Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,79 faiz artıb. Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
“2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq davam etdirilən tədbirlər nəticəsində 2010-cu il ərzində DSMF tərəfindən əlavə olaraq 160 523 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 800 452 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 55,4 faizi kişi, 44,6 faizi isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığındakı sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 25, 7 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olanların 21,6 faizini 30 yaşa kimi sığortaolunanlar, 22,5 faizini 30-40 yaş aralığında olan sığortaolunanlar, 21 faizini 50-60 yaş aralığında olan sığortaolunanlar, 9,2 faizini isə 60 yaşdan yuxarı olan sığortaolunanlar təşkil edir.
Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
Modern.az