.

Həmin gün pambıq sahələrinə də baxış keçirən nazir Heydər Əsədov, pambığın çıxış vəziyyəti ilə tanış olub. Həmçinin taxıl toxumçuluğu sahələrində taxıl biçini prosesi, təkrar əkinlər, “0” becərmə texnologiyası ilə yaxından tanış olub, fermer və sahibkarlarla fikir mübadiləsi aparılıb.

Sonra nazir Heydər Əsədov Sarıcalar kəndində «MKTİK» MMC innovasiya mərkəzində yeni gətirilmiş kənd təsərrüfatı texnikalarına baxıb. Bildirilib ki, 2016-cı ildə "Aqrolizinq" ASC tərəfindən respublikaya pambıqçılıq üçün 94,69 mln manat məbləğində 127 ədəd müasir pambıqyığan kombayn, 284 ədəd traktor, o cümlədən pambığın becərilməsində istifadə olunan 192 ədəd MTZ-80x markalı traktorlar və 1363 ədəd müxtəlif asılan və qoşulan texnikaların gətirilməsi nəzərdə tutulur. Hal-hazırda onlardan cəmi 13,342 mln manat dəyərində 148 ədəd MTZ-80x markalı traktorlar, 659 ədəd müxtəlif kənd təsərrüfatı texnikaları, o cümlədən 5,920 mln manat məbləğində MTZ-80x markalı traktorlar alınaraq “MKTİK” MMC, “CTS-Aqro” MMC və “Şamo” MMC-nin istifadəsinə verilib. Qalan texnikalar isə cari ilin avqust ayının sonuna kimi respublikaya gətirilərək istifadəyə veriləcəkdir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir