Modern.az

“De-yure”dən “de-fakto”ya zəfər yürüşü

“De-yure”dən “de-fakto”ya zəfər yürüşü

Aktual

15 İyun 2016, 16:02

Rafael Cəbrayılov,
Milli Məclisin deputatı

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri çoxsaylı olduğu qədər də çoxşaxəlidir. Onun xidmətləri içərisində bir müstəsna xidməti var ki, digər xidmətlərinin fövqündə dayanır. Heydər Əliyevin bu xidməti de-fakto Azərbaycan Respublikası adlı dövlətimizi qurmasıdır. Düzdür, 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdanda Azərbaycanın indiki coğrafi ərazisində Azərbaycan Respublikası adlı dövlət vardı. Hətta BMT-yə üzv də qəbul edilmişdi. Amma əslində Azərbaycanda siyasi özfəaliyyət dərnəyi səviyyəsində bir qurum vardı. Azərbaycan xalqı vətəndaş müharibəsinin astanasında, Azərbaycan dövləti isə süqutun ərəfəsində idi. Azərbaycan gəncləri faktiki olaraq parçalanmış, müxtəlif qanunsuz silahlı birlışmələrə cəlb edilərək üz-üzə qoyulmuşdu. Azərbaycanın ərazi bütövlüyü nəyinki pozulmuş, hətta  müxtəlif “dövlətciklərə” parçalanmışdı. Belə ki, respublikamızın cənub bölgəsində separatçı Əlikram Hümbətov 7 rayonu əhatə edən qondarma “Talış-Muğan Respublikası” adlı “dövlət” yaratmışdı. Respublikamızın şimal hissəsini əldə etmək uğrunda isə sadvalçılar geniş fəaliyyətə başlamışdılar. Məqsəd respublikanın şimal hissəsini Dağıstana birləşdirmək idi. Gəncəbasar bölgəsi Surət Hüseynov tərəfindən obrazlı şəkildə desək “özəlləşdirilmişdir”. Dağlıq Qarabağda isə torpaqlarımızın müdafiəsi sadəcə teleyin ümüdinə buraxılmışdı. Elə bunun da nəticəsində Dağlıq Qarabağ və ətrafındakı daha 7 rayon ermənilər tərəfindən işğal edilmişdi. Məsul dövlət vəzifəsi tutan məmurlar məsuliyyətsiz və delitant bəyanatlarla Azərbaycanı qonşu dövlətlərlə müharibə vəziyyətinə gətirmişdilər. Azərbaycan iqtisadiyyatı tamamilə dağıdılmışdır ki, bunun da nəticəsində əhalinin yoxsulluq səviyyəsi 49 % təşkil edirdi. Qonşu dövlətlərin, habelə fövqəl dövlətlərin geosiyasi maraqlarını nəzərə  alsaq, Azərbaycanın necə bir təhlükə ilə üz-üzə qaldığını təsəvvür etmək çətin deyil. Artıq Azərbaycan müstəqil dövlət kimi süquta uğramanın ərəfəsində idi. Yaxşı halda isə onun ərazisində bir neçə xırda “dövlətciklər” yarana bilər, ya da Azərbaycan vassal dövlətə və yaxud başqa bir güclü dövlətin forpostuna çevrilə bilərdi. Bu gün forpost nümunəsini Ermənistanın təcrübəsində görürük. Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla bu təhlükələrin qarşısını böyük məharətlə aldı.

Hüquqşünaslar yaxşı bilirlər ki, “de-faktoya” əsaslanmayan və ondan qaynaqlanmayan “de-yure” boş bəyanatdan başqa bir şey deyil. İyunun 15-dən başlayaraq sonrakı dövr ərzində Heydər Əliyevin fəaliyyətini “de-yuredən” “de-faktoya” doğru zəfər yürüşü kimi xarakterizə edə bilərik. Çünki Azərbaycan dövləti bütün daxili və xarici təhlükədən qurtuldu. Azərbaycan xalqı real vətəndaş müharibəsi təhlükəsindən xilas oldu.

Bu gün Azərbaycanın müstəqil daxili və xarici siyasətyeritməsi, regionun ən güclü dövlətlərindən birinə çevrilməsi Heydər Əliyevin 15 iyun 1993-cü ildən başlayan fəaliyyətinin məntiqi nəticəsidir. Bütün bunları və yeni tariximizin hələ yaddaşlardan silinməyən reallıqlarını nəzərə alaraq 15 iyun Qurtuluş günün Azərbaycan xalqı üçün möhtəşəm tarixi bir gün olduğu şəksizdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir