Modern.az

“Putin Qarabağdakı atəşkəsi uzatmağa çalışır”

“Putin Qarabağdakı atəşkəsi uzatmağa çalışır”

20 İyun 2016, 16:27

“Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda görüşü başlamamış Kreml artıq Azərbaycana mesaj göndərib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin bu gün Sankt-Peterburq şəhərində keçirilən görüşünün əsas məqsədi kimi hərbi əməliyyatların bərpasından sığortalanmaq olduğunu göstərib”.

Modern.az-ın xəbərinə görə, bunu Dmitri Peskovun açıqlamasını şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib  ki, indiki vəziyyətdə Putin münaqişənin deyil onun həllini uzaqmaqda israrlıdır:

“Bəs münaqişənin həlli? Təəssüf ki, mənim Sankt-Peterburq görüşü ilə bağlı proqnozlarım doğrulmaqdadır.

Hazırki mərhələdə (bu mərhələnin nə qədər uzanacağını kimsə bilmir) Putini münaqişənin həlli yox, atəşkəsin ömrünü uzatmaq düşündürür. Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmadan atəşkəsin ömrünü uzatmaq status-kvonun ömrünü uzatmaq deməkdir.

Status-kvonun ömrünün uzanması isə işğalçının maraqlarına uyğundur. Putin topu bizim meydana atır. Ya biz bu topu götürüb qol vurmağa çalışmalıyıq, ya da müdafiədə paslaşmalıyıq”.

Xatırladaq ki,  bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin danışıqlarının əsas vəzifəsi Qarabağda hərbi əməliyyatların bərpasından sığortalanmaqdır.

Onun sözlərinə görə, münaqişə ətrafında zorakılığın bərpasından əvvəl əldə edilmiş nəticələrin itməsinə yol vermək olmaz.

Peskov, həmçinin əlavə edib ki, danışıqlar çətin olacaq:

 

“Rusiya prezidenti ayrı-ayrı görüşlər keçirəcək. O, əvvəlcə Ermənistan prezidenti Serj Sarkisyanla, daha sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb, müzakirələr aparacaq. Daha sonra üç tərəfin iştirakı ilə müzakirələr keçiriləcək və prezidentlər birlikdə nahar edəcəklər”.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?