Modern.az saytı xəbər verir ki, yanvarın 17-də Gəncə şəhər Polis İdarəsində 2010-cu ilin yekun hesabatı keçirilib. Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev bildirib ki, Gəncə polisinin fəaliyyəti sayəsində şəhərdə kriminogen vəziyyət sabitdir və cinayətlərin sayında azalma müşahidə olunur. Bunu göstəricilər də sübüt edir. Ötən il ərzində Gəncə şəhərində 579 cinayət faktı qeydə alınıb. Bu cinayət işlərinin 96.3%-i yəni 557 faktın üstü isti izlərlə açılıb.
Nizami rayonunda 307 fakt, Kəpəz rayonunda 270 fakt qeydə alınıb. Bu faktların açılma faizləri isə müvafiq olaraq 97.3% və 95.2% olub. Hesabatda söylənilib ki, ötən il 32 yol nəqliyyatı hadisəsində 11 nəfər dünyasını dəyişib. 50 xuliqanlıq faxtı ilə bağlı cinayət işi qeydə alınıb. İl ərzində şəhərdə 53 oğurluq hadisəsi baş verib. Nəticədə 6 və 7 nəfərlik 2 mütəşəkkil cinayətkar dəstə zərəsizləşdirilib. Bundan əlavə əhalidən qanunsuz saxlanılan 4 avtomat, 12 tapança, 5 tüfəng 20 qumbara, 11 fişəng, 1281 ədəd müxtəlif çaplı patronlar və digər silah sursatlar aşkar edilərək götürülüb.
Ağır cinayətlərə gəlincə isə rəis bildirilib ki, ötən il şəhərdə 12 nəfər öldürülüb. Bütün faktların üstü isti izlərlə açılıb. Şəhərdə asayişin bərpasından danışan Rasim Musayev deyib ki, 2010-cu ildə asayişin pozulması ilə bağlı 145 fakt qeydə alınıb.
Tədbirdə deyilib ki, şəhər Polis İdarəsinin İnsan alverinə qarşı Mübarizə idarəsi ilə apardığı birgə əməliyyatlar zamanı şəhərdə 3 əxlaqsız yuva aşkar edilib. 4 nəfər insan alveri ilə məşğul olmaqda şübhəli bilinərək həbs edilib. İl ərzində 70 kq qurudulmuş marixuana, 130 kg yaş marixiuana 1 kg-a yaxın heroin, 500 qram həşiş, 1 kg-a yaxın tiryək, dövriyyədən çıxarılıb. Narkotik dövriyyəsi ilə əlaqədar olaraq 87 fakt üzrə cinayət işi qaldırılıb və 100 nəfər saxlanılıb.
Dələduzluq hadisələrinə gəlincə ötən il bu istiqamətdə 55 fakt qeydə alınıb və 178-ci maddə ilə açılan cinayət işləri üzrə 4 nəfər saxlanılıb. Axtarışda olan 184 nəfərdən 75%-i yəni 139 nəfəri il ərzində tapılaraq istintaqa cəlb edilib.
İtkin düşənlərin sayı 73 nəfər olub ki, onlardan 73%-i yəni 54 nəfəri tapılaraq yaxınlarına təhvil verilib. Tədbirdə söylənilib ki, bu yüksək göstəricilər həm də polisə yaradılan şərait və göstərilən qayğının nəticəsidir.
Xatırladılıb ki, təkcə ötən il şəhər polisinin sərəncamına 70 ədəd müxtəlif təyinatlı avtomobillər verilib. Şəhərdəki asayişin bərpasında göstərdiyi xidmətlərə görə 494 nəfər polis pul mükafatları və rütbələrlə mükafatlandırılıb. Müsbət tərəflərlə yanaşı hər bir işdə olduğu kimi mövcud noqsan və çətinliklərdən də danışılıb. Bildirilib ki, polis adına yaraşmayan hərəkətlər etdiyinə, işində nöqsanlara yol verdiyinə görə 4 nəfər polis əməkdaşı işdən azad edilib. 147 nəfərə isə inzibatı qaydada xəbərdarlıq edilərək cəzalandırılıb.
Xaliq Qurbanov