Modern.az

“Avtomobillərin texniki baxışını ləğv etmək lazımdır”

“Avtomobillərin texniki baxışını ləğv etmək lazımdır”

14 İyun 2016, 23:20

“Azərbaycanda avtomobillərin texniki baxışını ləğv etmək lazımdır. Özü də tez bir zamanda. Nə üçün, hansı səbəbdən izah edim. Bu, tək mənim yox, ölkəsinin gələcəyini, düşdüyümüz çətin iqtisadi durumdan çıxmaq istəyən, ağılı başında olan hər kəsin, həm də tək Azərbaycanda deyil, dünya təcrübəsində sınanmış addımdır”. Modern.az saytı xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov öz feysbuk səhifəsində bildirib.

Hüquqşünasın sözlərinə görə Saakaşvili hakimiyyəti dövründə Gürcüstanın İqtisadi islahatların əlaqələndirilməsi üzrə naziri, faktiki olaraq Gürcüstanın iqtisadi sıçrayışını təmin edən bütün reformaların memarı sayılan Kaxa ‪‎Bendukidze də öz müsahibəsində bunu əsaslandırıb: “Ümumiyyətlə polisin vətəndaşlarla kontaktını kəskin azaltmaq lazımdır. Niyə texniki baxışı ləğv etmək çox vacibdir? Ona görə yox ki, bu xalq təsərrüfatına böyük zərər vurur, xeyr. Bu, qəpik-quruş hesabına başa gəlir. Ona görə ki, bu, böyük miqyaslı korrupsiyanın baş verdiyi nöqtədir. Rusiyada hər il on milyonlarla insan, texniki baxış üçün polisə gedir və orada bu korrupsiya əməli baş verir... Məsələn, indi Rusiyada korporativ hüquq islahatı aparılır. Bu rus xalqını heç narahat etmir. Xalqı maraqlandıran yeganə şey yenidən qeydiyyat zamanı növbələr yaranıb-yaranmamasıdır. Korporativ hüquq sahəsində islahat çox vacib bir islahatdır və texniki baxışın ləğv edilməsi ilə müqayisədə ölkə iqtisadiyyatı üçün daha böyük təkan olar. Ancaq texniki baxışın ləğvi 20 milyon ailənin büdcəsinə xeyir verir, bu islahat isə 200 min ailənin. Buna görə də texniki baxışın ləğvinin populist effekti, korporativ hüququn ləğvindən daha çox çoxdur. Bununla hesablaşmaq lazımdır. Texniki baxışın ləğvi yaxşı addımdır, bu heç populizm də deyil, ancaq onun populist effekti daha böyükdür”.

Hüquqşünas deyir ki, bir çox feysbuk istifadəçilərinin yazdıqları müraciətlərdən bəlli olur ki, bu gün Azərbaycanda ‪”texniki baxış” adı altında kütləvi korrupsiya faktları baş verir: “İnsanlardan mənasız olaraq 2-3 qat rəsmi rüsumdan artıq rüşvət alınır və üstəlik minnət də qoyurlar. Əks halda isə süründürməçiliklə üzləşirlər. Ölkəmizdə baş verən bugünkü maddi sıxıntılar dövrü insanların bu cür dələduzluqla soyulması artıq bütün əsəblərin sıradan çıxarılmasına qulluq edir. Antikrizis tədbirləri deyəndə birinci növbədə bu cür insanlara birbaşa toxunan korrupsiya nöqtələri aradan götürülməlidir. Azacıq ağlı olan hakimiyyət bu cür incə məqamlara nəzər yetirər və dərhal tədbir görər. Bu addımdan udan bütöv Azərbaycan xalqı, uduzan isə bir qrup korrupsioner məmur olacaq. Seçim isə ölkə rəhbərliyinindir”.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?