Modern.az

Latviya və Azərbaycan arasında sənədlər imzalanıb

Latviya və Azərbaycan arasında sənədlər imzalanıb

Təhsil

17 Yanvar 2011, 17:38


Latviyada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yanvarın 17-də Latviya Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere ilə birgə Riqa şəhərində “Azadlıq” abidəsini ziyarət edib. (AzərTAc)

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirilib.
Latviya Prezidenti Valdis Zatlers Azərbaycanın dövlət başçısına məlumat verib ki, latış xalqının azadlıq rəmzi olan bu abidə 1935-ci il noyabrın 18-də ucaldılıb. Latviya 1918-ci ildə məhz noyabrın 18-də müstəqil respublika elan edilib. 1940-cı ildə Latviya Sovet İttifaqına birləşdirildikdən sonra bu abidənin önünə gül-çiçək qoymaq qadağan olunub. Buna baxmayaraq, latış xalqı milli azadlıq hərəkatlarının, tarixi hadisələrin ildönümünü, repressiya qurbanlarının xatirəsini burada yad edirdi. Keçən əsrin sonunda xalqın yenidən müstəqillik uğrunda mübarizəsi də məhz buradan başlanıb.

Paytaxt Riqada Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin təkbətək görüşü olub.
Görüşdə ölkələr arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin mövcudluğu bildirilib.
Söhbət zamanı Azərbaycan ilə Latviya arasında əlaqələrin Avropa İttifaqı çərçivəsində əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Yanvarın 17-də Riqada Azərbaycan-Latviya sənədlərinin imzalanma mərasimi olub.
Dövlət başçıları İlham Əliyev və Valdis Zatlers “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə bəyannaməsi”ni imzalayıblar.
“Azərbaycan Respublikasının Hökuməti ilə Latviya Respublikasının Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Latviyanın daxili işlər naziri xanım Linda Murniese imzalayıblar.
“Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə qarşılıqlı inzibati yardım və informasiya mübadiləsi haqqında saziş”i Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Latviyanın Gəlirlər üzrə Dövlət Agentliyinin baş direktoru xanım Nelija Jezdakova imzalayıblar.

Riqada Azərbaycan-Latviya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin birgə mətbuat konfransı olub.
Dövlət başçıları bəyanatlarla çıxış edib, jurnalistlərin suallarına cavab veriblər.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir