Arxiv
17 Yanvar 2011, 12:22 | MÜSAHİBƏ
Fuad Muradov: "Mən bu sözü deyəndə yaşlı nəsil məndən inciyir, amma buna ehtiyac yoxdur"

Milli Məclisin deputatı Fuad Muradov Modern.az saytının suallarını cavablandırır.

- Fuad müəllim, Azərbaycan Prezident səviyyəsində torpaqlarımızın erməni işğalından azad olunası üçün hərbdən istifadənin istisna olunmadığını dəfələrlə bəyan edib. Siz Avropanın bir çox ölkəsinin parlamentdə bu məsələ ilə bağlı müzakirələrdə iştirak edirsiniz. Onların məsələyə münasibəti necədir?

- Təbii ki, Ali Baş Komandanımızın fikirlərinə əsaslanaraq mən deyə bilərərm ki, Azərbaycan əhalisinin əksəriyyəti Dağlıq Qarabağ məsələsini ən prioritet məsələ kimi qəbul edir. Azərbaycan xalqı bu məsələni ölkəmizin bir nömrəli milli məsələsi sayır. Çıxışlarından da siz hər zaman görürsünüz ki, Ali Baş Komandan üçün bu, ən öndə gedən məsələdir. Prezident bütün gücündən istifadə edərək bu problemin həllinə çalışır. Bu gün Azərbaycanda görülən işlər və Azərbaycanın xarici siyasətində əsas istiqamət Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəlib. İnsanlar ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı maraqlanırlar, BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin Qarabağ məsələsinə necə yanaşması əlbəttə insanları maraqlandıran məsələlərdir.
Bu gün Ermənistan dağıdıcı bir mövqedədir. Bunu artıq əksər beynəlxalq qurumlar bilir. Amma bir fakt da var ki, Ermənistan çalışır ki, indiki status-kvonu saxlasın. Problemin həlli istiqamətində nə Ermənistan tərəfindən, nə də beynəlxalq qurumlar tərəfindən addımlar atılır. Azərbaycan bu istiqamətdə mütəmadi olaraq düşünülmüş addımlar atır. İstər xarici siyasətdə, istər daxili siyasətdə, istərsə də ordumuzun gücləndirilməsi, büdcəmizin artması bir daha Azərbaycanın gücündən xəbər verir. Cənab Prezident çox aydın şəkildə çıxışında səsləndirdi ki, bu məsələ yaxın zamanlarda Azərbaycanın ərazi bütövlüyü çərçivısində öz həllini tapacaq. Bəzi qüvvələr var ki, bu məsələni uzadaraq dırnaqarası sülhü saxlamağa çalışırlar. Onların mövqeyincə, sülhün saxlanılması ən mühüm addımlarda biridir. Amma bir qrup da var ki, onlar Ermənistanın işğalçı siyasətini bəyənmirlər. Bir sıra Avropa ölkələrinin parlamentləri bu məsələyə öz mövqeyini bildiriblər. Bir az dərinə getsək, görərik ki, yuxarıda sıraladığım təşkilatların maraqları ilə məsələ bitmir. Burada ayr-ayrı ölkələrin xüsusi yanaşmaları var. Məsələn, Rusiyanı götürək, bu ölkə həm BMT, həm də ATƏT-də aktiv fəaliyyət görstərir. ABŞ-a da həmin sözləri şamil etmək olar. Onların korporotiv maraqları da var. Eyni zamanda həmin ölkələrdə yerləşən insanların da məsələ ilə bağlı fikirləri müxtəlifdir. Rusiyada Azərbaycanın haqlı mövqeyini dəstəkləyən insanlar çoxdur, buna əks olanlar da var. Ona görə, bizim həm xarici siyasətdə, həm də parlament çərçivəsində və beynəlxalq arenada məqsədimiz bu məsələni yalnız gündəmdə saxlamaq deyil, Azərbaycanın bu haqq səsini dünya ictimaiyyyətinə çatdırmaqdır. Bir çox ölkələr var ki, bizimlə müxtəlif sahələrdə əməkdaşlıq edirlər. Hansı ki, bu ölkələr orta mövqe tutmaqla heç bir tərəfi incitməmək siyasəti aparırlar. Deyə bilərəm ki, bu gün Azərbaycan öz müttəfiqlərinə düzgün, dürüst və aydın şıkildə mövqe bildirir. Mənə elə gəlir ki, bu istiqamətdə real işlər də görülüb. Böyük ölkələrin parlamentlərinin mövqeyi o deməkdir ki, artıq onlar da başa düşüblər ki, biz bu məsələyə son dərəcə ciddi yanaşırıq. Azərbaycan bu məsələyə ikili-üçlü yanaşmanı qəbul etmir. Bu, Azərbaycanın uğurudur. Növbəti addımlar Ermənistan siyasətinin iç üzünü göstərməkdən ibarət olmalıdır. Yəni təsəvvür edin ki, Madrid prinsipləri ilə bağlı uzun müddətdir müzakirələr gedir, bir çox detalları müzakirə edilir.
Azərbaycan Madrid prinsiplərini öz tələblərini nəzərə alaraq qəbul edir, beynəlxalq aləmdə vasitəçilər də bunu qəbul edir. Ermənistan isə həmişəki kimi yenə də vaxt istəyir. Əslində isə Ermənistan öz ampluasındadır. Biz təbii ki, başa düşürük Azərbaycan torpaqlarının toxunulmazlığı Azərbaycanın suverenliyidir. Bu torpaqların işğaldan azad olması yalnız Azərbaycanın işidir.  Biz bu addımı beynəlxalq təşkilatlardan gözləmirik. Sadəcə, biz beynəlxalq hüquqa əsaslanaraq istəyirik ki, beynəlxalq təşkilatların mövqelərində vəziyyət olduğu kimi əks olunsun.

- Sizcə, məsələnin həllinin bu qədər uzanması onun unutdurulması üçün məqsədli şəkildə bir oyun deyil ki?

- Sizin sözlərinizdən mən hiss edirəm ki, müəyyən qism  insanlarda yorğunluq var. Onlar artıq eyni informasiya və eyni vəziyyətlə rastlaşırlar. Neçə ildir bu vəziyyət davam edir. Bu da təbii ki, psixoloji olaraq bir çox insanlara, o cümlədən qaçqın və məcburi köçkünlərə pis təsir edir. Mən bir məsələyə toxunmaq istəyərdim. Ola bilsin ki, müəyyən  vaxt keçəndən sonra bu məsələnin dərinliyində olan insanların sayı azala bilər. Ancaq o fikirlə razı ola bilmərəm ki, bizdən sonra gələn nəsil işğal altında olan ərazilərimizi bizi qədər istəməyəcək. Dağlıq Qarabağ və ətraf rayonlar təkcə bir ölkənin bir hissəsi deyil, torpaqdı, təbiətdi və hətta 20% yox, 0.5% da torpaq işğal olunsaydı belə, bu, Azərbaycanın yenə də bir nömrəli məsələsi olacaqdı. Ona görə öncə gələcək nəsillərə düzgün istiqamət verilməlidir. Mən bəzi fikirlər eşidirəm ki, “orda bizim bulaqlarımız, meşələrimiz var idi”. Hətta işğal olunan yerlərdə heç bir ağac da bitməsə, bulaq olmasa belə, bu, ölkənin inkişafına çox mənfi təsir göstərən bir amildir. Azərbaycanın suveren dövlət olaraq öz xəritəsini qoruyub saxlamalıdır. Belə münaqişələr dünyada çoxdur. Hətta bir çox ölkələr var ki, bölünür və s. Bu gün elə ölkələr var ki, təkcə öz xəritəsinin deyil, həm də insanlarının şüurunun davasını eləyirlər. İnsanın milli mənsubiyyətini möhkəmləndirən əsas xüsusiyyətlərdən biri də onun ölkəsidir. Bu baxımdan biz bu məsələyə gərək hamımız bu mövqedən yanaşaq. Heç vaxt biz torpaqlarımızı unuda bilmərik. Necə unuda bilərik, axı insanın bir orqanı yoxdursa, onu necə yaddan çıxara bilərsən? Burda məsələ Azərbaycanın suverenliyi, ərazi bütövlüyüdür. Məsələ belə qiymətləndirilməlidir.

- Müharibəyə hazırıqmı?

- Biz sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq. Bu tezis bütün dünyada var. Bu gün bizim ordumuz məncə buna tam hazırdır. Biz tez-tez həbri hissələrdə oluruq, insanların bu məsələyə yanaşmasını öyrənməyə çalışırıq. Hətta biz qaçqın və məcburi köçkünlərlə danışıqlarımızda onlar bildirirlər ki, “çox sağ olsun cənab Prezident bizə hər cür şərait yaradıb, normal yaşayırıq. Ancaq yenə də biz öz dədə-baba torpaqlarımıza qayıtmaq istərdik”.
Xüsusən yaşlı insanlar bildirirlər ki, çox istəyirlər öləndə öz yurdlarında dəfn olunsunlar. Hansısa bir Avropa adamı üçün bu yanaşma adi görünə bilər. Amma vaxtılə Avropa da bu prosesi keçib və bu səviyyəyə çatıb. Götürək Almaniyanı, İngiltərəni onlar da torpaq uğrunda dəfələrlə belə problemlər yaşayıblar.  Amma bu, ideal deyil. Avropa Birliyinin tarixçəsi çox azdır. Deyək ki, Sovet İttifaqının 70 yaşı vardı, amma Avropa İttifaqının bu qədər yaşı da yoxdur. Mən düşünürəm ki, bu məsələlərdə əsas amil milli mənsubiyyət məsələsidir. Vətəndaşlıq və insanın öz torpağına bağlılıq məsələsidir. Axı bu günki müstəqil Azərbaycanın qurulması, ərazi bütövlüyünün qorunub saxlanması asan olmayıb. Biz 1918-ci ildə artıq bu problemi yaşamışıq. Biz bu taleyi yenidən yaşamamaq üçün bir qarış torpağımızdan ötrü belə vuruşlamalıyıq. Təbii ki, müharibə yolu da istisna deyil. Hazırda biz avropalılarla da işləyirik. Biz insanların fikirlərini onlara açıq deyirik. Bildiririk ki, Azərbaycan xalqının vətənə bağlı olması, torpaqları uğrunda canından belə keçməyə hazır olduğunu bilə-bilə, siz çalışırsınız ki, orta mövqedə qalasınız. ABŞ-da da artıq insanlar anlayıblar ki, ermənilər Qarabağ məsələsində özlərini necə aparırlarsa, ABŞ-da da özlərini elə aparırlar. Filan səfirin təyinatı, fılan qubernatorun seçilməsi ilə əlaqədar onlar həmişə istəyirlər ki, öz istəkləri nəzərə alınsın. Mənə elə gəlir ki, ABŞ administrasiyası artıq bunu dərk edib. Amerika bir qrup erməninin əlində qala bilməz. Konkret olaraq Ermənistan diasporunun Amerikadakı fəaliyyətini deyə bilərik. Heç bir dövlət öz tərkibində yalnız  şəxsi maraqları üçün çalışan belə bir qrupa göz yuma bilməz. Hər bir dövlətin öz maraqları olmalıdır.

- Sizcə, ABŞ Cənubi Qafqazda “ölməyib ki?”

- Bu yaxınlarda Diplomatik Akademiyada Azərbaycanla bağlı bir kitabın təqdimatı oldu. Universitet alimi cənab Prikoronun kitabının təqdimatı idi. Bu kitabda Azərbaycanın müstəqillik günündən bu günə kimi olan bir dövr əks etdirilib. Bununla bağlı bizim diskussiyalarımız oldu. Mən dedim, “sizə elə gəlmir ki, Amerikanın marağı Azərbaycanda, eləcə də MDB ölkələrində azalıb. Bəlkə bu, yeni administrasiyanın daha çox yerli məsələlərlə məşğul olması ilə bağlıdır?”. O da öz cavabında bildirdi ki, “burada biz fikirləşməməliyik ABŞ-ın Azərbaycanda hər hansı bir problemi yoxdur. Sadəcə olaraq yeni administrasiyanın əsas prioritet istiqaməti MDB ölkələri deyil. Onun əsas prioroteti daxili məsələdir”. Çünki artıq orada insanların iqtisadi məsələlərlə bağlı narazılıqları var. Bu, Barak Obamanın yeni yanaşmasıdır. İkincisi, Yaxın Şərqdə olan məsələlərin həllidir. Yəni bunu biz elə qəbul eləməməliyik ki, Amerika Azərbaycan münasibətləri yaxşı deyil, sadəcə olaraq deyə bilərəm ki, Barak Obama administrasiyasının siyasi baxışıdır. Burada hansısa qeyri-adilik axtarmaq lazım deyil. Mən də bu fikirlə razıyam ki, hər bir hökumətin öz prioritet məsələsi olmalıdır.

- Milli Məclisin Aqrar komitəsinin sədri Eldar İbrahimov müharibə başlayacağı təqdirdə döyüşə gedəcəyini bəyan edib. Digər parlamentarilərin məsələyə münasibətindən xəbərdarsınızmı?

- Bilirsiniz, müharibə axı təkcə səngər deyil. Bu məsələdə mənə elə gəlir ki, Milli Məclisdə hər kəsin öz yanaşması mövcuddur. Nümunə olaraq addımlar atılmalıdır. Mən hesab edirəm ki, gənc nəslin arasında da belə fikirli insanlar çoxdur. Biz öz vətənimizi qorumalıyıq. Məncə, bu ümumiyyətlə hərbi vətənpərvərlik  deyil, bu vətənpərvərlikdir.

- Yeri gəlmişkən, sizcə, indi dünyada siyasət iqtisadiyyatı yönəldir, yoxsa əksinə?

- Bu, təkcə Azərbaycanla bağlı deyil, dünyada mövcud olan məsələdir. Məncə, iqtisadiyyat bütün hallarda olmasa da, bir çox halda siyasəti formalaşdırır.

- Milli Məclisin Ekologiya, energetika və təbii ehtiyatlar komitısinin üzvü kimi Xəzərlə bağlı danışıqları necə qiymətləndirirsiniz?

- Xəzər dənizi ilə bağlı hazırki vəziyyət, Azərbaycanın bir neçə təşkilatlarla əlaqəsini nəzərə alsaq, deyə bilərəm ki, Azərbaycanı qane edir. Təbii ki, buna müxtəlif yanaşmalar var. Biz nə edə bilərik ki, İranın, Türkmənistanın 5 il öncə mövqeyi başqa idi, indi tamamı başqadır. Bunu təbii ki, biz planlaşdıra bilmirik. Bu, qəliz məsələdir. Mənə elə gəlir ki, Xəzərdə hər bir ölkənin işləmək, fəaliyyət göstərmək üçün imkanı var. Məni narahat edən məsələ Xəzərin ekoloji cəhətdən  qorunmasıdır. Xəzərin statusu ilə bağlı müzakirələrdə əsas məsələlərdən biri də ekoloji problemlərdir. Ekoloji məsələnin tarazlığı və qorunması təkcə Azərbaycanın işi olmamalıdır. Bu, bütün dünyanın işi olmalıdır. Məncə, Xəzər bu gün təkcə ekologi məkan deyil, həm də iqtisadi bir məkandır. Bu baxımdan bütün ölkələrdə məncə ekoloji yanaşma eyni olmalıdır.

- Güclü iqtisadiyyatı olan Azərbaycan siyasi məsələlərdə diqtə edə bilirmi?

- Bunun üçün öncə dünyanın iqtisadi və siyasi mənzərəsinə diqqət etmək lazımdır. Bu gün Azərbaycanın əsas fəaliyyət istiqaməti belədir ki, iqtisadiyyatı güclü, qüvvətli olan dövlət hər şeyə qadirdir. Bu fikrin əsası Ulu Öndərimiz tərəfindən qoyulub, hazırda da cənab Prezidentimiz tərəfindən davam etdirilir. Yəni güclü dövlətin qarşısında belə məsələlərin həlli ləngiyə bilməz. Təbii ki, biz iqtisadiyyat deyəndə bunu çox aşağı səviyyəyə salmamalıyıq. Böyük layihələrdən danışırıq. İqtisadi güc həm də hərbi gücə keçrilir. Bu da yeni texnologiyanın istehsalına gətirib çıxarır. Fikir verin, əksər müharibələr yeni texnologiyaların tətbiq edilməsi ilə həll olunur. Əlbəttə ki, Ermənistan əhalisi bu real vəziyyəti yaxşı dərk edir. Fərqi təhlil etmək lazım deyil. Biz Avropada olarkən görürük ki, ermənilər müxtəlif ölkələrə köçürlər.

- Bütün bunlardan sonra “Necəsən Azərbaycan vətəndaşı?” sualına necə cavab verərdiniz?

- Bu gün Azərbaycan vətəndaşı çox qısa zamanda müstəqillik qazanmış ölkənin insanıdır. İnsanların rifahı gündən-günə yaxşılaşır. Artıq Azərbaycan vətəndaşının öz gələcəyini planlaşdırmağa imkanı çatır. Deyə bilmərəm bu 100%-dir. ABŞ-da da 43 milyon insanın yaşayışı yoxsulluq həddindədir. Əslində bu, çox böyük rəqəmdir. Danılmazdır ki, Azərbaycanda da bəzi problemlər mövcudur. Vəziyyətlə bağlı narazılıq bildirən insanlar da var. Amma bu faiz nisbətində həm MDB, həm də Şərqi Avropadan azdır. Həm də biz düşünürük ki, gələcəkdə bu inkişaf sürətini daha da artıraq. Biz buna inanırıq. Bu istiqamətdə çalışırıq. Vətəndaşlarımız da yeni, müstəqil Azərbaycanın qanunlarını tam qəbul etməlidirlər. Bu gün artıq bir çox problemlər öz həllini tapıb. Odur ki, hər bir vətəndaş bu şəraiti qoruyub saxlamalıdır. Bu gün mübahisə etmədən deyə bilərəm ki, Azərbaycan vətəndaşının vəziyyəti yaxşıdır.

- Fuad müəllim, Azərbaycan gənci necədir?

- Azərbaycan gənci də təbii ki bu gün çox fəaldır. Mən bu sözü deyəndə yaşlı nəsil məndən inciyir, amma buna ehtiyac yoxdur. Bu məqama toxunaraq demək istəmirəm ki, kimsə kimdənsə aşağıdır və gələcəkdə uğuru daha çox ola bilər. Məncə hazırda gəncin əhatə mühiti daha genişdi, nəinki yaşlı insanların. Buna biz normal yanaşmalıyıq. Əvvəllər ən yaxşı halda dövlət qurumlarında 10 nəfərdən 3 nəfəri gənc olardı. Onu da qeyd edim ki, gənclərlə bağlı  fəalllıq Heydər Əliyevin vaxtında başlamışdı. İlk dəfə gənc nazir müavininin təyin olunması, parlamentə Yeni Azərbaycan Partiyası tərəfindən gənc insanların irəli çəkilməsinə hələ Ulu Öndərin vaxtında start verilmişdi. Amma bu gün biz görürük ki, dövlət orqanlarında çalışan 10 nəfərdən ən azı 7-si gəncdir. Bu, normaldı. Yeni elm-texnikanın inkişafı baxımından, rəqəmsal mühitin genişlənməsi baxımından yeni gənc mütəxəssislər yetişir. Mənim yadımdadır ki, hardasa 1998-99-cu illərdə xaricdə olanda görərdik ki, orada bir-iki azərbaycanlı tələbə təhsil alır. İndi isə azərbaycanlı tələbələr dünyanın bir bir universitetlərində oxuyurlar. Bu baxımdan həm Azərbaycan daxilində, həm də xaricdə gənclərin imkanları çoxdur. Bu gün Gənclər Təşkilatları Milli Şurasına üzv gənclər birliklərinin sayı 70-dən çoxdur. Azərbaycanın bütün regionlarında biz tədbirlər keçirmişik. Bu gün digər təşkilatlar da bizim yolumuzu davam etdirirlər. Rayonlarda idman komplekslərinin tikilib gənclərin istifadəsinə verilşməsi və digər məsələlər inkişafdır. Əgər əvvəllər bu baxımdan problemlər mövcud idisə, artıq indi belə problemlər mövcud deyil. Bütün bu inkişafı, yenilikləri görmək lazımdır. Bunun üçün çox əziyyətlər çəkilib, bunun üçün insanlar vaxt sərf ediblər. Artıq həqiqəti dərk etmək istəməyən müxalifət qəzetləri də başa düşməlidirlər ki, onlar da xalqa kömək edib, bu işlərdə yaxından iştirak etməlidirlər. Sadəcə, bütün ölkələdə problemlər mövcuddur. Bu gün Azərbaycan gənci Azərbaycan hökumətində mühüm rol oynayır. Bunu necə görməmək olar. Gedin baxın, müxalifət gənclərin başlarını aldadaraq, onları düzgün yoldan yayındırır. Haqqımızda çox yazırlar. Hətta müxalifətyönlü bəzi gənclər təşkilatları bizdən Avropa gənclər təşkilatlarına  şikayətlər də edirdilər. Bu, o zaman idi ki, biz Avropada Qarabağ məsələsini qaldırmışdıq. Bunlar isə “danos” yazmışdılar ki, biz Azərbaycanda bütün gəncləri əhatə etmirik. Hesab edirəm ki, gənclərimizi bu istiqamətə kökləyənlər Azərbaycanı da düşünnməlidirlər.

- Yanvarın 31-də rəhbərlik etdiyiniz Milli Şuranın 15 yaşı tamam olur. Bununla bağlı nələr planlaşdırılır?

- Milli Şuranın inkişafında rol oynayan bütün insanları yubiley tədbirimizə dəvət edəcəyik.

Anar RÜSTƏMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə rusiyalı jurnalistlər SAXLANILDI 4 Dekabr 2020, 15:50 Komandir - VİDEO 4 Dekabr 2020, 15:44 Millət vəkilindən azad edilmiş ərazilərə dair maraqlı TƏKLİFLƏR 4 Dekabr 2020, 15:38 Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər  4 Dekabr 2020, 15:32 Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:20 UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! 4 Dekabr 2020, 15:15 Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK 4 Dekabr 2020, 15:13 Səttar Möhbalıyev: Şəhidlərə ehtiramımız sonsuzdur! 4 Dekabr 2020, 15:10 “Türk əsgəri olduğu torpağa həmişə sülh gətirib” - Deputat 4 Dekabr 2020, 15:05 “Şəhidlərimizin qanı nahaq yerə tökülmədi” - Mehriban Əliyeva 4 Dekabr 2020, 15:00 LAÇIN-düşmən üzərində tam Qələbə! 4 Dekabr 2020, 14:55 Naftalanda Vətən müharibəsi şəhidləri yad edildi - FOTO 4 Dekabr 2020, 14:50 Nəqliyyatçılar şəhidləri yad ediblər - VİDEO 4 Dekabr 2020, 14:45 Şuşa qalasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 14:40 Gəncədə şəhidlərin xatirəsi anılıb - FOTO 4 Dekabr 2020, 14:34 Azərbaycan Ordusunda şəhidlərin xatirəsi anıldı - VİDEO 4 Dekabr 2020, 14:28 Trampın qızı prokurorluqda ifadə verdi 4 Dekabr 2020, 14:22 “Ədalət Vəliyev Prezidentin siyasi kursuna uyğun olaraq partiyalarla yüksək səviyyədə iş qura bildi” 4 Dekabr 2020, 14:16 Təhsil naziri şəhid olan müəllimlərlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 14:10 Rasim Musabəyov: “Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...” 4 Dekabr 2020, 14:04 Rusiyalı jurnalist Amin Musayevin həyatını necə xilas etdi? - TƏFƏRRÜAT 4 Dekabr 2020, 13:58 Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ 4 Dekabr 2020, 13:52 Ceyhun Bayramov şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 13:46 Heydər Əliyev Fondunun dəstəyi ilə Əbədi zirvə” musiqi kompozisiyası hazırlandı - VİDEO 4 Dekabr 2020, 13:40 Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı 4 Dekabr 2020, 13:34 “Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur” - QMİ sədri 4 Dekabr 2020, 13:28 Bizim Əsgər - Tək övladını döyüşə göndərən ANA: “Özümü hər cür xəbərə hazırlamışdım” - MÜSAHİBƏ 4 Dekabr 2020, 13:22 “İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam 4 Dekabr 2020, 13:16 Ermənistan əhalisinin 45%-i Paşinyanın istefasını tələb edir – SORĞU 4 Dekabr 2020, 13:10 Şənbə günü hava necə olacaq? 4 Dekabr 2020, 13:05 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə enəcək 4 Dekabr 2020, 13:00 Sahibə Qafarova anım günü ilə bağlı paylaşım etdi 4 Dekabr 2020, 12:55 Şəhidlərin ruhuna vəhdət namazı qılındı - FOTO 4 Dekabr 2020, 12:50 Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək... 4 Dekabr 2020, 12:44
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?